Fransalı yazıçı: "Ermənilərin dinc əhalini qətlə yetirməsi müharibə qanunlarına ziddir"

A- A A+

"Kitabımda Xocalı faciəsinin dəhşətlərini yaşamış balaca qız gördüklərini özü bizə danışır".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnaslitlərə açıqlamasında fransalı yazıçı, Birinci Qarabağ müharibəsinə həsr olunmuş kitabın müəllifi Jerar Kardon (Gerard Cardonne) bildirib.

Onun sözlərinə görə, erməni hərbçilərin azərbaycanlı qadın və uşaqları öldürməsi heç bir müharibə qanunlarına uyğun gəlmir: "Mən özüm keçmiş zabitəm və müharibənin heç bir zaman təmiz olmadığını bilirəm. Müharibə zamanı əsgər əsgəri öldürür. Lakin müharibədə belə qadın və uşağa əl qaldırmaq qadağandır. Xocalı faciəsi tarixə qara hərflərlə yazılıb. Bu qanlı hadisə Sovet İttifaqının dağılması zəminində dövlətlərin bacardığı qədər artıq parça torpaq əldə etməyə çalışması nəticəsində törədilib. Lakin sərhədlər artıq məlum idi. Dağlıq Qarabağ Azərbaycanın ərazisi idi".

Fransalı yazıçı Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyib: "Mən başqasının torpağına göz dikən dövlətləri pisləyirəm. Keçmişdə belə hallar çox olub. Lakin bu gün buna son qoymaq lazımdır. Çünki yoxsa müharibələr yer üzündən əksik olmayacaq".

J.Kardon Xocalı soyqırımı haqqında kitabının necə ərsəyə gəldiyinə də toxunub: "Mən yalnız öz gördüklərimi, eşitdiklərimi, yaşadıqlarımı yazıram. Azərbaycanda olarkən bir dəfə Füzuliyə səfər etmişdim. Ermənilərin atdığı güllə nəticəsində həyatını dəyişmiş balaca Zəhranın taleyi ilə tanış olmuşdum. Onun məzarının üzərinə gül dəstəsi qoymuşdum. Bu zaman fikirləşdim ki, bütün bu olanlar normal deyil, belə olmamalı idi. Beləliklə, mənim kitabımın qəhrəmanı Fidan oldu. Xocalı faciəsinin dəhşətlərini yaşamış balaca qızcığaz həmin qanlı hadisələri özü bizə nəql edir".

Qeyd edək ki, J.Kardon Fransanın "Fəxri Legion" zabiti və "Lafayet" ordeni komandiridir. 2010-cu ildə "İncəsənət və ədəbiyyat cəngavəri" adına layiq görülüb. Əsərləri alman, ingilis, boşnak və dari dillərinə tərcümə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: