Hikmət Hacıyev: Bir tərəfdən işğalı davam etdirmək, digər tərəfdən sülhdən danışmaq qeyri-səmimi yanaşmadır
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır. Hərbi təcavüzə və işğala məruz qalan tərəf kimi bu müharibədən 25 ildən artıqdır ki, ən çox əziyyət çəkən Azərbaycan xalqıdır.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri KİV-in sorğusuna cavab olaraq Ermənistanın baş naziri və onun həyat yoldaşının sülh barədə açıqlamalarını şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: “Ermənistanın Baş naziri “Exo Moskvı” radiosuna verdiyi müsahibədə, onun xanımı isə Moskvada səsləndirdiyi təşəbbüsdə sülh istədiklərini bəyan edirlər. Əgər onlar həqiqətən sülh istəyirlərsə, onda Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsinə son qoymalı, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidirlər. Nəticə etibarilə, işğala əsaslanan status-kvo dəyişdirilməli və hərbi işğal faktı aradan qaldırılmalıdır. Fundamental məsələ budur. Azərbaycan dəfələrlə bəyan edib ki, bu halda regionda davamlı sülh və sabitlik bərqərar ola bilər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların da məğzi və düsturu bundan ibarətdir.
Amma bir tərəfdən işğalı davam etdirmək, işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasətini aparmaq, yüz minlərlə məcburi köçkünün öz doğma evlərinə qayıtmasına imkan verməmək, digər tərəfdən sülhdən danışmaq qeyri-səmimi yanaşmadır, yanlış və süni ictimai təbliğatdan başqa bir şey deyil. Ümidvar olmaq istərdik ki, Ermənistanın yeni Baş naziri və onun həyat yoldaşının bu sülh niyyətləri qeyd etdiyimiz istiqamətlərdə sözdən əmələ doğru reallaşacaq”.