Azərbaycanın xarici işlər naziri BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxış edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxış edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir çıxışında sessiyanın COVID-19 virusunun bəşəriyyət üçün böyük təhdid törətməyə davam etdiyi bir vaxtda baş tutduğunu vurğulayaraq Azərbaycanın pandemiyaya dərhal cavab verdiyini və meydana çıxan sosial-iqtisadi problemlərlə bağlı insan hüquqlarına əsaslanan yanaşma tətbiq edərək COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün səmərəli tədbirlər həyata keçirdiyini söyləyib. “Azərbaycan öz səylərini ölkədaxili nailiyyətlərlə məhdudlaşdırmayıb. Qlobal səyləri dəstəkləmək məqsədilə Azərbaycan Hökuməti Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları, habelə, Qoşulmama Hərəkatının virusdan daha çox əziyyət çəkmiş üzv ölkələrinə Hərəkatın sədri qismində əlavə 5 milyon dollar məbləğində yardım edib. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə ikitərəfli əsasda təcili humanitar yardım göstərib. Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının dekabrın 3-4-də COVID-19 mövzusunda çağırılmış xüsusi sessiyası birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmətə əsaslanan əlaqələndirilmiş qlobal cavab verilməsi zərurətini bir daha təsdiq edib”, - deyə nazir bildirib.
Ceyhun Bayramov qeyd edib ki, indi beynəlxalq ictimaiyyət nəinki davam edən sağlamlıq böhranına cavab vermək, habelə ədalətli və davamlı gələcək qurmaq üçün birgə fəaliyyət göstərməlidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti COVID-19 virusuna qarşı peyvəndin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı ciddi narahatlığını ifadə edib. Fürsətdən istifadə edərək bütün dövlətləri, beynəlxalq təşkilatları, beynəlxalq donor ictimaiyyətini, peyvənd istehsalçılarını və digər aidiyyəti tərəfləri bütün ölkələri COVID-19-a qarşı peyvəndlə əlçatan, maneəsiz, vaxtında və ədalətli formada təmin etməyə çağırırıq.
Nazir diqqətə çatdırıb ki, demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır. Ölkədə davam edən islahatlar siyasi partiyalarla əsası qoyulmuş dialoq, mətbuatın inkişafına dəstək, əlilliyi olan şəxslər üçün daha yaxşı şəraitin yaradılması, qadınların və gənclərin təşviq olunması, şəffaf və səmərəli ictimai xidmətlərin miqyasının artırılması kimi geniş sahələri əhatə edir. Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə səmərəli əməkdaşlıq edir. İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin mühüm işini dəstəkləmək məqsədilə Azərbaycan mütəmadi qaydada Ofisə könüllü maliyyə töhfələri ayırır və bunu etməkdə davam edəcək. Biz üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcılarının mühüm rolunu yüksək qiymətləndiririk. Bu baxımdan ölkəmiz bütün mandat daşıyıcılara daimi dəvət ünvanlayıb.
BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən 2021-ci il Beynəlxalq Sülh və Etimad İli elan edildiyini xatırladan Ceyhun Bayramov deyib: “Bu il Azərbaycan üçün əlamətdar olacaq, belə ki, ölkəmiz ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra münaqişə-sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyur. 30 ilə yaxın dövr ərzində münaqişənin siyasi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün istifadə edən Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək məqsədilə onların işğalının nəticələrinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər görüb. Bu xüsusda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma aparılıb, tarixi və mədəni irs dağıdılıb və soyğuna məruz qoyulub, təbii ehtiyatlar qeyri-qanuni istismar edilib, ictimai və özəl mülkiyyət mənimsənilib. İşğalın davam etdiyi illər ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, habelə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər törədilib.
Ermənistan tərəfindən Azərbaycana qarşı sentyabrın 27-də başlamış son təcavüz Azərbaycanın mülki əhalisini təşvişə salmaq məqsədilə müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları ilə müşayiət olunub. Bu məqsədlə Ermənistan məqsədli şəkildə Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən mülki əhalinin sıx məskunlaşdığı ərazilərinə hücum törədib, nəticədə 101 mülki şəxs həlak olub, 400-dən çox insan ağır yaralanıb. Bundan əlavə, Ermənistan hərbçilərinin azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, söyüş, başlarının kəsilməsi, cəsədlərlə pis rəftar tətbiq etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Azərbaycan müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində öz hüquqlarından istifadə edərək bu cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün bütün tədbirləri görməyə qərarlıdır”.
Ceyhun Bayramov bildirib ki, yuxarıda göstərilən əməllərini ört-basdır etməyə cəhd edən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanı eyni cinayətlərdə ittiham edir və bu məqsədlə yalan xəbərlərlə dolu kütləvi kampaniya həyata keçirir. BMT-nin insan hüquqları mexanizmləri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisi, müqavilə qurumları və mandat daşıyıcıları da Ermənistanın bu saxta təbliğatına məruz qalıb.
Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun icrasına şərait yaradır. Bununla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərdə ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastrukturun, o cümlədən təhsil və tibb müəssisələrinin, habelə, tarixi və mədəni irsin və ətraf mühitin məruz qaldığı ziyan və dağıntıların görünməmiş miqyası bu ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycan Hökuməti qarşısında böyük vəzifə qoyur. Hökumət artıq köçkün əhalinin təhlükəsiz və ləyaqətli qayıdışını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışı təmin etmək üçün praktiki tədbirlərə başlayıb.
“Azərbaycan münaqişə bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi mühitinə yenidən inteqrasiya etməyə və onlara Azərbaycanın etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin etməyə qərarlıdır. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı etibarlı hüquqi çərçivəni təmin edir.
Sülhün bərqərar olması, bərpa və yenidənqurma işləri, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, o cümlədən məcburi köçkün və qaçqınların qayıtması əsas prioritet olmalıdır. Bu məqsədlə Azərbaycan BMT-nin humanitar yardım üzrə 1991-ci ildə qəbul edilmiş prinsiplərinə tam uyğun olaraq müvafiq beynəlxalq tərəfdaşlarla, o cümlədən BQXK, BMTQAK və digər BMT qurumları ilə, habelə regionda sülh və stabilliyə töhfə vermək istəyən fərdi dövlətlərlə işləməyə hazırdır.
Bu yanaşma beynəlxalq hüquqa, eləcə də BMT-nin humanitar yardım, münaqişə-sonrası bərpa və yenidənqurma sahəsində işlərini tənzimləyən qətnamə və sənədlərinə əsaslanır və münaqişənin yaralarını sağaltmağa yönəlmiş etimad quruculuğu tədbirləri kimi çıxış edəcək.
Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistan və Azərbaycan üzərinə bütün hərbi fəaliyyətləri dayandırmaq və onilliklərlə davam edən münaqişənin aradan qaldırılması üçün tədbirlər görməklə bağlı öhdəlik qoyur. Azərbaycan bu sənədin tam əməli icrasına və Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması əsasında bu qanlı münaqişənin yaralarının sağaldılmasına böyük əhəmiyyət verir.
İnanırıq ki, BMT başda olmaqla beynəlxalq ictimaiyyət bölgədə xoş qonşuluq münasibətlərinin bərpasına yönəlmiş üçtərəfli Bəyanatın həyata keçirilməsinin dəstəklənməsində mühüm rol oynaya bilər.