Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə Xocalı soyqırımına öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək. Soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt indiki imkanlar da yox idi. Ona görə bir çoxları üçün bu məsələ o qədər də aydın deyildi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
Həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə o qədər də böyük imkanlarının olmadığını qeyd edən dövlətimizin başçısı deyib ki, erməni lobbisi müharibə ilə bağlı, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatları ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı və bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz əlbəttə ki, böyük səylər göstərməli idik. Son illər ərzində bu fəaliyyəti ardıcıl surətdə göstərmişik, dövlət olaraq, ictimai təşkilatlar olaraq. İctimai təşkilatlar arasında əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya ədalət” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var. Bizim əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmaması, nə Azərbaycanda, nə də dünyada heç vaxt təkrarlanmamasıdır. Azərbaycanın heç vaxt 1990-cı illərin əvvəlində olan aciz duruma düşməməsi, hər zaman özünü, öz vətəndaşlarını qoruya bilməsidir.
Bu gün Xocalı soyqırımı ilə bağlı dünyada geniş məlumatın olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Bu addımların təkrarını biz ikinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir və böyük dövlətlər və ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Ermənistan ərazisindən buraxılmışdır - Gəncə şəhərinə, Tərtər, Bərdə, digər şəhərlərə. Yəni növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var”.
Prezident əmin olduğunu bildirib ki, illər keçdikcə Xocalı soyqırımı haqqında bütün dünya biləcək. Biz bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımını rəsmən tanısınlar. Bu işlər bundan sonra da ardıcıl surətdə aparılacaq.