Xalqımızın gündəlik həyat düsturları sırasında önəmli yer tutan “Birlik – dirilik!” deyimində “dirilik” sözü “birlik” ifadəsini həmqafiyəliklə yanaşı, məna tutumu və səbəb-nəticə baxımdan da ideal poetikliklə tamamlayır. Odur ki, birgə faliyyətimizlə daha asan qazandığımız uğurlardan söz açanda ağızdolusu deyirik: Birliyimiz – diriliyimizdir!”.
30 ildən bəri xalqımıza hədsiz ağrılar yaşatmış, ölçüyəgəlməz itkilər gətirmiş Qarabağ münaqişəsinə də məhz ümummilli birliyimizlə 100 gündən artıqdır ki, son qoyulub. Tarix bu sonluqla bir daha sübut etdi: ən müşkül düyünü də milli birliyin gücü, qüdrəti ilə açmaq mümkündür, ən sağalmaz milli dərdin də məlhəmi xalq birliyidir, ən vəhşi düşməni də Xalq–Lider–Ordu vəhdətindən yaranan ümummilli birliyin gücü ilə əzib-diz çökdürmək çətin deyil.
Müsahibimiz, görkəmli tarixçi alim, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev tarixdə əsl liderin rəhbərliyi ilə xalqın və onun döyüşkən, yurdsevər övladlarından təşkil olunmuş ordusunun birliyinin yenilməz gücünün II Qarabağ savaşı adlandırılan Vətən müharibəsində qazandığımız tarixi Zəfərin həlledici şərti və misilsiz qaynağı olduğunu vurğulayaraq bildirdi:
– Qarabağ savaşında qazandığımız böyük Qələbə, haqlı olaraq, təkcə xalqımızın parçalanaraq tarixi bəlalara düçar olduğu son iki əsrin deyil, sivil dövlətçilik tariximizin son iki minilliyinin də ən çətin və ən önəmli zəfəri sayılır. Bü gün Azərbaycan cəmiyyəti, dünyadakı dostlarımız, xeyirxahlarımız kimi, çağdaş tarixçilər də Qarabağ qələbəsini şərtləndirən amillər sırasında xalqımızın milli birliyinin və həmrəyliyinin, dövlət başçımızın müdrikliyinin və qətiyyətinin, Silahlı Qüvvələrimizin döyüşkənliyinin və yurdsevərliyinin möhtəşəm bir triada təşkil etməsi qənaətində yekdildirlər.
Bu qələbənin misilsizliyini daha dərindən və aydın anlamaq üçün bir az geri qayıdaq. Uzun illər öz məkrli niyyətinə çatmaq üçün real tarixi şəraitin yetişməsini gözləyən düşmən XX əsrin 90-cı illərinin əvvəllərində himayəçilərinin fəal dəstəyi ilə və həmin dövrdə ölkəmizdə baş alıb gedən hərc-mərclikdən, hakimiyyətsizlikdən istifadə edərək soydaşlarımızı tarixi torpağı olan Qərbi Azərbaycandan– Ermənistandan zorakılıqla qovub çıxarmışdı. Bununla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti süni surətdə “Dağlıq Qarabağ” adlandırılan ərazilərlə birlikdə, 7 rayonumuzu da hərbi yolla işğal etmişdi. Nəticədə, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu.
Həmin vaxtdan başlayan sülh danışıqları, ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar heç bir nəticə verməmişdi. Hətta Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini pozaraq, torpaqlarımızdan çıxmaqdan imtina etmişdi. Düşmən ölkə bütün bunlarla kifayətlənməyib, son dövrlərdə təxribat xarakterli bəyanat və hərəkətlərlə, yeni ərazi iddiaları ilə çıxış etmişdi.
Nəhayət, işğalçı dövlətin bu il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzündən sonra Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatı keçirməyə məcbur oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirdi: “Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir”.
Azərbaycan xalqı erməni hərbi təxribatlarına cavab verilməsi, işğal altında olan torpaqların azad edilməsi üçün ordumuzun əks-hücum əməliyyatlarını məmnunluqla qarşıladı, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yanında olduğunu nümayiş etdirdi. Bütün bölgələrdən ordumuza dəstək gəlirdi. Xalqımız hər gün dövlət başçısı İlham Əliyevin qələbə xəbərini intizarla və səbirsizliklə gözləyirdi. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olunurdu. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirirdilər.
Əks-hücum əməliyyatları başladığı gündən siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqı yumruq kimi birləşdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlətimizin başçısının ətrafında sıx birləşərək dəstəklərini ifadə etdilər. 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq – iqtidar birliyini təcəssüm etdirdi.
Prezident İlham Əliyev müsahibələrin birində qeyd etdiyi kimi, “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsi” oldu. Ölkəmizin açıq qələbəsi ilə başa çatan döyüşlər Ali Baş Komandan İlham Əliyevin çevik və qətiyyətli rəhbərliyi altında, xalqımızın möhkəm birliyi və həmrəyliyi, orduya göstərdiyi hərtərəfli dəstək şəraitində 44 gün davam etdi, düşmənin cəhənnəmə döndərdiyi cənnət Qarabağ 30 illik murdar tapdaqdan xilas edildi.
Bu ölüm-dirim savaşı zamanı Azərbaycan cəmiyyətində heç bir vaxt baş tutmamış milli birlik və siyasi həmrəylik yaşandı və öz qüdrətini göstərdi. Cəbhədə şiddətli döyüşlərin getdiyi bir vaxtda siyasi partiya və təşkilatlar, həmçinin ayrı-ayrı tanınmış ictimai-siyasi xadimlər, bütün ziyalılar xalqın, dövlətin, ordunun, Ali Baş Komandanın yanında olduqlarını bəyan edir, ümummilli məsələ ətrafında birlik nümayiş etdirirdilər.
Xalqın müstəsna bir yekdillik yaradan birliyindən, düşmənin dinc əhaliyə tuşlanmış vəhşi əks-həmlələrini dözüm-dəyanətlə qarşılamasından və orduya hərtərəfli dəstəyindən güc alıb ilk gündən yalnız irəliləyən Silahlı Qüvvələrimizin rəşadətindən, yenilməzliyindən söz açan tarixçi akademik daha sonra dedi:
– Qismən səfərbərliyin elan olunması və bəzi vətəndaşların xidmətə cəlb olunması ilə yanaşı, savaşın ilk günlərindən on minlərlə vətəndaşımız könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək cəbhəyə yollanmağa hazır olduqlarını söyləyirdilər. Mərd oğullarımız gülə-gülə, sevinc hissi, valideynlərin xeyir-duası ilə cəbhəyə yola düşürdülər. Savaşın ilk günündən sonuna kimi bu vəziyyət davam etdi. Prezident İlham Əliyevin fəxrlə dediyi kimi, hər gün geri oturdulan və getdikcə pərən-pərən olub qaçmağa məcbur olan düşmən ordusundan tamamilə fərqli olaraq Azərbaycan döyüşçüləri yalnız irəlilədi, bir nəfər də fərariyə rast gəlinmədi.
İşğalçı ölkənin 30 il ərzində möhkəmləndirdiyi təmas xəttini Azərbaycanın müzəffər Ordusu qısa zamanda yararaq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Şuşa şəhərini, 200-dək kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Sonrakı günlərdə isə rəşadətli Azərbaycan Ordusu düşmən qüvvələrini darmadağın etdi. Düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verməyə məcbur edildi.
Heç şübhəsiz, əldə edilən bu möhtəşəm qələbənin əsas ilhamverici qüvvəsi Ali Baş Komandan, qələbəni qazanan müzəffər ordumuz, döyüşçülərimizə dəstək verən, arxa-dayaq olan isə yurdsevər xalqımız idi. Hərbi-siyasi informasiya və digər sahələrdə gedən müharibəni Prezident özü məharətlə idarə edirdi. Bu müharibə zərgər dəqiqliyi ilə həyata keçirilirdi. Dövlət başçısının hərbi əməliyyatlar dövründə son dərəcə məsul qərarlar qəbul edərkən göstərdiyi qətiyyətlilik, mərdlik, əzmkarlıq, siyasi iradə sayəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi uğurla başa çatdırıldı.
İkinci Qarabağ müharibəsində, əvvəlki döyüşlərdə olduğu kimi, Azərbaycan Ordusu ilk əks-hücum əməliyyatından başlamış, Şuşanın alınmasına qədər olan dövrdə hansı hünərə və döyüş bacarıqlarına malik olduğunu əyani olaraq göstərdi. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində və Qarabağ torpaqlarının işğalına son qoyulmasında, heç şübhəsiz ki, ilk növbədə, Azərbaycan Ordusu öz sözünü dedi, misilsiz fədakarlıq nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin bir sərkərdə, hərbi xadim olaraq nə qədər məharətli olduğunu təsdiq etdi.
Dövlət başçısı İlham Əliyev döyüş meydanında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanı kimi Azərbaycan əsgəri və zabiti olduğunu qeyd etmişdir: “Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Füzuli rayonunun, başlıcası isə Şuşa şəhərinin azad edilməsi üçün göstərilən məharət və döyüşkənlik isə xalqımızın hərb tarixində hər zaman böyük qürurla xatırlanacaq bir şücaətdir. Azərbaycan Ordusunun döyüşçüləri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdilər. Düşmənin 30 ildə qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.
AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev açıqlamasının sonunda Xalq – Lider – Ordu triadasının Azərbaycan modelinin çağdaş dünya üçün yeni bir örnək olduğunu da qeyd edərək bildirdi:
– Müharibənin gedişində xalqımız düşmən qarşısında vahid toplum olmağın, güclü bir yumruğa çevrilməyin yeni bir nümunəsini yaratdı. Xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi. Müxtəlif idarə və təşkilatlar, ayrı-ayrı vətəndaşlar, hətta xarici ölkələrdə yaşayan soydaşlarımız da xalqımıza, ordumuza dəstək olur, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın başlatdıqları aksiyaya qoşulanların sayı sürətlə artırdı. Torpaqlarımızı Ermənistanın işğalından azad etmək üçün başladılan əks-hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə xalqımız “Əsgərə sovqat” adlı misilsiz bir kampaniya təşkil etdi. Müxtəlif təşkilatlar, kollektivlər əmək haqqından Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürdülər.
Əsgərlərimizin gündəlik istifadəsi üçün nəzərdə tutulan əşyalar – corab, papaq, isti alt paltarı, əlcək, tibbi ləvazimatlar, dərman preparatları hərbi hissələrə təhvil verilirdi. Bu sovqatlar hərbi hissələrdən birbaşa döyüş bölgəsinə göndərilirdi. Döyüşən əsgərləri ruhlandırmaq, onlarla əlaqəni genişləndirmək və mənəvi dəstək vermək üçün “Əsgərə məktub” aksiyası da genişləndi. Tanınmış elm və mədəniyyət xadimləri, müxtəlif kollektivlərin nümayəndələri, dini konfessiyaların üzvləri hərbçilərlə görüşür, onların döyüş ruhunu, vətənpərvərliyini artırmaq üçün söhbətlər edirdilər.
Yurdsevər xalqımızın Vətən müharibəsi ilə Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.
Prezident İlham Əliyev Qarabağ zəfərində qazanılan zəfərdə ümummilli birliyin və həmrəyliyin mütləq rolunu, haqlı olaraq çox yüksək dəyərləndirmişdir: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.
Tahir Aydınoğlu
“Xalq qəzeti”