Kolumbiya televiziyasında Azərbaycanla bağlı reportaj yayımlanıb - VİDEO

A- A A+

Kolumbiyanın “Impacto Mundo” telekanalında və kanalın internet resurslarında bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi əsasında Azərbaycan haqda “Qafqaz nəhəngi qara qızılı insan qızılına çevirir” adlı reportaj efirə gedib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Reportajda Azərbaycanın coğrafi yerləşməsi, karbohidrogen ehtiyatları ilə zəngin olması, paytaxt Bakının turistik məkanları, o cümlədən Miniatür Kitab Muzeyi, Bayraq meydanı kimi yerləri haqda izləyicilərə məlumat verilib, şəhərimizin göz oxşayan mənzərələrindən ibarət kadrlar nümayiş etdirilib.

Daha sonra Azərbaycanın müstəqillik yolu, 20 Yanvar faciəsi, ölkəmizin müstəqillik əldə etməsi, Ermənistanın 30 ilə yaxın davam etmiş təcavüzü və Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağa olan iddiaları haqda danışılıb. Bildirilib ki, regionda davamlı sülh və tərəqqiyə nail olunması üçün Ermənistan qonşularına qarşı ərazi iddiaları və təcavüzkar siyasətindən əl çəkməli olduğunu anlamalıdır.

Qonşu Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti nəticəsində ölkənin son 30 ilə yaxın bir dövrdə yüksək iqtisadi inkişaf əldə etdiyi, ölkədə “qara qızılın insan qızılına çevrilməsi” prosesinin uğurla həyata keçirildiyi vurğulanıb. Ölkəmizin ən vacib sərvətinin Azərbaycan xalqı olduğu, əhalisinin əksəriyyətinin müsəlman olmasına rəğmən, bütün dünyada demokratikliyi və dünyəvilik ənənələri ilə seçildiyi deyilib, qadınların tarixən və günümüzdə ölkənin ictimai-siyasi həyatındakı fəal rolundan bəhs edilib, eyni zamanda, qadınların Azərbaycanda bir sıra yüksək vəzifələrdə təmsil olunduğu qeyd edilib.

Sonda Azərbaycanın beynəlxalq birliyin fəal üzvlərindən olduğu, bu xüsusda, hazırda Qoşulmama Hərəkatına sədrlik etdiyi, habelə Latın Amerikası ölkələri ilə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək yönündə çalışdığı bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: