Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan hərbçiləri tərəfindən həyata keçiriləcək
Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Xatırladaq ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum imzalamışdılar.
Qeyd edək ki, Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-da açılış mərasimi keçirilib.
Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.