Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib - FOTOLAR

146

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində qardaş Türkiyədə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri Türkiyənin Ankara şəhərinin Qızılcahamam rayonunda baş tutub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Kızılcahamam rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində rəsmi şəxslər, Ankara ictimaiyyətinin tanınmış simaları, yerli sakinlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin üzvü Emrullah İşler, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qızılcahamam bələdiyyəsinin sədri Süleyman Acar, Qızılcahamam icra hakimiyyətinin başçısı Can Aksoy tədbirdə çıxış ediblər.

Çıxışlarda təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və məqsədli şəkildə törədilmiş Xocalı soyqırımından bəhs olunub. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımının əsl mahiyyəti heç zaman unudulmayacaq. Qızılcahamamda yaradılan Xocalı Abidə-Muzey Kompleksinin məqsədi Xocalı həqiqətlərini unutmamaq və geniş ictimaiyyətə çatdırmaqdır.

Natiqlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından azad etməsi fəxr və iftixarla xatırlayıblar. Böyük və tarixi Zəfərin qazanılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək tarixi qardaşlıq münasibətinin ən parlaq səhifəsi kimi dəyərləndirilib.

Ankarada keçirilən anım tədbirində Xocalı soyqırımını törədənlər lənətlənib, bu bəşəri cinayətin müəlliflərinin cəzalandırılması tələb olunub.

Çıxışlardan sonra iştirakçılar Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzüb, Qızılcahamamdakı Xocalı Abidə-Muzey Kompleksini ziyarət ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: