“Forward” nəşri dünyanın müxtəlif ölkələrində faşistlərə və nasistlərin əlaltılarına qoyulmuş heykəllərin siyahısını dərc edib
Amerikada çıxan “Forward” nəşrində dünyanın müxtəlif ölkələrində faşistlərə və nasistlərin əlaltılarına qoyulmuş heykəllərin siyahısı dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Forward” nəşrinin apardığı ilkin təhqiqata görə, Holokost dövründə yəhudilərin və digər milli azlıqların nümayəndələrinin qətlə yetirilməsində bilavasitə iştirak etmiş adamlara Birləşmiş Ştatlarda və bütün dünyada yüzlərlə abidə ucaldılıb, onların büstləri qoyulub.
Mərkəzi və Şərqi Avropadan olan nasist kollaborasionistlər bu abidə və büstlərin uçotunu onların Üçüncü Reyxdəki müttəfiqləri kimi dəqiq aparmayıblar, bu da onların qurbanlarının dəqiq sayının müəyyən edilməsini çətinləşdirir.
Belə insanları və onların təşkilatlarını Holokostun təqsirkarları adlandırmaq düz olar, çünki onlar belə adlandırılan “Yəhudi məsələsinin qəti həlli”ndə danılmaz rol oynayıblar. Onlar yəhudiləri həbs edir, bu insanları cəza düşərgələrinə göndərir və ya Şərqi Avropanın meşələrində və çöllərində qətlə yetirirdilər.
Yanvarın 27-də, Holokost qurbanlarının beynəlxalq anım günündə “Forward” nəşrində tarixdə ilk dəfə olaraq, nasistlərin əlaltılarının və Holokostun icraçılarının heykəllərinin siyahısı dərc edilib. Bu siyahıda dünyanın üç qitəsindəki 16 ölkədə “Yəhudi məsələsinin qəti həlli”ni həyata keçirmiş insanları və təşkilatları təmsil edən 320 abidə və küçə adları sadalanıb.
Heç kəs heyrətlənməməlidir ki, bu siyahıda aparıcı ölkələrdən biri kimi Ermənistanın da adı var.
Məqalədə göstərilir ki, 2016-cı ildə Ermənistanın paytaxtı Yerevanın mərkəzində millətçi Qaregin Njdeyə (1886-1955) böyük bir abidə qoyulub, Yerevanın bir küçəsinə və mərkəzi meydanına Njdenin adı verilib. Məlum olduğu kimi, Njde Erməni legionunu nasistlərin sərəncamına verib. Bu əsgərlər Qafqazda, Krımda və Fransada Üçüncü Reyxə xidmət ediblər. Gümrüdə, Qafanda və Ermənistanın daha 17 yaşayış məntəqəsində də Njdeyə heykəllər qoyulub. Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə bu nasist əlaltısının büstü qoyulub və bir küçəyə onun adı verilib. 2003-cü ildə Qafanda da bir küçəyə Njdenin adı verilib və onun memorialı yaradılıb.