Moldova KİV-ləri: Ermənistan Qarabağda minalanmış sahələrin xəritələrini Azərbaycana verməkdən imtina edir

A- A A+

Ermənistan Qarabağda minalanmış sahələrin xəritələrini Azərbaycana verməkdən imtina edir. Orada mina partlayışları nəticəsində dinc sakinlər həlak olur, dünya birliyi isə susur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Moldovanın “NOİ.md”, “AVA.md” və digər informasiya portallarında dərc edilmiş məqaləsində əksini tapıb.

Səfir yazır ki, keçən ilin noyabr ayında başa çatmış İkinci Qarabağ müharibəsində Azərbaycan 30 il ərzində erməni işğalı altında qalmış qanuni torpaqlarını öz müzəffər lideri İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində geri qaytarıb. İşğal illəri ərzində Dağlıq Qarabağ xarabalığa çevrilib.

Qarabağın şəhərləri və kəndləri Hirosima və Naqasakidə atom bombası partlayışından sonra yaranmış vəziyyətindən daha pis görkəmdədir. Lakin ermənilər Qarabağı tərk etməzdən əvvəl oradakı məscidləri, qəbiristanlıqları, abidələri, məktəbləri, xəstəxanaları, yaşayış binalarını məhv etməklə, meşələri və tarlaları yandırmaqla kifayətlənməyib, heç vaxt yaşamadıqları əraziləri də minalayıblar. İndi, Azərbaycan özünün azad edilmiş torpaqlarında dinc həyat quruculuğuna başladığı bir vaxtda burada insanlar yenə həlak olur.

Qüdsi Osmanov yazır ki, 2020-ci il noyabrın 10-dan bəri Qarabağda 14 Azərbaycan vətəndaşı, o cümlədən 5 hərbi qulluqçu və 9 mülki şəxs mina partlayışlarının qurbanı olub. 52 hərbi qulluqçu və 8 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Azərbaycan tərəfi erməni komandanlığının Qarabağda minaladığı sahələrin xəritəsini vermələrini dəfələrlə tələb edib, lakin rəsmi Yerevan hələ həmin xəritələri təqdim etməyib, halbuki sırf humanizm baxımından, döyüş əməliyyatları başa çatandan dərhal sonra bu xəritələr Azərbaycana verilməli idi.

Səfirin sözlərinə görə, Azərbaycanın hakimiyyət orqanları ölkə vətəndaşlarının zərər çəkməməsi üçün mümkün olan bütün tədbirləri görür. Məsələn, Prezident İlham Əliyev şəxsən vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş rayonlara səfərlərdən hələ çəkinmələrini tövsiyə edib. Kütləvi informasiya vasitələri bu barədə daim yazır, dövlət orqanları videoçarxlar hazırlayaraq Qarabağa səfər etməyin təhlükəli olması barədə əhaliyə xəbərdarlıq edir. Lakin Yerevan bu xəritələri təqdim etməkdən imtina etdiyinə görə heç kəs onun üzərindən məsuliyyəti götürmür. Dünya birliyinin susması isə heç cür başa düşülmür və hiddət doğurur.

Q.Osmanovun sözlərinə görə, bu gün Azərbaycan rəhbərliyi Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının dinc yanaşı yaşaya bilmələri üçün əlindən gələni edir. Lakin bu, heç də asan məsələ deyil, çünki 1990-cı illərdə orada Azərbaycan vətəndaşları xüsusi amansızlıqla qətlə yetirilib və şikəst edilib, onların evləri yandırılıb, bu insanlar evsiz-eşiksiz qalıb və qaçqın vəziyyətinə düşüb. Birinci Qarabağ müharibəsi dövründə Xocalı soyqırımı törədilib. 1992-ci il fevralın 26-na keçən gecə törədilmiş bu dəhşətli faciə nəticəsində əslində heç bir təqsiri olmayan 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs həyatını itirib. Aralarında 76 uşaq olan 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. 150 əsirin, o cümlədən 68 qadının və 26 uşağın sonrakı taleyi barədə indiyə qədər heç bir məlumat yoxdur. Ermənilər işğal etdikləri bütün torpaqlarda azərbaycanlılara qarşı qırğın törədiblər. Belə faciələr arasında ən məşhuru Xocalı qırğınıdır, lakin bir sıra başqa şəhər və kəndlər də ermənilərin mənfur əməllərindən zərər çəkib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: