Alman tarixçi Ermənistanın Qarabağı ilhaq etmək barədə xülyalarını tənqid edib

A- A A+

Alman türkoloq, nəsimişünas Mixael Raynhard Hess “Ermənistanın müharibəyə reaksiyası” adlı məqalə dərc etdirib. Müəllif bu məqalədə Cənubi Qafqaz regionundan baş vermiş hadisələrə öz münasibətini şərh edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Hess bu məqalədə qısa tarixi ekskurs edib, 1918-ci ildə Rusiya imperiyasının süqutundan sonrakı ilk illərdə regionda ilk Ermənistan və Azərbaycan respublikalarının yaranması mövzusuna toxunub. Tarixçi alim qeyd edir ki, Qarabağ həmin gündən Azərbaycanın tərkibinə daxil olub. Bununla əlaqədar o, erməni tarixçilərinin irəli sürdükləri, region sovetləşdiriləndən sonra Ermənistanın guya Qarabağı “itirməsi” barədə tezisini kəskin tənqid edir.

Qarabağda və Zəngəzurda Andranik Ozanyanın başçılıq etdiyi erməni quldur dəstələri tərəfindən müsəlman əhaliyə qarşı soyqırımı törədilməsindən yazan tarixçi alim vurğulayır ki, Azərbaycan Xalq Cümhuriyyəti illərində Qarabağ onun tərkibinə daxil idi və Qarabağın general-qubernatoru Xosrovbəy Sultanov (1879-1947) olub. 1921-ci ildə Cənubi Qafqaz sovetləşdiriləndən sonra Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun qərarı ilə Qarabağ Azərbaycanın tərkibində qalıb, bölgənin yuxarı hissəsinə muxtariyyət verilib.

Mixael Raynhard Hess erməni tarixçilərinin tezisini tənqid edərək yazır: “Mən “Ermənistan heç bir səbəb olmadığı halda Dağlıq Qarabağı itirib” frazasını anlamıram”.

Müəllif vurğulayır ki, əslində hər şey əksinə olub: Ermənistan heç vaxt ona mənsub olmamış Dağlıq Qarabağı necə “itirə” bilərdi.

Hessin qənaətinə görə, realist düşüncəli, bircə zərrə ağlı olan hər bir insan bilməlidir ki, Ermənistan heç vaxt Qarabağı ilhaq edə bilməyəcək. Ermənilərin “itirilmiş” və ya Azərbaycan ərazisində “qalmış” hesab etdiklərini mənimsəmək üçün hər hansı cəhdi hər iki tərəfin üzləşdiyi, onsuz da həddən artıq uzanmış mənasız, dəhşətli ölümlər zəncirini daha da uzadar.

Alman alim sonda ritorik sual verir: keçmişdən indiki dövrə yeni müharibələr gətirmək əvəzinə gələcək naminə sülh yolu tapmağa çalışmaq yaxşı olmazmı?

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: