Ermənistanın birləşmiş müxalifətinin lideri Vazgen Manukyan tərəfdarlarını hakimiyyəti "ildırım sürəti" ilə ələ keçirmək üçün hər an hazır olmağa çağırıb. NUHÇIXAN İnformasiya Agentliyi RİA Novostiyə istinadən xəbər verir ki, bu çağırışı birləşmiş müxalifət lideri, şənbə günü İrəvanın Azadlıq Meydanında baş tutan, Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən, çoxminlik mitinqdə edib.
Qeyd olunur ki, mitinq, hökumət başçısının getməsini istəyən 20-yə yaxın siyasi qüvvəni birləşdirən “Vətənin Xilası Hərəkatı” tərəfindən təşkil edilib. Aksiyada müxalif siyasi və ictimai xadimlər, keçmiş deputatlar və keçmiş nazirlər, Erməni Apostol Kilsəsinin nümayəndələri iştirak edirlər.
Manukyan Paşinyanın üç dəstək sütunundan məhrum edilməsinin zəruriliyini bildirib.
"Ermənistan qaynar qazan kimi qaynadılmalı, kütləvi aksiyalar davam etdirilməli, hətta şəhər iflic olmalıdır. Lakin bununla yanaşı bir B planı da var. Hər an ildırım sürəti ilə hakimiyyəti almağa hazır olmaq lazımdır", deyə Manukyan bildirib.
Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Qarabağda atəşkəs razılaşmasını imzaladıqdan sonra işğalçı ölkədə mütəmadi olaraq baş nazir Paşinyanın istefasını tələb edən müxalifət mitinqləri keçirilir. Baş nazirin istefasını tələb edən müxalif qüvvələr, ölkə hökumətinin keçmiş başçısı Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb. Qeyd edək ki, istefası tələb olunan Paşinyan dekabr ayının sonunda siyasi qüvvələri 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib, lakin bununla yanaşı, səlahiyyətlilər bir qədər sonra seçkilər üçün hər hansı bir ictimai tələb olmadığını bildiriblər. Bu isə onu göstərir ki, Paşinyan bu dəfə də vaxt qazanmaq, hakimiyyətdə bir az daha qalmaq üçün Ermənistan vətəndaşlarını aldadıb və qeyd olunan dəvət, sadəcə daxili auditoriyaya hesablanıbmış. Bu aldadılmalarını başa düşən, bir daha aldadıldıqlarının fərqində olan birləşmiş müxalifət qüvvələri artıq Paşinyanın hakimiyyətini təhvil verməsini israrla tələb edirlər.