Tacikistan portalında Qarabağda görüləcək işlərdən bəhs edən məqalə dərc olunub

A- A A+

Tacikistanın “faraj.tj” portalı azərbaycanlı diplomat Pərvin Mirzəzadənin ölkəmizin Vətən müharibəsi ilə bağlı materialını dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinə istinadla Qarabağ regionunun təkcə ölkəmizin deyil, Cənubi Qafqazın ən inkişaf etmiş regionuna çevriləcəyi qeyd olunub.

Bildirilib ki, müharibə bitib, ərazilərin minalardan təmizlənməsi prosesi gedir və bu, o qədər də asan olmayacaq.

Müəllif yazır ki, 28 il işğal altında olan torpaqlardakı təbii sərvətlərimiz istismar olunub, dağıdılıb və talan edilib. İndi əsas məsələ ermənilər tərəfindən dağıdılan şəhər və kəndlərin dirçəldilməsi, regionun iqtisadi potensialının yaradılması, ekologiyanın bərpasıdır. Füzuli şəhərində inşa edilən hava limanı, Füzuli-Şuşa avtomobil yolu da daxil olmaqla, regionda mühüm infrastruktur obyektlərinin tikintisinə başlanıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycan faktiki olaraq yer üzündən silinmiş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, yüzlərlə qəsəbə və kəndi qısa müddətdə bərpa etməklə yanaşı, məcburi köçkünlərin doğma yurdlarına qayıtması, normal yaşaması və işləməsi üçün hər cür şərait yaradacaq.

Yazıda vurğulanır ki, Azərbaycanda fəaliyyət göstərən səfirlərin, beynəlxalq təşkilatların nümayəndələrinin Ağdam, Zəngilan və Cəbrayıl rayonlarına səfərləri təşkil olunub, onlar erməni vandallarının işğaldan azad edilmiş torpaqlarımızda törətdiyi vəhşiliyi öz gözləri ilə görüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: