Noyabrın 10-dan sonrakı dövrdən prinsip etibarilə məmnunam. Çünki 10 noyabrda imzalanmış Bəyanatda göstərilən əsas məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılması idi və buna biz nail olduq. Dekabrın 1-də bu bölgələr bizə qayıtdı. Eyni zamanda, Bəyanatda göstərilən digər məsələlərlə bağlı, hesab edirəm ki, müsbət addımlar atılır. Bəzi məsələlər təbii olaraq hələ ki icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Amma hesab edirəm ki, məsələ prinsip etibarilə müsbət istiqamətdə gedir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Türkiyənin Anadolu Agentliyinin müvafiq sualına cavabında söyləyib.
Dövlətimizin başçısı vurğulayıb ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də bu istiqamətdə atılmış çox önəmli addımdır. “Mən əminəm ki, bu monitorinq mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir”.
Bəzi məsələlərin 10 noyabr Bəyanatında öz əksini tapmadığını, amma ondan sonrakı dövrdə razılaşdırıldığını qeyd edən Prezident İlham Əliyev deyib: “Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ ki icra edilmir. Yenə də deyirəm, bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmasında o qədər də ciddi addımlar atmırlar. Bu, bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə bu məsələlər də tənzimlənəcək”.