Erməni deputat Qarabağ açıqlamasına görə təhdid edilir

A- A A+

Ermənistan parlamentinin hakim “Mənim addımım” blokundan olan deputatı Anuş Beqolyan Qarabağa dair səsləndirdiyi fikirlərə görə təhdid olunur.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, erməni deputat videoformatda keçirilən konfransda çıxışı zamanı bildirib ki, müharibəni kimin birinci başlatdığını və ya ərazilərin tarixən kimə məxsus olduğunu müzakirə etməyə qayıtmaq səhvdir.

“Çünki bildiyiniz kimi, ermənilər qədim yazıçılara və tarixi icmallara istinad etməkdə ən yaxşısıdır. Buna qayıtmaq istəmirəm, hər iki tərəf 30 ildir bunu edir və bu, müharibəyə gətirib çıxardı. Revanşist və ya digər bəyanatlarla əlaqədar olaraq deməliyəm ki, Ermənistan demokratik ölkədir və millətçi və fərqli motivli qruplar da daxil olmaqla bir çox siyasi qruplarımız var.

Bu qruplar nə istəsə deyə bilər. Ancaq hər kəsi iqtidar partiyası, hakimiyyət, Xarici İşlər Nazirliyi, Baş nazirlik ofisi, parlamentin bəyanatlarına qulaq asmağa çağırıram. Həmin bəyanatlarda revanşizmə və ya intiqam almağa yönələn hər hansı hərbi əməliyyatı Ermənistan və erməni xalqının istəmədiyi açıq şəkildə vurğulanır", - deyə deputat qeyd edib.

O əlavə edib ki, rus sülhməramlılarına gəlincə, onların artıq burada olduqlarını qəbul etmək vacibdir:

"Onları buraya gətirən nə olursa olsun, bu gerçəyi dəyişdirə bilmərik. Onlar buradadır.
Və onlar artıq beş il burada olacaqları üçün azərbaycanlılar da qayıtmaq istəsələr, Dağlıq Qarabağdakı ermənilər və azərbaycanlılar üçün təhlükəsiz həyat təmin etməyə çalışmalıyıq. Bu səylərin müvəffəqiyyətindən asılı olaraq biz ya daha beş il xarici əsgərləri burada görəcəyik, ya da bölgədə təhlükəsizlik və sabitlik əldə edəcəyik”.

Bu açıqlamadan sonra deputata qarşı təhdidlər başlayıb. Bu gün keçirilən aksiyada parlamentin yaxınlığındakı zibil qutularına "Anuş Beqloyan - türklərin kənizidir” – yazılmış vərəqələr yapışdırılıb, onun ölkədən çıxarılması tələb olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: