Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində bir sıra qərarlar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, “Naxçıvan Muxtar Respublikasında ictimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” təsdiq edilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin, həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işçilərinin maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsinə dair qaydaların təsdiq edilməsi haqqında qərarlar qəbul olunub. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nda dəyişiklik olunub. Dəyişikliyə əsasən prokurorluq işçisinə onun hər bir ailə üzvünə görə qulluq keçdiyi dövrdə müvəqqəti mənzilin kirayəsi üçün ödənilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.

Bununla yanaşı, 2021-ci il 9 fevral tarixli Qərara əsasən “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və müəllimlərin müsabiqə yolu ilə işə qəbulunun aparılması haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 dekabr tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən kompensasiyanın miqdarı 90 manat məbləğində müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə də dəyişiklik olunub.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə müvafiq olaraq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatlarının əvəzinə verilən müavinətin məbləği 50 manata qaldırılıb, eləcə də həmin şəxslərin dövlət, ümumi təhsil, peşə təhsili, orta iхtisas təhsili, ali təhsil müəssisələrini və AMEA-nı bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin və ya AMEA-nın xərclər smetası hesabına mövsümü paltar və ayaqqabı ilə təmin olunması üçün nəzərdə tutulmuş məbləğ 265 manat müəyyən edilib.

Nazirlər Kabinetinin 2021-ci il 11 fevral tarixli Qərarına uyğun olaraq “İcbari Tibbi Sığorta üzrə “Xidmətlər Zərfi”ndə nəzərdə tutulmayan, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən bir sıra tibbi xidmətlərin haqqı müəyyənləşdirilib. Belə ki, Qərara əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri tərəfindən həyata keçirilən tibbi xidmətlərdən “sürücülük vəsiqəsi üçün tələb olunan sağlamlıq haqqında arayış”ın ödənişi üçün 30 manat, “digər sağlamlıq haqqında arayışlar” üçün isə 15 manat məbləğində vəsait müəyyən olunub. Qərar imzalandığı gündən qüvvəyə minir.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: