Keçmiş hərbi xunta Paşinyana qarşı müxalifətlə birləşir

A- A A+

Ermənistanda baş verən son proseslər siyasi qarşıdurmanın yeni mərhələsinin başladığını göstərir. Müxalif qüvvələrin Paşinyan iqtidarına qarşı  fəaliyyəti genişlənir və bu xüsusda keçmiş hərbi xunta yenidən önə çıxmağa cəhd edir. Bu məqsədlə keçmiş hərbi xuntanın əsas təmsilçiləri, Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyan bu günlərdə müxalifət partiyalarının liderləri ilə görüşüblər.

Görüş müxalifətdən baş nazir postuna vahid namizəd Vazgen Manukyanın ofisində keçirilib. Görüşdə Manukyanla yanaşı, “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Sarukyan və “Daşnaksütyun”un ali orqanının nümayəndəsi İşxan Saqatelyan da iştirak ediblər. Əsas müzakirə mövzusu Paşinyanın istefasına nail olmaq məsələsi olub.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə müxalifət partiyaları tərəfindən etiraz aksiyaları başlayıb. Lakin Paşinyanı istefaya məcbur etmək mümkün olmayıb. Bununla belə, əvvəllər Paşinyanın növbədənkənar seçkilərin keçirilməsi barədə təşəbbüsünə qarşı çıxan müxalif düşərgə tədricən növbədənkənar seçkiyə meyl edir, lakin seçkidə  Paşinyanın iştirakına qarşı çıxır.

Erkən seçkilərin keçirilməsi xüsusən Sarkisyan-Koçaryan koalisiyasının maraq dairəsindədir. Belə ki, artıq Koçaryan keçiriləcəyi təqdirdə erkən seçkidə iştirak edəcəyini bildirib. O, müsahibəsində seçkilərdə qalib gələcəyinə əminliyini də ifadə edib. Bununla bərabər, Koçaryan hakimiyyəti təhdid etməyi də unutmayıb. Bildirib ki, müxalifət siyasi mübarizə yolu seçib, amma bir müddət sonra proseslər gedişatı dəyişdirə bilər: “Ermənistanda etiraz fəallığı bu yaz arta bilər. Hakimiyyət müxalifətin əvvəldən siyasi mübarizə metodlarını seçdiyinə sevinməlidir. Siyasi proseslərə ümid ölsə, bütün proses başqa bir kanala çevriləcək. İkinci inqilab ölkə üçün problemli olacaq. Ancaq hakimiyyət dəyişikliyinə gedən siyasi yol ümidi tükənsə, yazda insanlar yenidən küçələrə axışacaq və etiraz dalğası əvvəlkindən daha güclü olacaq”.

Sabiq dövlət başçısının nöqteyi-nəzərindən indiki vəziyyətdə seçkiləri təşkil etmək olduqca təhlükəlidir. Buna baxmayaraq, səlahiyyətlilər bunu anlamırsa və həyata keçirilməsində israr edirsə, müxalifət yenidən diktatorluğun qarşısını almaq üçün seçkidə iştirak etməlidir.

Ümumiyyətlə, əvvəlki illərin təcrübəsini nəzərə alaraq keçmiş hərbi xunta Qarabağ ermənilərinin dəstəyinin də onlar üçün həyati əhəmiyyət kəsb etdiyini yaxşı başa düşür. Bu mənada onların hərbi cinayətkarlar olan keçmiş hərbçilərlə əlaqələri genişləndirməsi, intensivləşdirməsi heç də təsadüfi xarakter daşımır. Əsas niyyət həm də Yerevanda iqtidara qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub hakimiyyəti qəsb etməkdir. Paşinyan isə onlara sərt formada müqavimət göstərəcək ki, bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi deməkdir.

Maraqlıdır ki, artıq kilsə də siyasi proseslərdə müxalifətin yanında yer alır. Bunu bütün ermənilərin katolikosu II Qareginin açıqlamaları da təsdiq edir. Onun sözlərinə görə, Ermənistan heç vaxt belə ağır duruma düşməyib. Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib ki, onların məsələyə yanaşmasında dəyişiklik yoxdur.

Ermənistan müxalifəti erkən seçkilərin Paşinyanın iştirakı olmadan keçirilməsini istəyir. Parlamentin vitse-spikeri Alen Simonyan isə bunu mümkünsüz hesab edir: “Erkən seçkilərin keçirilməsini əvvəlcədən hakimiyyət bəyan edib. Lakin müxalifət bundan imtina edir. Hakim elita seçkinin keçirilməsinə tərəfdardırsa, müxalifət ondan imtina edirsə, bu nonsensdir”.

Bundan əlavə, erməni vitse-spikeri mövcud vəziyyətdə müxalifətin özünü əsas problem adlandırıb. “Çünki o, xalqı təmsil etmir, hansısa keçmiş məmurların maraqlarını təmsil edir, deməli, o yoxdur, bir neçə iri oyunçu var. Xalqın nə iqtidarda, nə də müxalifətdə elə də çox seçimi yoxdur. Bundan əlavə, mövcud hökuməti sevməyən vətəndaşlar hələ də “ən azı köhnələr deyil” məntiqi ilə ona üstünlük verir”  deyə o bildirib. 

Simonyan qeyd edib ki, istər hakimiyyətin, istərsə də müxalifətin sosial sorğularının hamısı Ermənistan əhalisinin 72 faizinin hakimiyyəti dəstəklədiyini göstərir. Onun sözlərinə görə, hakim partiya erkən seçkinin keçirilməsini ilk növbədə əhali üçün təklif edir ki, insanlar bundan sonra necə yaşamağa hazırlaşdıqlarını və nəyi düzgün hesab etdiklərini başa düşsünlər. Hakim komandanın növbədənkənar seçkilər keçirmək istəməsi, amma müxalifətin Paşinyanın seçkidə iştirakını istəməməsi paradoksal vəziyyət yaradıb. “Müxalifət razı deyilsə, deməli, bu seçkidə məğlub olacağını əvvəlcədən bilir. O zaman bu seçkilərin göstərdiyim tezisə görə nə qədər lazım olacağına iqtidar partiyası qərar verəcək”  deyə vitse-spiker bildirib.

Beləliklə, Ermənistanda siyasi ziddiyyətlər davam edir. Hakimiyyətlə müxalifət arasında gərginliyin artması, xüsusən seçkilərlə bağlı mübahisələr, həmçinin keçmiş hərbi xuntanın  Paşinyana qarşı müxalifətlə birləşməsi göstərir ki, perspektivdə ölkəni daha ağır günlər gözləyir.

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: