NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ Konqresinin nüfuzlu üzvlərindən olan, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Robert Aderholt (Respublikaçı – Alabama) Xocalı qətliamının ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Bəyanatda 1992-ci ildə Xocalıda qətlə yetirilmiş yüzlərlə azərbaycanlının xatirəsinin yad edilməsinə çağırılır. Ermənistanla Azərbaycan arasında silahlı münaqişə başlanandan etibarən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin yüzlərlə insanın həlak olduğu, ailələrin məhv edildiyi və şəhərin dağıldığı ən pis gün olduğu vurğulanır.
Ötən il Ermənistanla Azərbaycan arasında döyüşlərdən sonra son 30 il ərzində sülhün qarşısında mövcud olan maneələrin aradan qaldırılması üçün ümid yarandığı diqqətə çatdırılır. Uzunmüddətli sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın bütün Cənubi Qafqaz bölgəsi və dünyanın marağında olduğu bildirilir.
Bəyanatda ABŞ və Azərbaycanın 1992-ci ildə - Xocalı faciəsinin baş verdiyi ildə diplomatik əlaqələr qurduğu, o dövrdən etibarən Azərbaycanın terrorçuluqla müharibədə əsas tərəfdaş olduğu, iki ölkənin ticarət və investisiya əlaqələrinə malik olduğu qeyd edilir.
Həmçinin bu faciənin ildönümünün qətlə yetirilmiş kişi, qadın və uşaqların xatırlanması, habelə belə amansızlıqların yenidən baş verməməsi baxımından birgə işləmək üçün uyğun zaman olduğu diqqətə çatdırılır.
Qeyd edək ki, 1997-ci ildən ABŞ Konqresinin üzvü olan Robert Aderholt ABŞ-ın xaricə yardımı üzrə ixtisaslaşmış olduqca nüfuzlu Təxsisatlar Komitəsinin üzvü, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) komissarıdır.