Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub - FOTOLAR

A- A A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində qardaş Türkiyənin İğdır şəhərində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğu ilə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə yerli hakimiyyət orqanlarının rəhbərləri, ziyalılar, qardaş ölkənin nüfuzlu siyasi partiyalarının İğdır bölmələrinin aparıcı şəxsləri, ictimaiyyətin tanınmış simaları, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra onların ruhuna dualar oxunub.

Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır valisi Hüseyin Engin Karaibrahim və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar Xocalı soyqırımını törədən Ermənistanın işğalçı siyasəti və onun ağır nəticələri ilə bağlı fikirlərini bölüşüblər. Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi, beynəlxalq birlik tərəfindən tanınması istiqamətində görülən işlər, dünyanın ayrı-ayrı ölkələrində bu qətliam qurbanlarının xatirəsinə parkların salınması, abidələrin ucaldılması və digər məsələlər barədə iştirakçılara müfəssəl məlumat verilib.

Qırx dörd günlük Vətən müharibəsinin rəşadətindən danışan çıxışçılar bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu düşmənə layiqli cavab verib. Azərbaycan bu şanlı prosesdə ilk andan başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla bütün Türkiyənin siyasi-mənəvi dəstəyini hiss edib və öz qardaşlarına güvənib.

Diqqətə çatdırılıb ki, qazanılan Zəfər şanlı tariximizdir, ancaq Azərbaycan və Türkiyə heç zaman Xocalı soyqırımının acılarını unutmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: