İndoneziya Parlamentinin rəsmi səhifəsində “İndoneziya Parlamenti Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə dərin kədər hissi ilə başsağlığı verir” başlıqlı bəyanat yayımlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İndoneziya-Azərbaycan Dostluq Qrupunun sədri Məhəmməd İqbalın verdiyi bəyanatda 29 il bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağ ərazisində baş vermiş Xocalı qətliamının qurbanlarının xatirəsini dərin hörmətlə yad etdikləri vurğulanıb. Bu insanlıq faciəsinin Ermənistanla Azərbaycan arasındakı münaqişənin ən qaranlıq səhifəsi olduğunu bildirən M.İqbal, Xocalı qətliamının bəşəriyyət tarixinə böyük bir ləkə olduğunu və bu faciəni törədənlərin cəzalandırılmasının zəruri olduğunu bildirib.
Bəyanatda, 1988-ci ilin əvvəllərində Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladığı, 1992-ci il fevralın 25-də və 26-da Xocalı şəhərində etnik azərbaycanlıların qətlə yetirildiyi qeyd olunub. Faciə zamanı 106 qadın, 33 uşaq və 70 yaşlı insan daxil olmaqla, ümumilikdə 613 nəfərin qəsdən öldürüldüyü əksini tapıb. Yüzlərlə insanın ağır yaralandığı, 1275 nəfərin isə əsir götürüldüyü vurğulanıb.
İndoneziya Parlamentinin dərin kədər və təəssüf hissi ilə Xocalı qurbanlarını yad etdiyi, dostluq qrupunun bu faciə nəticəsində həyatını itirənlərə Allahdan rəhmət dilədiyi, onların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdiyi bildirilib.
Sənəddə, həmçinin Xocalı Soyqırımının 29-cü ildönümünün Dağlıq Qarabağ regionunda Ermənistanla Azərbaycan arasında münaqişənin həlli istiqamətində yeni beynəlxalq sülh səylərinin başladılması üçün fürsət olduğu bildirilərək, Ermənistanın BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməsi, öz silahlılarını Azərbaycan torpaqlarından çıxarmasına və bir milyon azərbaycanlı qaçqının evlərinə qayıtmasına şərait yaradılmasına çağırış öz əksini tapıb.
Bəyanatda, dünyanın heç bir yerində bir daha bəşəriyyət əleyhinə bu cür cinayətlərin törədilməməsi üçün Xocalıda həlak olanların yad edilməsinin və burada törədilən dəhşətli cinayətin yadda saxlanılmasının vacib hesab edildiyi qeyd edilib. Xocalı qurbanlarının hər kəsə sülhün dəyərini xatırlatdığı vurğulanıb.