Ermənistanın rüsvayçı məğlubiyyətinin səbəbkarı kimdir?

A- A A+

Düz 100 gündür ki, Qarabağda döyüş əməliyyatları dayandırılıb. Tarixə üçtərəfli “10 Noyabr Bəyanatı” adı ilə düşən razılaşma Qarabağ münaqişəsini arxada qoyub. Azərbaycan bir qərinəlik qanlı münaqişənin son akkordu olmuş 44 günlük Vətən müharibəsindəki şanlı zəfərinə Qələbə paradı ilə nöqtə qoyub. 

Müharibənin bitdiyi andan ölkəmizdə Qarabağa Böyük qayıdışla bağlı ilkin hazırlıq sürətlə davam edir. Qarabağ müharibəsinin Baş qəhrəmanı – Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir neçə dəfə işğaldan azad edilmiş rayonlarda olub, bərpa və quruculuq prosesinin ən zəruri tədbirlərinə yerindəcə start verib, bu tarixi qayıdışın prioritetlərini elan edib.

Havadarlarının və dünya erməniliyinin birbaşa dəstəyi ilə Azərbaycanın 20 faiz ərazisini asanlıqla ələ keçirmiş, qarət edib, dağıdıb nəhəng xarabazara çevirmiş, tarixə adını vandallar ölkəsi kimi yazmış işğalçı Ermənistan isə ötən 100 gündə – qüdrətli Azərbaycan Ordusunun sarsıdıcı zərbələri altında əzilib rüsvaycasına məğlub olduqdan sonrakı dövrdə özünə gələ bilmir. Əslində, ümummilli çöküşün ağrısını yaşayan erməni toplumunu bu hala gətirən quldurxislət, kəmağıl siyasətçilər yaxşı bilirlər ki, soydaşları ayılıb başlarına gələnlərin və gətirilənlərin səbəb və nəticələrini anlayanda, ilk növbədə, Qarabağ avantürasının insanlığa, eləcə də ermənilərin özlərinə qənim kəsilmiş gerizəkalı ideoloqları və icraçıları olan Balayanları, Kaputikyanları, Koçaryanları, Sarkisyanları təqsirləndirib ittiham edəcəklər.

Müharibə bitən gündən erməni xalqı nicat axtarır. Onu bu günə salan siyasətçi və liderciklər isə məğlubiyyətin səbəbi ilə bağlı özünü siyasi idarəçilikdə dolaşdırmış Nikol Paşinyanın, guya, satqınlıq və xəyanəti və Ermənistanı Azərbaycanın deyil, guya, Türkiyənin məğlub etməsi barədə cəfəngiyyatı dayanmadan filəyir, həqiqət aşkar olmasın deyə, siyasi tozanaq qoparırlar. Rusiyadakı dayaqlarını itirmiş Ermənistan müxalif siyasi elitası Qərbdəki havadarlarının qızışdırıcılıq cəhdlərinə arxalanaraq, yenidən hakimiyyətə gəlməklə indiki məğlubiyyətin baiskarı olduqlarını arxa plana keçirmək, Azərbaycanın qazandığı qələbənin sərt reallıqlarını inkar etməklə itirilmiş nüfuzlarını geri qaytarmaq xülyasındadırlar.

Həqiqətin isə elə bir ağır çəkisi var ki, dağ kimi onu yerindən götürüb kənara qoymaq olmur. İndiki halda erməni xalqı N.Paşinyan hakimiyyətinin məğlubiyyətdəki rolunun nədən ibarət olduğunu tam anlaya bilmir. Buna görə də heç bir siyasi qüvvə və liderciyin çağırışı kütləni məğlub baş nazirə qarşı yönləndirə bilmir. Erməni xalqı onu mənasız Qarabağ münaqişəsinə sürükləyib 30 ildən bəri yormuş, iki ağır müharibəyə aparmış, Ermənistanı sosial-iqtisadi və siyasi-mənəvi çöküşə gətirib çıxarmış siyasətçiləri də rədd etmək halında deyil. Güzəranını, dincliyini, övladlarını, nəhayət, başını itirmiş zavallı erməni toplumu haradansa və kimdənsə nicat gözləyir...

Elə bu yerdə xalqın nifrətinə tuş gələrək hakimiyyətdən qiyam yolu ilə uzaqlaşdırılmış Serj Sarkisyan peyda olaraq Qarabağdakı müharibənin səbəblərinin və şərtlərinin obyektiv araşdırılmasına ehtiyac olduğunu deyir, ermənilərin nicatının Paşinyanı devirib ona üz tutmasında olduğunu bəyan edir. O Sarkisyan ki, Azərbaycan Prezidenti İlham Əliyev müharibənin ilk günlərindən bəyan etdi ki, ölkəmiz Paşinyanın deyil, Koçaryan və Sarkiyanın yaradıb işğalçı qüvvə halına gətirdiyi silahlı bandalarla döyüşür. Məğlub olan da onların ordusu oldu.

Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sarkisyan “Armnews” telekanalına verdiyi müsahibəsində bildirib ki, müharibə zamanı Qarabağın müstəqilliyi tanınmalı idi. Bədnam eks-prezident rəhbərlərindən biri olduğu Ermənistanın hərbi təcavüz avantürasının indiki məğlubiyyətin mütləq səbəbi olduğunu pərdələmək üçün görün necə bir avam mülahizə düzüb-qoşub: “Paşinyan hakimiyyəti vaxt itirdi, Ermənistan müharibə zamanı Qarabağı tanımalı idi”. Cəfəngiyyatın cavabı elə onun öz mahiyyətindən doğur: “Sarkisyan, bəs sən özün niyə Qarabağın əldədüzəltmə statusunu tanımadın?!”.

Soyqırımı cəlladı olan sabiq prezidentin sözlərinə görə, hakimiyyət Qarabağın müstəqilliyini elan etmək üçün vaxtı və diplomatik fürsəti əldən verib: “Müharibə zamanı İrəvanın bunu elan etmək və Qarabağa hər şeylə rəsmi şəkildə kömək etmək üçün mənəvi haqqı var idi”.

Yenə sual yaranır: “Paşinyan müharibə vaxtı Qarabağı tanısaydı, Azərbaycan öz ərazisini işğaldan təmizləmək yürüşünü dayandıracaqdımı?”. Onsuz da ermənilərin havadarları Azərbaycanı dayandırmaq üçün əllərindən gələn nə varsa, hamısını etdilər.

Azərbaycan isə ilk gündən elan etdiyi şərtə – Ermənistanın məğlubiyyəti boynuna alıb, işğalçı ordusunu Qarabağdan çıxarmağa razı olduğu son anda dayandı. Reallıq yalnız budur. Onu Paşinyan qəbul etdiyi kimi, əleyhdarları da bu sərt sonluqla razılaşıb, Ermənistanın nicatının üçtərəfli bəyanatın və sonrakı razılaşmaların şərtlərinə sözsüz əməl etməsində olduğunu təsdiqləməlidirlər.

Axmaqlığın dərəcəsinə baxın: guya, Qarabağda məğlub olan Ermənistan deyil, bir başqasıdır. Ermənistan da ona lazımi dəstəyi göstərməyib. S.Sarkisyan daha sonra baş verən hadisələr zəncirinin cəhalət, xəyanət və ya sui-qəsdin nəticəsi olduğunu söyləyir, özünü isə bu silsilədən kənarda görür: “Bunu ən yaxşı halda obyektiv istintaq aydınlaşdırmağa kömək edəcək, lakin mövcud hakimiyyət dövründə bu, mümkün deyil”.

S.Sarkisyanın bu sayıqlamalarının cavabını Paşinyan tərəfdarları da gecikdirmədilər. “Azadlıq” radiosunun yaydığı xəbərə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, 2016-cı ilin aprel müharibəsi Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan işğal olunmuş ərazilərin Azərbaycana qaytarılacağına dair vəd verəndən sonra dayandırılıb. Guya, həmin xain razılaşmada torpaqların boşaldılması üçün qrafik də nəzərdə tutulubmuş: “Aprel müharibəsi Ermənistan tərəfinin vədləri səbəbilə dayandırılıb. Yeri gəlmişkən, bu vədə həm də müəyyən vaxt cədvəli daxil idi və bu qrafikə yay ərzində əməl olunmalı idi”.

A.Qriqoryan deyib ki, bunun ardınca 2016-cı ilin yayında Ermənistanda məlum hadisələr baş verib. “Sasna tsrer” partiyası Yerevan polisinin qarnizonunu silahlı qiyamla ələ keçirib. O vaxtkı prezident Serj Sarkisyan bu hadisədən öz vədini 2017-ci ilin aprelinədək təxirə salmaq üçün sui-istifadə edib. Bundan sonra isə proses hakimiyyət keçidi ilə bağlı təxirə salınıb: “İndi isə çoxsaylı vədlər vermiş və Ermənistan üçün belə böyük yük yaratmış bu adam postunu tərk edir, sonra isə gəlib bəyanat verir ki, “mən qol çəkməyə, filan addımları atmağa hazır idim. Mən qeyd etməliyəm ki, onun verdiyi vədlərə, onun yaratdığı dalanlara görə biz sonradan ciddi problemlərlə üzləşdik”.

“Serj Sarkisyan hansı vədləri verib?” sualına cavab olaraq Armen Qriqoryan deyib ki, bu suala eksprezidentin özü cavab verə bilər: “Amma o vaxt Aprel müharibəsi dayandırıldı və bunun ardınca qrafik verildi. Bütün razılaşmalar bu qrafik əsasında həyata keçirilməli idi”. Qriqoryan əlavə edib ki, Azərbaycanın müharibəni dayandırması onun Sarkisyanın vədlərinə qane olduğunu göstərirdi.

Öz növbəsində “Armnyus” telekanalına müsahibəsində Serj Sarkisyan deyib ki, söhbət “Lavrov planı” deyilən sənədin həyata keçirilməsindən gedirdi. Sarkisyan iddia edib ki, Dağlıq Qarabağ münaqişəsini tənzimləməli olan bu planı indiki hakimiyyət, Nikol Paşinyanın höküməti rədd edib. Sarkisyanın sözlərinə görə, “Lavrov planı”, əslində, “Madrid prinsiplərinin” düzəliş edilmiş variantı idi. O iddia edib ki, bu plan üzrə Azərbaycan Dağlıq Qarabağın yekun statusunun Qarabağ əhalisi tərəfindən müəyyənləşdirilməsi prinsipini tanıyırdı.

Sarkisyanın bildirdiyinə görə, referendumun keçirilməsi üçün heç bir vaxt məhdudiyyəti qoyulmamışdı. O deyib ki, “Lavrov planına” görə, Azərbaycana 5 rayon qaytarılmalı idi, amma qalan iki rayonun – Laçın və Kəlbəcərin qaytarılması Dağlıq Qarabağda referendumun keçirilməsi ilə sıx bağlanırdı.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan onu da bildirib ki, özü bu sənədi imzalamağa hazır idi və baş nazir vəzifəsində bu planın həyata keçirilməsi üçün qalmaq istəyirdi: “Mən bu sənədi gizli imzalamamalı idim...Mən demirəm ki, bu məsələ referenduma çıxarılacaqdı. Amma bu məsələ cəmiyyətdə geniş və qızğın müzakirə olunmalı idi. Mən əmin deyiləm ki, cəmiyyətin əksəriyyəti bu planı dəstəkləyəcəkdi. Əlbəttə, biz indi tarixin təkərini geriyə, 2018-ci ilə döndərə bilsəydik, düşünürəm ki, əhalinin 99 faizi ona tərəfdar olardı”.

Hakim “Mənim addımım” fraksiyasından millət vəkili Ruben Rubinyan da keçmiş prezidentin dediklərinin səmimiliyini dərhal şübhə altına alıb: “Hər şeydən əvvəl, Serj Sarkisyan hakimiyyətdə qalmaq istəyirdi. Əgər o, bu sənədi imzalamaq istəyirdisə, bunu niyə 2018-ci ilin martında, fevralında, yanvarında etməyib? Bunu niyə 2017-ci ilin dekabrında, noyabrında, sentyabrında, avqustunda etməyib? Niyə qol çəkməyib? Çəkəydi də”. Rubinyan deyib ki, Sarkisyan öz müsahibəsində Azərbaycana rayonların 5+2 düsturu ilə qaytarılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, həmin sənəd Dağlıq Qarabağın statusunun müəyyən edilıməsini qeyri-müəyyən vaxta buraxırdı.

Deputat daha sonra deyib ki, “bu, faktiki olaraq sülh əvəzinə ərazilər” formulu idi: “Mən hesab edirəm ki, onun müsahibəsində ziddiyyət də var. O bir yerdə izah edir ki, mərhələli həllə heç vaxt razı olmayıb. Amma onun haqqında danışdığı variant məhz mərhələli paketdir. Çünki bu plana görə, ərazilər qaytarılır, statusun qeyri-müəyyən forması isə qeyri-müəyyən müddətə saxlanılırdı”.

S.Sarkiyan 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilabı” “anti-Qarabağ” hərəkatı adlandırıb. Keçmiş prezident deyib ki, o, heç vaxt “bir qarış da vermərik” prinsipinin tərəfdarı olmayıb. Onun müsahibəsi müxalifətdə də çaşqınlıq yaradıb. “Maariflənmiş Ermənistan” parlament fraksiyasının lideri Edmon Marukyan sual edib ki, rayonlar Azərbaycana qaytarılacaqdısa, niyə oralara milyonlarla dollarlıq investisiyalar yatırılırdı? Marukyan öz bəyanatında Azərbaycan rayonlarının ermənicə dəyişdirilmiş adlarından istifadə edib və Zəngilanı Kovsakan, Qubadlını Sanasar, Cəbrayılı Mexakavan adlandırıb.

E.Marukyan daha sonra deyib ki, bu ərazilər Azərbaycana qaytarılacaqdısa, vətəndaşların vergiləri, diaspordan gələn ianələr niyə xərclənməli idi: “Başqa sözlərlə biz o qədər varlıyıq ki, kimin üçünsə şəhər və kəndlər salırıq? Kaşataq (Laçın – red.) və Karvaçar (Kəlbəcər – red.) rayonlarında biznes üçün yüz milyonlarla dollarlıq kreditlər ayrılıb. Əgər bu rayonlar onsuz da Azərbaycana veriləcəkdisə, onlar üçün dövlət qarantiyalı nəhəng kreditlər niyə götürülürdü? Əgər paralel olaraq rayonların 5+2 formulu üzrə verilməsi barədə danışıqlar gedirdisə, bu xərclər nəyə lazım idi?”.

Bax, beləcə erməni xalqı onu matəmdən çıxarıb düz yola yönləndirəcək siyasətçiləri gözləməkdədir. Meydanda olanlar isə bu məğlubiyyətin əsl müəllifləridir. Hələlik, erməni xalqı sülh razılaşmasını imzalamış N.Paşinyanın bu addımının ölkəni tam məhv olmaqdan xilas etdiyini anlamaq istəyir. Müharibənin səbəbkarları və hər iki tərəf üçün təqsirkar sayılacaq siyasətçilər isə buna imkan vermirlər.

Ermənilərin matəmi isə 100 gündür ki, davam edir. Bir tərəfdən xalq küsüb üz çevirdiyi məğlub baş nazirin üstünə yeriməyin mənasız olduğunu duyur, o biri tərəfdən isə azlıqda qalmış müharibə caniləri Paşinyanın üstünə həlledici yürüş etmək üçün tərəfdar toplaya bilmirlər.

Görəsən, nə qədər belə davam edəcək – erməni xalqı ayılıb öz başına çarə qıla biləcəkmi?! Ermənistan cəmiyyətinin baş sualı hazırda bax budur.

Tahir Aydınoğlu

“Xalq qəzeti”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: