Fransada “Musulmansenfrance” portalında Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrakın “İslam və müasirlik: Azərbaycan ilk nümunə” sərlövhəli məqaləsi dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Qafqazın mirvarisi olan Azərbaycanda dünyəvilik və tolerantlıqdan, eləcə də ölkəmizdə qadınlara səsvermə hüququ verilməsindən bəhs olunur. Bildirilir ki, ölkəmizdə müsəlman dünyasında son dərəcə nadir fenomeni izah etməyə imkan verən tendensiya var. Belə ki, təriqətlər arasında hər hansı gərginlik yaşanmır. Bunun sirri isə dünyəviliyin yüksək səviyyədə dəstəklənməsidir. Çoxmillətli, çoxmədəniyyətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan bütün dünyada mədəni və dini tolerantlığı ilə seçilir. Konstitusiyasının 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır və bu, Azərbaycan dünyəviliyinin cismini və ruhunu formalaşdırır. Ölkədə bütün etiqadlar və inanclar qanun qarşısında bərabərdir. Azərbaycan dünyanın ən mütərəqqi və dünyəvi İslam ölkəsidir.
Məqalədə Azərbaycanda mədəniyyətə, incəsənətə mühüm yer verildiyi qeyd edilir. Diqqətə çatdırılır ki, ölkəyə turist axınının əsas səbəblərindən biri onun dialoq və dünyaya açıq olmasıdır. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv ölkələri bir araya gətirən “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa verilən önəmdir.
Vurğulanır ki, iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə müəyyənləşdirilən mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi qəbul edilib. Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi edib.