ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib - FOTOLAR
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ABŞ-ın Yuta ştatında yaşayan Yuta və Nyu-York Azərbaycan İcmalarının nümayəndələri Əsmər Hüseynova və Kamran Qarayevin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 25-də Xocalı soyqırımına dair həqiqətləri əks etdirən led ekranlı avtomobillər ABŞ-ın Corciya ştatının Atlanta, Tennesi ştatının Naşvil, Massaçusets ştatının Boston şəhərlərində, eləcə də Nyu-York və Vaşinqton şəhərlərində hərəkət edib. Ekranda üçrəngli dövlət bayrağımız, "Azərbaycan" sözü, "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub, fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", “63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib", "Erməni yazıçısı David Xerdiyan Xocalıdakı qəddarlığı etiraf edib" və s. məlumatlarla müşayiət olunub.
Aksiya 5 ştatdakı dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların, Ermənistanın səfirlik və konsulluqlarının yerləşdiyi, eləcə də insanların sıx hərəkət etdiyi küçə və meydanları əhatə edib.