Malayziya qəzetində “Xocalı: Azərbaycan xalqının fəryadı” adlı məqalə dərc edilib

A- A A+

Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzeti Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş böyük məqalə çap edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 24-də dərc edilmiş məqalə “Xocalı: Azərbaycan xalqının fəryadı” başlığı ilə təqdim olunub.

Məqalədə 1988-ci ildən etibarən qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha sonra zorakılıq aksiyaları ilə müşayiət olunduğu, öz doğma yurdlarında azərbaycanlılara qarşı ermənilər tərəfindən ciddi təzyiqlər göstərildiyi, onların öz dədə-baba torpaqlarından didərgin salınması, mülki vətəndaşların ən sadə məişət imkanlarından şüurlu şəkildə məhrum edildiyi nəzərə çatdırılıb. Bu sistemli təzyiqin ən qəddar mərhələsi kimi, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum edərək qanlı əməliyyat keçirdiyi, çox sayda insanın qətlə yetirildiyi və əsir götürüldüyü, canlarını qurtarmağa çalışan qadın və uşaqların isə soyuq hava nəticəsində tələf olduğu vurğulanıb.

Məqalədə soyqırımdan sonrakı növbəti günlərdə yerli və xarici mətbuat nümayəndələrinin, o cümlədən mərhum jurnalist Çingiz Mustafayevin qətliamın törədildiyi ərazilərə baş çəkdikləri, onların gördükləri mənzərədən dəhşətə gəldikləri qeyd olunub. Dünya ictimaiyyətinin Xocalıda törədilən cinayət barədə məlumatlandırılması işində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının önəmli rol oynadığı, bu günə qədər 120 min insanın və 115 təşkilatın bununla bağlı maarifləndirmə fəaliyyətinə cəlb olunduğu qeyd edilib.

Məqalədə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyevin fikirlərinə geniş yer verilib: “Ermənistan cəmiyyəti Xocalı soyqırımını törədənləri ədalətə təslim etmədiyi müddətdə, təkcə insanlıq əleyhinə olan bu cinayətin ağır yükünü çəkməkdə davam etməyəcək, eyni zamanda, özünü etibarlı qonşu statusundan məhrum edəcəkdir. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Regionumuzun əməkdaşlıq potensialında yeni və ümidverici səhifə açılıb. Hesab edirəm ki, Ermənistan cəmiyyəti fəal şəkildə yeni prosesə qoşulmaq, həmçinin sülh və əməkdaşlığa töhfə vermək üçün təcili olaraq öz keçmişindən Xocalı soyqırımında törədilmiş ləkəni təmizləməlidir”, - deyən səfirin sözləri sitat gətirilib.

Qeyd edək ki, 1939-cu ildən nəşr olunan “Utusan Malaysia” qəzeti Malayziyanın ilk malaydilli qəzeti olmaqla yanaşı, bu ölkədə ən çoxsaylı tirajla gündəlik dərc olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: