Tarix səhnəsində zaman-zaman elə hadisələr yaşanır ki, onlar mahiyyət etibarilə məxsus olduğu xalqın yaddaşına əbədi həkk olunur, əsrlər ötsə, dövr dəyişsə də unudulmur. Bu mənada, təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin sağalmaz yarasına çevrilən, silinməz qan yaddaşımız sayılan Xocalı soyqırımının nəticələri ilbəil daha dərindən təhlil edilir, araşdırılır, öyrənilir, dünyada geniş şəkildə təbliğ olunur, silsilə tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi daim əziz tutulur. Bəşər tarixinin ən dəhşətli faciəsinin törədilməsindən artıq 29 il ötür. Belə ki, Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerləyeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III minilliklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də xalqımıza məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.
Xocalının işğalı düşmənin əvvəlcədən hazırladığı plan üzrə baş tutmuşdu. Belə ki, Xocalı hələ 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınmışdı. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevral ayında isə Malıbəyli və Quşçular kəndlərini işğal etdilər. Həmin kəndlərin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş erməni muzdlu döyüşçülərin hesabına işğal olundu. Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardı. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. İşğal planı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təşkil olunmuş, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı da 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüşdür. Onlardan 150-nin taleyi hələ də məlum deyil. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi.
Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət!” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalı qətliamını kəskin pisləyirlər. 2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatı “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin son 17 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 2016-ci ilin Aprel döyüşlərində və 2018-ci ilin may ayında qazanılan zəfərlər Böyük Qələbə gününü daha da yaxınlaşdırmışdı. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlanılan əks-hücum əməliyyatının parlaq qalibiyyətlə yekunlaşması məhz bu baxımdan heç də təsadüfi deyildi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində uğurlu strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə nəticəsində ordumuzun bölmələri işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu. Ümumilikdə, Qarabağ şəhidlərinin, eləcə də həm Xocalının, həm də xocalıların qisası alındı. Azərbaycan Ordusunun hücumuna, Vətən oğullarının qətiyyəti qarşısında davam gətirə bilməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur qaldı. Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edildi. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması, 44 gündə 100-ə yaxın mülki şəxsin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olan terror aktlarını törədməsinə, eyni zamanda 10 noyabr razılaşmasına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçını boşaldarkən edilən vəhşiliklərə qarşı bəzi ölkələrin biganə münasibəti, görməzdən gəlmələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini bütün aydınlığı ilə üzə çıxardı.
Artıq azad olunan əzəli torpaqlarımızda tikinti-quruculuq, abadlıq tədbirlərinə başlanılıb, ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə Qarabağa səfər edərək həyata keçirilən işlərlə yaxından maraqlanıb. Son vaxtlarda baş verən hadisələr isə ermənilərin hələ də öz məkrli planlarından, mənasız xülyalarından əl çəkmədiyini, revanşist xislətinə qapıldığını göstərir. Lakin 44 gün ərzində müzəffər Ordumuz, “Dəmir yumruq” onlara elə bir layiqli zərbə vurub ki, daha nə müharibə etməyə gücləri, nə də bu yöndə təxribata əl atmağa cürətləri qalıb. Fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfərdə olarkən Prezident cənab İlham Əliyev bu məsələdən bir daha söz açaraq bildirib ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Ölkə başçısı deyib: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu, demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olub...