Ölkəmizin Pakistanla mühüm tərəfdaşlıq münasibətləri qarşılıqlı etimada və səmərəli əməkdaşlığa əsaslanır
Cənub-Şərqi Asiyanın nəhəng dövlətlərindən biri olan Pakistan İslam Respublikası dünyanın əhali sıxlığına görə altıncı, müsəlmanların sayına görə isə İndoneziyadan sonra ikinci ölkəsidir.
Pakistanın ərazisi 803940 kvadratkilometr sahəyə malik olub, Cənubda Benqal körfəzi, qərbdə Əfqanıstan və İran, şərqdə Hindistan və şimal-şərqdə Çin ilə həmsərhəd Cənub-Qərbi Asiyada yerləşən ən böyük ölkələrdən biridir.
Beynəlxalq sistemdə Pakistan Birləşmiş Millətlər Təşkilatının, Millətlər Birliyinin, Ümumdünya Ticarət Təşkilatının üzvü, Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, inkişaf etməkdə olan ölkələrdən ibarət “G33”-ün, “77-ci Qrup”un fəal üzvlərindən biri kimi fəaliyyətini uğurla davam etdirməkdədir.
Pakistanın siyasi tarixi 1947-ci ildə Britaniyanın Hindistanı rəsmən iki hissəyə bölməsi və Pakistanın müstəqillik qazanması ilə başlanır. Bu gün Hindistanla Pakistan arasında sərhədlərin uzunluğu 2912 km-ə çatır. İki ölkə arasında yeganə keçid məntəqəsi şərq hissəsi Hindistanda, qərb hissəsi isə Pakistanda yerləşən Vaqah kəndidir. Kəşmir vilayətinin iki yerə parçalanması ilə Pakistanla Hindistan arasında mübahisəli ərazi problemi yaranmışdır.
İslam faktoru Pakistanda ayrıca statusa malikdir. Tədqiqatçılar islam dinini Pakistan xalqının mədəni identikliyinin başlıca elementi hesab edirlər. İslam dini nəinki Pakistanın Hindistanla münasibətlərinə təsir etmiş, həm də bu ölkənin xarici siyasətinin formalaşmasında aparıcı rol oynamışdır. Hazırda Pakistanın beynəlxalq sistemdəki mövqeyi də bu ideologiya ilə əlaqədardır.
Ümumiyyətlə, çoxsaylı hərbi toqquşmalar və Kəşmir məsələsinin beynəlmiləlləşməsi BMT-nin müzakirə masası üstündə qalmış bir neçə qətnamə (1948, 1949) ilə tarixə çevrilmişdir. Bu qətnamələr Kəşmir əhalisinin azad seçiminə üstünlük versə də, tərəflərin iddiaları problemin həllini daha da çətinləşdirmişdir. Əksər ölkələr Pakistanla Hindistan arasında baş verən bu münaqişəyə öz siyasi kontekstindən yanaşmağa üstünlük verirdilər. Məsələn, SSRİ münaqişənin ilk illərindən Kəşmiri Hindistanın ərazisi hesab edərək onun “işğal” edildiyini bildirir, ABŞ isə əsasən BMT-nin qərarlarını və Pakistanı müdafiə edir. Bu mənada Pakistanın beynəlxalq münasibətləri dünya dövlətlərinin Kəşmir münaqişəsinə münasibəti çərçivəsi ilə müəyyənləşməyə, ölkənin beynəlxalq münasibətlərdə tutduğu mövqeyi isə “düşmənimin dostu mənim dostum ola bilməz” prinsipinə əsaslanır.
Pakistan ilə Hindistan arasında qarşılıqlı etimadın yaradılması istiqamətində işlər davam etdirilir. Belə addımlardan biri kimi 8 aprel 2012-ci ildə Pakistan Prezidenti Asif Əli Zərdarinin Hindistana səfərini göstərmək olar. Buna cavab olaraq Hindistanın xarici işlər naziri S.M.Krişna 7 sentyabr 2012-ci ildə Pakistana səfər etmişdir. Görüş zamanı viza rejiminin sadələşdirilməsi məsələsi əsas mövzulardan biri olmuşdur. 20 oktyabr 2013-cü ildə Pakistanın Baş naziri Nəvaz Şərif ABŞ-ın Kəşmir məsələsində vasitəçi kimi çıxış etməsini təklif etmiş, lakin Hindistan tərəfi sözügedən təklifi qəti şəkildə pisləmişdir.
Qeyd etmək lazımdır ki, Pakistan İslam Respublikası dünyada sülhməramlı hərbi missiyaları həyata keçirən bir ölkə kimi də tanınır. Hazırda Pakistanın sülhməramlı hərbi qüvvələri Avropa, Asiya, Afrika qitələrinin bir sıra ölkələrində BMT tərəfindən müəyyənləşdirilmiş hərbi xidmətlərini layiqincə həyata keçirməkdə davam edirlər. Ümumiyyətlə, dünyadakı sülhməramlı qüvvələrin 13 faizdən çoxu Pakistan İslam Respublikasına aiddir.
Beynəlxalq münasibətlərdə Pakistanın əsas tərəfdaşlıq etdiyi ölkələr ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Türkiyə və Əfqanıstandır. Pakistan İslam Respublikası türkdilli dövlətlərlə yaxın münasibətlər şəraitində fəaliyyətini davam etdirməkdədir. Türkiyə Cümhuriyyəti ilə Pakistan İslam Respublikası arasında əlaqələr demək olar ki, bütün sahələr üzrə hərtərəfli şəkildə genişlənməkdə davam edir. Postsovet ölkələrində isə Pakistan Azərbaycan, Özbəkistan və Türkmənistanla özünün qarşılıqlı münasibətlərini inkişaf etdirərək daha da möhkəmləndirir. Pakistanın Türkiyə Cümhuriyyətinə və yeni qurulmuş türk dövlətlərinə ardıcıl olaraq dəstək verməsi bu Asiya qitəsi ölkəsinin Azərbaycan Respublikası ilə əlaqələrinin ildən-ilə genişləndirilməsində mühüm faktor rolunu oynayır. Pakistan Ermənistanın istiqlaliyyətini rəsmi şəkildə tanımır. Bu ölkənin birmənalı şəkildə bunu Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə izah edir. Pakistan rəsmi dairələri qondarma “erməni soyqırımını” da tanımadığını bildirirlər.
Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Belə ki, Pakistan 12 dekabr 1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Bu böyük Asiya dövləti 9 iyun 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin yaradılması haqqında qərar qəbul etmiş, 12 mart 1993-cü ildə Bakı şəhərində özünün səfirliyini açmışdır. Lakin Pakistanın Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin tarixi daha erkən dövrlərlə əlaqədardır. Belə ki, Pakistan xalqı XX əsrin əvvəllərində ölkələrində taun xəstəliyi geniş yayıldığı bir dövrdə görkəmli Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin Avropadan 300 min ampul peyvənd alıb müsəlman qardaşlarına göndərməsini, onlara yardım etməsini heç vaxt unutmamışdır.
Bütövlükdə isə Azərbaycanla Pakistan arasında münasibətlərin yaranması XX əsrin altmışıncı illərindən etibarən daha intensiv xarakter ala bilmişdir. 1962-ci ilin oktyabrında Mirzə Fətəli Axundzadənin anadan olmasının 150 illiyi münasibətilə keçirilən təntənələrdə görkəmli Pakistan yazıçısı, Beynəlxalq Lenin mükafatı laureatı Əhməd Fəna iştirak etmişdir. Elə həmin il SSRİ-yə səfər çərçivəsində Pakistanın Milli Məclisinin sədri Fəzlulla Kadar Çoudrinin rəhbərliyi ilə bir qrup pakistanlı dövlət nümayəndəsi Azərbaycana gəlmiş, xalqımızın həyatı ilə yaxından tanış olmuşdular. 1965-ci ilin aprelində görkəmli Pakistan dramaturqu, rejissoru və kinooperatoru Henri Çayasenin Bakıya gəlişi Azərbaycanın kino ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanmışdır. Görkəmli ictimai xadim Mirzə Abel Həsən İspahanın həmin dövrdə “Leninqraddan Səmərqəndədək” adlı kitabında Azərbaycan haqqında özünün müsbət təəssüratlarını nəzərə çarpdırması yaddaqalan hadisəyə çevrilmişdir.
Bu zaman Bakıda Pakistan-Azərbaycan münasibətlərini tənzimləyən Sovet-Pakistan Mədəni Əlaqə Cəmiyyətinin şöbəsi təsis edilmişdir. 1967-ci ilin avqustunda Camiruddin Prodxan başda olmaqla, Şərqi Pakistan Qanunvericilik Məclisinin bir qrup nümayəndəsi Bakı və Sumqayıtdakı mədəniyyət ocaqlarının fəaliyyəti ilə də yaxından tanış olmuşlar. Pakistanla mədəni əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın elm, təhsil və sənət adamlarının həmin ölkəyə səfərlərinin təşkili də əhəmiyyətli rol oynamışdır. O illərdə Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri Aşıq Pənah Pənahov, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Fərhad Zeynalov Kəraçi şəhərinə səfər etmişlər. Lakin sonrakı illərdə Pakistanla SSRİ arasında yaranan siyasi fikir ayrılığı Azərbaycanla olan əlaqələrinə də xələl gətirmişdir.
Azərbaycan-Pakistan münasibətlərinin yeni bir mərhələsi isə SSRİ-nin dağılması ilə başlayır. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistan 1992-ci ildə ölkəmizlə siyasi, iqtisadi və mədəni əlaqələrin yeni tarixi şəraitə münasib şəkildə yenidən qurulmasına çalışmışdır. Azərbaycanın Qarabağ uğrunda ağır müharibə şəraitində yaşadığı dövrlərdə beynəlxalq münasibətlərdə Pakistan rəsmilərinin dünya dövlətlərini BMT, İKT kimi nüfuzlu təşkilatlarda Ermənistanı təcavüzkar ölkə kimi tanınmasına çağırması böyük əhəmiyyət daşıyırdı. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən və bu ölkəni təcavüzkar dövlət kimi tanıyan 822 nömrəli qətnaməsinin qəbul edilməsində Pakistan özünü fəal şəkildə göstərə bilmişdir. Pakistanın həmin iclasa sədrlik etməsi qətnamənin qəbul edilməsində böyük rol oynamışdır.
Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev iki ölkə arasında olan münasibətləri dəyərləndirərək bu əlaqələri belə səciyyələndirirdi: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub”.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri, mərhum Bənazir Bhutto ilə görüşündən sonra ölkələrimiz arasındakı ikitərəfli münasibətlər daha yüksək səviyyədə inkişaf etməyə başladı. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Faruq Əhməd Xan Leqarinin Azərbaycana rəsmi səfəri baş tutdu. Bu zaman tərəflər arasında “Elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq haqqında müqavilə” imzalandı. 1996-cı ildə isə Ulu Öndər Heydər Əliyevin Pakistana səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında və “Turizmin inkişafı üzrə Anlaşma-Memorandumu” imzalandı. Bu, pakistanlılarla azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırdı.
Ötən illərdə elm, təhsil sahəsində də ölkələr arasında əməkdaşlıq üçün yeni nailiyyətlər əldə olunmuşdur. Belə ki, Pakistan tərəfi hərbi təhsil, informasiya texnologiyaları və telekommunikasiya sahəsindəki zəngin təcrübəsindən bəhrələnməyi Azərbaycan dövlətinə bəyan etmiş və bu sahədə əməli tədbirlər həyata keçirilmişdir. Azərbaycanın ağır vəziyyətində qardaş müsəlman ölkəsinin xalqımıza göstərdiyi maddi, mənəvi və siyasi dəstəyə görə Ümummilli Lider Heydər Əliyev 1994-cü ildə İKT ölkələrinin Kasablankada keçirilmiş VII Sammitində Pakistan dövlətinə təşəkkürlərini çatdırmışdır. 14 oktyabr 2002-ci ildə İstanbulda İƏT-in üzvü olan ölkələrin VII zirvə görüşündə görkəmli dövlət xadimi Heydər Əliyev Pakistanın Prezidenti Pərviz Müşərrəflə bir daha görüşüb, əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün addımlar atmışdır.
Pakistanla ölkəmiz arasında münasibətlərin intensiv xarakteri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət xəttində də prioritet istiqamətlərdən biridir. 8-10 iyul 2004-cü ildə Pakistan Prezidenti Pərviz Müşərrəf Bakıya rəsmi səfərə gəlmişdir. Bunun ardınca İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin dəvəti ilə 2005-ci ilin aprel ayının 12-də bu ölkədə rəsmi səfərdə olmuşdur. Ekspertlər qeyd edirlər ki, bu səfər iki dost ölkə arasında çoxtərəfli əlaqələrin daha da inkişafı üçün geniş imkanlar açmışdır. Belə ki, səfər zamanı dost ölkələrin dövlət başçılarının görüşündə rabitə və informasiya texnologiyaları, mədəniyyət, maliyyə sektoru, təhsil, nəqliyyat, aviasiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların olması qeyd edilmiş, zəruri sənədlər imzalanmışdır. Səfər çərçivəsində Pakistan Müdafiə Nazirliyi nəzdində Hərbi İxraca Yardım Təşkilatının Azərbaycana yardım imkanları müzakirə olunmuşdur. Səfər zamanı İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əzizin iştirakı ilə iki ölkə arasında hərbi əməkdaşlıq barədə bir sıra mühüm sənədlərin imzalanması mərasimi keçirilmişdir. Eyni zamanda 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti İslamabadda rəsmi səfərdə olmuş, Pakistan Senatında və ölkənin universitetlərində rəsmi görüşlər keçirmişdi. İslamabaddakı İncəsənət muzeyində akademik İsa Həbibbəylinin Pakistanda urdu dilində çap olunmuş Cəlil Məmmədquluzadə haqqındakı kitablarından da söz açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əzizlə 2006-ci ilin may ayının 5-də keçirilmiş görüşdə qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi, elm və texnologiyalar sahəsində əməkdaşlığın zəruriliyi, regional əməkdaşlıq, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, bölgədəki vəziyyət barədə geniş fikir mübadiləsi aparılmış, neft və qaz sahəsində Azərbaycan təcrübəsinin Pakistan üçün əhəmiyyəti haqqında söhbət açılmışdır.
2006-cı ildə keçirilən digər əlamətdar hadisələrdən biri Pakistan Senatının İnsan hüquqları daimi komitəsinin sədri, senator Seyid Məhəmməd Zəfərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri oldu. Mayın 6-da senator Seyid Məhəmməd Zəfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Ən yaxşı idarəolunan müsəlman dövləti” mükafatını təqdim etmişdir.
2012-ci ildə Bakıda Prezident İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdabinin görüşü iki ölkə arasındakı münasibətləri daha da genişləndirilmişdir. Bu görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən XII Zirvə Toplantısının region ölkələri arasında əməkdaşlığın bundan sonra da inkişafına töhfə verəcəyinə əminlik bildirilmiş, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu və bu istiqamətdə birgə fəaliyyətin zəruriliyi vurğulanmışdır.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn 11-14 mart 2015-ci il tarixlərində Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı ona Bakı Dövlət Universitetinin fəxri doktoru elmi adı verilmişdir.
Pakistan Azərbaycanın əsas hərbi strateji tərəfdaşlarından biridir. Belə ki, 2018-ci ilin yanvar ayının 18-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü keçirilmişdir. Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında münasibətlərin və əlaqələrin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə təlimlərin keçirilməsi məsələləri müzakirə olunmuş, müvafiq protokol imzalanmışdır.
2018-ci il sentyabr ayının 25-27 tarixlərində Bakıda keçirilən 3-cü “ADEX 2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisində dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn nümayəndələr sırasında Pakistan nümayəndələri də iştirak etmişlər.
Bu illər ərzində Pakistanla Azərbaycan arasında sıx parlamentlərarası münasibətlər də formalaşmışdır. 2013-cü ilin 11-12 fevral tarixində Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Pakistana işgüzar səfər etmiş və bu zaman Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Pakistan Senatının Beynəlxalq Münasibətlər Komitəsi 1 fevral 2012-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanımışdır. Qəbul edilmiş sənəddə Senat bir daha Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini təsdiqləmiş və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıdığını elan etmişdir. Xocalı soyqırımı ilə bağlı növbəti qətnamə 2 fevral 2017-ci il tarixində Pakistan İslam Respublikasının Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komitəsinin 32-ci iclasında qəbul edilmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında bu vaxta qədər 30 rəsmi sənəd imzalanmışdır.
Qarşılıqlı münasibətlərin otuz illik tarixində Pakistanla Azərbaycan arasında geniş mədəni əlaqələr qurulmuşdur. Pakistanın elm və təhsil ictimaiyyətinin, ədəbiyyat və mətbuat nümayəndələrinin Azərbaycana maraqları güclü olaraq qalır. 2018-ci ilin sentyabr ayının 20-də Ceyhun Bayramovun Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşündə təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur. Hazırda Bakı Dövlət Universitetində urdu dili bölməsinin fəaliyyət göstərməsi böyük əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universiteti ilə Pakistanın Qayd-e Əzim Dövlət Universiteti və Xarici Dillər Universiteti arasında 2012-ci ildə imzalanmış müqavilə və həmin universitetlərin nümayəndələrinin Naxçıvana səfəri təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətli səhifələridir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın Müzəffərabad şəhərinin Rara qəsəbəsində müasir tipli məktəb binası tikilib istifadəyə verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Pakistan ədəbiyyatı öyrənilir və tədqiq olunur. 2017-2018-ci illərdə bir neçə dəfə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və həmin şöbənin əməkdaşı, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva Pakistanda olmuş və bu ölkənin bir sıra universitetlərində keçirilən konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Qeyd edək ki, Pakistan ədəbiyyatı ilə bağlı Bəsirə Əzizəliyevanın Azərbaycanın, Türkiyənin və Pakistanın bir sıra elmi jurnallarında və qəzetlərində məqalələri çap edilmişdir. O, Pakistanın milli şairi Məhəmməd İqbal haqqında monoqrafiyanın müəllifidir. Pakistan İslam Araşdırmaları İnstitutunun əməkdaşları da Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı və yaradıcılığına həsr olunmuş konfransda elmi məruzələrlə çıxış etmişlər. Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yaradılmış Pakistan Tədqiqat Mərkəzi xətti ilə qarşılıqlı ədəbi-mədəni əlaqələrə həsr edilmiş araşdırmalar davam etdirilməkdədir.
Dəqiq elmlər sahəsində də iki ölkə arasında əməkdaşlıq getdikcə genişlənməkdədir. Belə ki, 2018-ci il sentyabrın 19-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri, Pakistan Atom Enerji Komitəsinin “Kənd Təsərrüfatı və biologiya üzrə Nüvə İnstitutu”nun əməkdaşları doktor Xalid Mahmud və doktor Sajjad Haydar Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda olmuş, elmi məruzələr etmiş, təmsil etdikləri Nüvə İnstitutunun elmi-tədqiqat istiqamətləri, institutda yerinə yetirilən layihələr haqqında məlumat vermiş, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Gəncə və Multan şəhərləri arasında 10 aprel 1996-cı il tarixində qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında birgə Bəyannamə imzalanmışdır.
Pakistan ictimaiyyəti Azərbaycanda baş verən tarixi və siyasi hadisələrə həssaslıqla yanaşır. Qarşılıqlı marağın bariz nümunələrindən biri kimi 2013-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Pakistanda keçirilən silsilə tədbirlər çərçivəsində bu ölkənin Milli Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri” mövzusunda seminarı və Heydər Əliyev otağının açılmasını göstərmək olar. Tədbirdə çıxış edən Kayde Azam Universitetinin siyasət və beynəlxalq əlaqələr üzrə direktoru və professor Lubna Abid Ali Heydər Əliyevin Pakistan-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrdən geniş söz açmışdır.
Hazırda Azərbaycan-Pakistan əlaqələri yeni mərhələyə daxil olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, İkinci Qarabağ - Vətən müharibəsi zamanı Pakistan ölkəmizin haqlı savaşına tam siyasi və qəti mənəvi dəstək vermişdir. Bu il, 14 yanvar 2021-ci il tarixində Azərbaycan, Türkiyə və Pakistanın Xarici İşlər nazirlərinin İslamabadda keçirilmiş üçtərəfli görüşü regional və beynəlxalq sahələrdə çoxcəhətli əməkdaşlığın daha da inkişaf etdirilməsinə daha geniş imkanlar açmışdır. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü, xarici işlər nazirlərinin qarşılıqlı əməkdaşlıq haqqında imzaladıqları yeni saziş ölkələrarası əlaqələrin genişləndirilməsinə şərait yaratmışdır. Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavidin “Pakistan hər zaman Azərbaycanın yanında olub və onun haqlı mövqeyini dəstəkləyib” sözləri ölkələrimiz arasındakı etimadın mühüm bir göstəricisidir.
Beləliklə, ən sadiq tərəfdaşlarımızdan və dostlarımızdan biri olan Pakistanın Azərbaycanla siyasi, hərbi, iqtisadi sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə verdiyi böyük töhfə beynəlxalq miqyasda dövlətlərarası münasibətlər baxımından əsl nümunə sayılmasına layiqdir.
Bu gün Pakistan Asiya qitəsində Azərbaycanın əsas tərəfdaşlarından biri kimi ölkəmizin Şərq tərəfdaşlığına böyük töhfələr verir.
Rza Talıbov
siyasi elmlər üzrə fəlsəfə doktoru
"Azərbaycan" qəzeti