Xocalı soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR
Pakistanın geniş oxucu kütləsinə malik “İslamabad Post”, “Daily Times” kimi qəzetlərində, “Diplomatic News Agency”, “Daily Spokesman” xəbər agentliklərində və “Centreline” jurnalında “Xocalı soyqırımı – İyirminci əsrin faciəsi” və “Xocalı soyqırımı – İnsanlığa qarşı cinayət” sərlövhəli məqalələr dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materiallarda Xocalı soyqırımı, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı XX əsrdə Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri olduğu bildirilib.
Müəlliflər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Sovet imperiyasının 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlı dinc sakinləri gülləbarana məruz qoyduqlarını bildiriblər.
Məqalələrdə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyduğu, 1275 dinc sakinin əsir götürüldüyü, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmadığı, 475 nəfərin şikəst olduğu, 8 ailənin bütünlüklə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi diqqətə çatdırılıb.
Yazılarda bu cinayətin Ermənistanın azərbaycanlılara qarşı təcavüzkar soyqırımı siyasətinin növbəti mərhələsi olduğu vurğulanaraq, Xocalı soyqrımının Ermənistanın anti-Azərbaycan vandalizminin ilk nümunəsi olmadığı bildirilib, 1918-ci ildə Bakı, Quba, Şamaxı və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilmiş qətliamların da ermənilərin etnik nifrətə əsaslanan vəhşiliklərinin bariz nümunəsi olduğu bildirilib.
Müəlliflər məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Xocalı soyqırımının mahiyyətini ortaya qoyduğunu, onun təşəbbüsü ilə 1994-cü ilin fevralında Milli Məclisin bu cinayətə hüquqi və siyasi qiymət verən xüsusi sənəd qəbul etdiyini diqqətə çatdırıblar.
Məqalələrdə bu soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu vurğulanıb.
Sonda müəlliflər Xocalı soyqırımının Pakistan da daxil olmaqla, bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınaraq qınandığını bildiriblər.