Onlar yenidən müharibə başlayarsa, Qarabağda bir daha döyüşməyəcəklərini deyirlər
Müharibədəki məğlubiyyətdən sonra Ermənistanda baş qaldıran dərin siyasi-ictimai böhran hər keçən gün özünü daha qabarıq şəkildə büruzə verməkdədir.
Digər tərəfdən, getdikcə daha da ağırlaşan sosial-iqtisadi durum bütün sahələrə sirayət etməkdədir.
Ermənistanda insanları narazı salan problemlərin sırasına son vaxtlarda biri də əlavə olunub. Söhbət məğlub ordunun əsgərlərinə fərarilik ittihamı ilə bağlı cinayət işlərinin açılmasıdır. Belə ki, Ermənistan hüquq mühafizə orqanları 44 günlük Qarabağ müharibəsində döyüş meydanından qaçan 10 mindən çox hərbçi barədə fərarilik ittihamı ilə cinayət işi qaldırıb və onların dindirilməsinə başlayıb.
“Joxovurd” qəzeti yazır ki, müharibə zamanı döyüş mövqelərini özbaşına tərk edən və ya qaçan əsgərlər bu günlərdə dindirilməyə çağırılır. Bununla belə, onların barəsində həbs qərarı çıxarmaq müstəntiqlər üçün çətindir. Onlar verdikləri ifadələrində deyirlər ki, müharibəyə yollananda döyüşməyə hazır idilər. Amma göydən od yağdığı, dostlarının göz önündə yanıb kül olduğu bir vaxtda qaçmaqdan başqa yolları qalmırdı. “Bizim başqa yolumuz yox idi, qaçmağa məcbur idik. Nə etməliydik? Ölməli idik?”- deyə onlar bildirirlər. Fərari erməni hərbçilərinin əksəriyyətinin ifadəsi bu məzmundadır.
Onu da qeyd edək ki, müharibə vaxtı Ermənistan ordusunun əsgər və zabitləri arasında çox böyük uçurumun olduğu da üzə çıxıb. Ümumiyyətlə, Ermənistanda zabitlərin əsgərlərə qarşı davranışlarının nizamnamədən uzaq olması məlum idi. Məhz buna görə də qeyri-döyüş şəraitində ölən erməni əsgərlərinin sayı-hesabı yoxdur. “4rd.am” saytı yazır ki, İkinci Qarabağ müharibəsində döyüşlərin birində zabitlərin nizamnamədən kənar davranışına dözməyən əsgərlər qiyam qaldırıblar. Bunun səbəbi hərbi hissənin Karamanyan familiyalı zabitinin əsgərlərdən birini təhqir etməsi olub. Yüzlərlə əsgər onun müdafiəsinə qalxıb və döyüş bölgəsini özbaşına tərk ediblər. Yolda onları komandir saxlayıb və dilə tutaraq geri qaytara bilib. Lakin daha sonra zabitlər döyüşdən imtina edən əsgərləri sıraya düzərək onların arasından 15 nəfərini seçiblər. Hərbi formalarını cırıblar, silahlarını əllərindən alaraq alçaldıblar. Əsgərlərin isə fərarilik etməkdən başqa şansları qalmayıb.
Adı gizli saxlanılan fərari erməni hərbçilərdən biri qeyd edib ki, hakimiyyət müharibədə əsgər ölümlərinin qarşısını almaq üçün tədbir görmək əvəzinə yeni ölümlərə şərait yaratdı: “Hansı əsaslarla biz hərbçiləri Qarabağı qorumağa aparırlar və niyə orada öldürürlər? Bizim ora aparılmağımız tamamilə qanunsuzdu”.
Bu ifadələri dinləyən müstəntiqlər isə çıxılmaz vəziyyətdə qalıblar və hansı qərar çıxarmalı olduqlarını bilmirlər. Ona görə də barələrində cinayət işi qaldırılmış 10 mindən çox hərbçinin taleyi ilə bağlı hansısa qərarın qəbul ediləcəyi hələ aydın deyil.
Bu arada Ermənistan ordusu barədə daha bir biabırçı fakt ictimailəşib. Məlum olub ki, müharibədən əvvəl hərbi xidmətə göndərilənlər üçün formanı onların valideynləri alırmış. Və bu zaman imkanı yaxşı olan valideynlər övladlarına daha yaxşı, keyfiyyətli forma alıb göndərirmişlər. Xatırladaq ki, Ermənistan ordusunda təchizatın bərbad durumda olduğu, hərbi formaların çatışmadığı barədə faktlar əvvəldən də məlum idi. Elə Nikol Paşinyan da demişdi ki, Qarabağda xidmət edən oğlu tez-tez evə zəng vurub yemək istəyir. Çünki hərbi hissədə verilən yeməkləri yemək mümkün deyildi.
Ermənistan ordusunun biabırçı durumda olduğunu göstərən olayların sayı kifayət qədər çoxdur. Bununla bağlı erməni mediası daha bir məqama nəzər salaraq bildirir ki, hərbi hissələrdən birində müharibə vaxtı böyük oğurluğun üstü açılıb. İstintaq komitəsinin araşdırmaları nəticəsində məlum olub ki, müəyyən müddət ərzində hərbi hissəyə göndərilən əşyalar və tikinti materialları oğurlanıb. Oğurluğu həyata keçirməkdə ittiham olunan hərbi hissənin anbar rəisi Artaşes Ayvazyan məhkəmənin qərarı ilə nəzarətə götürülüb.
“İravunk” qəzeti yazır ki, 44 günlük müharibə müddətində orduda qanun pozuntularının baş alıb getdiyinin növbəti dəfə şahidi olublar: “Ölkəmizin hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Vahid mövqe, bitkin siyasi xətt yoxdur. Ermənistan hakimiyyəti indi ordu ilə bağlı nöqsanlarını və uğursuz qərarlarını pərdələməyə, zahirən nikbin açıqlamalarla ört-basdır etməyə çalışır. Bunun nəticəsidir ki, 44 günlük müharibədəki məğlubiyyət ölkəmizin və xüsusilə də ordumuzun mövqelərinin zəifliyini göstərdi. Suallar çoxdur, amma Paşinyan hakimiyyəti bu sualların hələ ki heç birinə cavab verməyib”.
Paşinyan da Qarabağdakı 44 günlük müharibənin səbəbləri və şərtləri ilə əlaqəli faktları toplamaq üçün komissiya yaradılması ilə bağlı sualı cavablandırıb. Komissiyanın yaradılması təşəbbüsü “Parlaq Ermənistan” Partiyasının lideri və eyniadlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan tərəfindən irəli sürülüb. Paşinyan isə bildirib ki, Marukyan bu mövzunu müzakirə etmək üçün dəvət olunub, ancaq gəlməyib. Onun sözlərinə görə, Qarabağ müharibəsi ilə bağlı bu və ya digər şəkildə mindən çox cinayət işi başlanıb.
Bütün bunlar bir daha erməni ordusunda hansı əhvali-ruhiyyənin hökm sürdüyünü aydın nümayiş etdirir. Bəli, müharibə cinayətkarlarının, hərbi quldurların qurduğu ordu başqa cür ola da bilməzdi. Həmin işğalçı ordunu isə ən layiqli şəkildə Azərbaycan Ordusu cəzalandırdı.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti