BERNAMA agentliyi: Azərbaycanın Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyur

A- A A+

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvanın muxtar respublika elan edilməsinin 97-ci ildönümünə həsr olunmuş məqalə yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycanın Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyur” sərlövhəli məqalədə ötən ilin noyabrında başa çatan İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya və nəqliyyat dəhlizlərinin açılmasının Naxçıvanın yeni inkişafına təkan verən strateji əhəmiyyəti xüsusi vurğulanır.

Qeyd edilir ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni kommunikasiya dəhlizləri barədə qərar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə bəyanatda öz əksini tapıb.

“Avropa və Asiyanı birləşdirəcək Naxçıvan dəhlizi Cənubi Qafqazdan keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tərkib hissəsinə çevrilə bilər. Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək dəhliz bütün regionun inkişafına mühüm təsir göstərəcək”, - deyə məqalədə vurğulanır.

Yazıda Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, əhalisinin sayı, paytaxtı, faydalı qazıntıları və turizm potensialı barədə də ətraflı məlumatlar verilir.

Bildirilir ki, bu il fevralın 9-da bütün dünya azərbaycanlıları xalqımızın ümummilli lideri Heydər Əliyevin doğma vətəni Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümünü qeyd edirlər.

Diqqətə çatdırılır ki, Azərbaycanın müstəqillik yolu 1990-cı illərin əvvəllərində məhz Naxçıvandan başlanıb. Qeyd edilir ki, həmin çətin dövrdə Naxçıvanın xilasında ulu öndər Heydər Əliyevin xüsusi rol oynayıb. Bildirilir ki, Azərbaycanın müstəqil dövlət rəmzləri məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qəbul olunub.

Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi dövrdə Naxçıvanın böyük çətinliklərlə qarşılaşdığı, Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, bu regionun böyük inkişaf yolu keçdiyi vurğulanır. Muxtar respublika rəhbərliyinin və əhalinin böyük zəhməti və fədakar əməyi nəticəsində Naxçıvanın iqtisadi cəhətdən böyük uğurlara imza atdığı, əhalinin rifah halının yüksəldiyi xüsusi qeyd edilir.

“Qədim tarixə, zəngin mədəniyyətə, çoxəsrlik milli ənənələrə malik olan Naxçıvan bəşər sivilizasiyasının beşiyi, Şərqin ticarət, incəsənət, elm və mədəniyyət mərkəzi rolunu oynayıb. Burada tapılan yazılı mənbələr, arxeoloji materiallar Naxçıvanın təqribən 5 min il yaşı olduğunu deməyə əsas verir”, - deyə məqalədə bildirilir.

Xatırladılır ki, Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunub.

Məqalədə Naxçıvanın zəngin turizm potensialı barədə də ətraflı məlumat verilir və malayziyalı səyahətsevərlər bu əsrarəngiz diyara səfərə dəvət olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: