Xarici jurnalistlər Xocalı soyqırımı dəhşətlərini şahidlərin dilindən dinləyiblər - FOTOLAR
Fevralın 25-də xarici media nümayəndələri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Səfərdə məqsəd beynəlxalq medianın Xocalı soyqırımı haqqında daha ətraflı məlumatlandırılmasıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalistlər əvvəlcə Ağdam şəhər məscidində olublar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçilərinin və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan ediblər. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 155 nəfərin taleyi indiyədək naməlumdur. Soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib, yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınların bədənləri süngü ilə deşik-deşik edilib.
Məlumat verilib ki, Xocalı faciəsi qurbanlarının meyitləri o zaman Ağdam şəhər məscidinə gətirilir, burada yuyulur, kəfənlənir və dəfn olunmaq üçün yola salınırdı.
Ağdam Cümə məscidində məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotoların sərgi-təqdimatı keçirilib.
Fotoqraf Reza Deqati 1992-cı ildə Xocalı faciəsindən sonra Ağdam Cümə məscidində çəkdiyi və erməni vəhşiliyini əks etdirən fotoların tarixçəsi barədə media nümayəndələrinə məlumat verib. Bildirib ki, həmin dövrdə ermənilərin qətlə yetirdikləri insanları bu məscidə gətirirdilər: “Məscidin arxasında Xocalıdan çıxmış yüzlərlə adam toplaşmışdı. Meyitlər buraya gətirilirdi, hərə öz yaxınının cəsədini axtarırdı. Bu şəkildəki kişi isə oğlunu itirib. Üç gün burada əlində oğlunun fotosu onu axtarır. Bu fotodakı qadınlar məscidin qarşısına yığışaraq yaxınlarının meyitlərini axtarırlar. Qadınlardan biri oğlunun və həyat yoldaşının meyitini tapdı. Dedi ki, gözlərini çıxarıblar. Ermənilər onun gözlərini diri halda çıxarmışdılar”.
Xocalıdan olan məcburi köçkün Məmməd Nağıyev 29 il əvvəl Xocalıda dinc sakinlərin başına gətirilən müsibətlərdən danışaraq deyib: "Xocalı faciəsi barədə danışmaq olduqca ağırdır. Həmin hadisələr zamanı mən əsir düşmüşəm və əsirliyin bütün əzab və iztirablarını yaşamışam. Biz Xocalıdan qaçıb Ağdama tərəf gedəndə Dəhraz kəndi yaxınlığında əsir götürüldük. Ermənilər Azərbaycan dilində bizi çağırıb aldatdılar. Biz onları azərbaycanlı zənn edib yaxınlaşanda atəş açdılar. Bizi əsir götürdülər. Əsirlərin dişlərini çıxartdılar, bəzilərini isə güllələdilər. Bir nəfərin başını kəsərək futbol topu kimi oynatdılar. Bütün bunlar olduqca dəhşətli idi”.
Sonra xarici media nümayəndələri Xocalı sakinlərinin qətliam edildiyi, bir hissəsinin isə xilas olunduğu Şelli kəndi yaxınlığına gəliblər. Onlar burada 29 il əvvəl yaşanan dəhşətləri Xocalı sakinlərinin və xocalılıların azad olunmasında iştirak etmiş keçmiş döyüşçülərin dilindən dinləyiblər.
Bildirilib ki, erməni silahlı birləşmələri həm Xocalıda qırğınlar törədib, həm də mühasirədən çıxıb meşələrə, dağlara qaçmağa müvəffəq olmuş şəhər sakinlərini təqib edərək xüsusi amansızlıqla qətlə yetiriblər. Xilas olmaq üçün şəhəri tərk edib Ağdam istiqamətinə qaçan Xocalı sakinlərinin bir qisminin qarşısı Şelli kəndi yaxınlığında erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar vəhşicəsinə qətlə yetiriliblər.
Keçmiş döyüşçü Zahid Əliyev jurnalistlərə deyib: “Faciənin ertəsi günü Şelli istiqamətində 30 meyit, 15 yaralı götürdük, 280 nəfəri xilas edib Ağdama yola saldıq. Sonra irəliyə gedib daha böyük qətliamın törədildiyinin şahidi olduq. Hər tərəf Xocalı sakinlərinin meyitləri ilə dolu idi. Oradan 58 qadın, 2 kişi meyiti götürdük. Növbəti günlərdə isə ərazidən yüzlərlə cəsəd daşıdıq. Silahsız insanları vəhşicəsinə qətlə yetirmişdilər. Qadınların barmaqlarını, qulaqlarını kəsib, avtomobilin arxasına bağlayıb sürümüşdülər. Hamilə qadının qarnını yarıb uşağı çıxarmışdılar. Belə vəhşilik heç yerdə olmayıb”.
Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn media nümayəndələrinə məlumat verilib ki, Xocalı faciəsi zamanı qətlə yetirilənlərin bir qismi burada dəfn edilib. Lakin ermənilər Ağdam şəhərini işğal etdikdən sonra Şəhidlər xiyabanını da dağıdıblar.
Xarici jurnalistlər Ağdam rayonunun Qiyaslı kənd məscidində erməni vəhşiliyi ilə tanış olublar. Ermənilər XVIII əsrin yadıgarı olan məsciddən tövlə kimi istifadə edərək, burada mal-qara saxlayıb, kəndi tərk edərkən isə bu tarixi-dini abidəni yandırıblar.
Ağdam şəhərindəki İmarət qəbiristanlığına gələn media nümayəndələrinə bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İmrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin xanlığın sonuncu şahzadəsi Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq da erməni vandalizminə məruz qalıb.
Fotoqraf Reza Deqati jurnalistlərə bildirib ki, Pənahəli xanın soyundan olan Xurşidbanu Natəvan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərindəki XVIII əsrə aid kompleksdə dəfn edilmişdi. Ermənilər şəhəri ələ keçirməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş, məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum. 2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım. Natəvanın məzarının qazıldığını və sümüklərinin aparıldığını gördüm”.