Xocalı soyqırımının 29-cu ildönümünün anılması və faciənin dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Bütün Pakistan Qəzetləri Cəmiyyəti (All Pakistan Newspapers Society - APNS) tərəfindən ingilis və urdu dillərində hazırlanan infoqrafikalar ölkənin bir çox kütləvi informasiya vasitələrində dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, infoqrafikalarda Xocalı soyqırımından 29 il keçdiyi qeyd olunub. 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalıya daxil olduğu, şəhəri yerlə-yeksan etdiyi və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı işğal etdikləri bildirilib. İnfoqrafikalarda Xocalı faciəsi zamanı qətlə yetirilən, yaralanan, əsir götürülən insanların, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlara da yer verilib. Eyni zamanda, Xocalı soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması tələbi vurğulanıb.
Xatırladaq ki, Bütün Pakistan Qəzetləri Cəmiyyəti (APNS) özündə “Jang”, “Dawn”, “Nawa-i-Waqt” kimi nəhəng informasiya agentlikləri və qəzetlər də daxil olmaqla, Pakistanın 170-ə yaxın nəşriyyat evi və şirkətini birləşdirir. Bu infoqrafikalar APNS-ə üzv olan əksər qəzetlərdə yayılıb.