“France Inter” radiosu Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərindən reportaj hazırlayıb - FOTOLAR

A- A A+

“France Inter” radiosu Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərindən reportaj hazırlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, verilişdə erməni işğalından azad edilmiş rayonlarımızdakı vəziyyət haqqında məlumat verilir, Ağdamdan, Zəngilandan olan köçkünlərin fikirləri təqdim edilir. Jurnalistin olduğu şəhər və kəndlərdən çəkilmiş şəkillər və məcburi köçkünlərlə söhbət radionun internet səhifəsində yerləşdirilib.

Qeyd edilib ki, Birinci Qarabağ müharibəsinin 30 min qurbanı olub və yüz minlərlə azərbaycanlı doğma evindən qovularaq məcburi köçkün həyatı yaşayıb. Həmin köçkünlər tezliklə evlərinə qayıtmaq arzusu ilə yaşayırlar.

Jurnalist əvvəlcə Ağdam haqqında məlumat verərək, Ermənistan silahlı qüvvələrinin onu Dağlıq Qarabağ ətrafında bufer zona kimi istifadə etməsindən, şəhəri yerlə-yeksan etməsindən söhbət açır. Bildirir ki, şəhərdə yalnız ermənilərin hərbi məqsədlər üçün istifadə etdikləri tikili və tövləyə çevrilmiş məscid qalıb. Kabusu xatırladan Ağdamdan çəkilmiş şəkillər radionun internet səhifəsində yerləşdirilib.

“Bu torpaq bizim əcdadlarımızın torpağıdır. Bura bizim Vətənimizdir. Bu torpaq uğrunda mənim üçün ən əziz insanı itirdim. Qızım atasız böyüdü”, - deyə azərbaycanlı məcburi köçkün yaşadığı dəhşətlərdən söz açır.

Zəngilan rayonuna səfər etmiş fransız jurnalist bu rayonun aparılan döyüşlər nəticəsində azad olunduğunu qeyd edir. O bildirir ki, hazırda Zəngilanda yalnız minatəmizləyənlər gözə dəyir.

Zəngilanda döyüşmüş və yaralanmış Qədir jurnalistlərlə söhbətində xalqın Prezident İlham Əliyevin arxasında dayandığını bildirir. O, Prezident İlham Əliyevin qalib Ali Baş Komandan olduğunu vurğulayır: “Birinci Qarabağ müharibəsi zamanı hazırlıqlı deyildik. Ancaq ikinci müharibədə Ali Baş Komandanın yolu bəlli idi və xalq onun qələbəsinə inanırdı. Mən inanırdım ki, biz qısa zamanda qələbə qazanacağıq. Bu qələbədən sonra Prezidentimizə hörmətimiz daha çox artdı”.

Verilişdə ölkənin hər yerində “Qarabağ Azərbaycandır!” şüarının nümayiş etdirildiyi, qəhrəman əsgərlərin şücaətini əks etdirən videoların yayıldığı bildirilir.

Verilişdə mədəniyyət naziri Anar Kərimovun fikirlərinə də yer verilir. O, birgə yaşamağın davamlı həllin tapılması baxımından əhəmiyyətini qeyd edir. “Ermənilərin etdiklərini unutmuruq, ancaq hər iki icmanın barışığına açığıq”, - deyə nazir bildirir.

Sonda qeyd olunur ki, ki, müharibə yaralarının sağalması vaxt tələb edir. Həmçinin yüz minlərlə azərbaycanlı köçkünün qayıdışı, ilk növbədə, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası üçün hələ müəyyən vaxt lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: