İran qəzetində Xocalı soyqırımı barədə məqalə dərc olunub - FOTOLAR

A- A A+

Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə İranın Təbriz şəhərində nəşr olunan “Sorxab” qəzetində “Xocalı soyqırımı bəşəriyyət əleyhinə törədilmiş cinayətdir” başlıqlı məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsindən və bu işğal zamanı törətdiyi Xocalı faciəsindən bəhs olunub. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə mühasirədəki Xocalı şəhərinin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridərək onlara misli görünməmiş qəddarlıqla divan tutdu, şəhər barbarcasına yerlə-yeksan edildi. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan başqa, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu vaxtadək məlum deyil.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi, Ulu Öndərin rəhbərliyi ilə bu faciəyə siyasi-hüquqi qiymət verildi, 26 fevral - Xocalı Soyqırımı Günü elan edildi. Xocalı soyqırımına beynəlxalq ictimai diqqətin cəlb edilməsi və onun tanıtdırılması istiqamətində ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atıldı. 2008-ci ildə başlanmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsi, Xocalı soyqırımının tanınması istiqamətində dünyanın bir çox ölkələrində sistemli tədbirlərin uğurla həyata keçirilməsinə başlandı. Məhz beynəlxalq məlumatlandırma kampaniyaları nəticəsində dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı qərarlar qəbul edildi. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar. Xocalı soyqırımı ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ölkələrdən biri də İran İslam Respublikası olub. Belə ki, 4 qitədən 57 üzv ölkənin, o cümlədən İran İslam Respublikasının da daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı yekdil və birmənalı mövqe sərgiləyərək Xocalı faciəsini “soyqırımı aktı” və “insanlığa qarşı törədilmiş cinayət” kimi tanıyıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: