“Bu gün Azərbaycanın məqsədi ondan ibarət deyil ki, İkinci Dünya müharibəsindən sonrakı dövrdə Almaniyanın vəziyyətinə oxşar bir vəziyyətə düşən Ermənistanla üz-üzə qalsın. Nəinki müharibəni uduzmuş bir ölkə, eyni zamanda iqtisadi gücü qalmayan, hətta əvəz çıxmaq eşqinə düşən Ermənistanı görmək heç kimin istəyində və planlarında deyil”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında fransalı tədqiqatçı, siyasi elmlər doktoru, Belçikanın Brüksel Azad Universitetinin professoru Sebastian Bussua bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda görülən tədbirlər və aparılan işlər bütün regionun maraqlarına xidmət edir:
“Azərbaycanın yürütdüyü siyasət bütün regionun maraqlarına xidmət edir. Bu gün Azərbaycanın məqsədi ondan ibarətdir ki, Dağlıq Qarabağ turistik bir regiona çevrilsin, bu regiona digər ölkələr sərmayə qoya bilsinlər və oradan İpək yolu kimi də istifadə edilə bilsin. Bütün bunlar da öz növbəsində regionun aktivliyinin artırılmasına müsbət təsir göstərəcək”.
Azərbaycan və Ermənistan arasında 44 günlük müharibənin bitməsinə dair imzalanan 10 noyabr, razılıq sənədini şərh edən professor onun beynəlxalq hüquq normalarına cavab verən və reallığa tamamilə uyğun sənəd olduğunu deyib:
“ATƏT-in Minsk qrupu həmsədr dövlətləri 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ münaqişəsini diplomatik yolla həll etməkdə aciz qalmışdı. Sülh yolu ilə torpaqlarını geri qaytarmağı səbrlə gözləyən Azərbaycana üstəlik hücumlar olunur, əsgərləri öldürülürdü. Belə vəziyyətdə işğal olunmuş torpaqlarını azad etmək məqsədilə Azərbaycanın müharibəyə girməkdən başqa yolu qalmamışdı. Əməliyyatların sonunda imza atılan sənəd real vəziyyətə, tarixi həqiqətlərə və beynəlxalq hüquqa tamamilə uyğun gələn razılaşmadır. Dağlıq Qarabağ bu regionda anadan olmuş azərbaycanlılara məxsus qorunan qoruğa, kiçik cənnətə çevrilməlidir”.
Sebastian Bussua vurğulayıb ki, Ermənistanda əhalinin 99 faizi ermənilər təşkil etdiyi halda Azərbaycanda müxtəlif xalqlar və dinlərə məxsus əhali yaşayır.
“Bu çox tarixi və aktual həqiqətlərdən xəbər verir. Azərbaycan nəinki Avropa Şurasının üzvüdür, o hətta dünyəvi müsəlman ölkəsidir. Azərbaycan həm Avropa ailəsinə məxsusdur və eyni zamanda Asiya qitəsinə məxsus özəlliklərə, sərvətlərə malik ölkədir. Müxtəlif xalqların tarixən Azərbaycana göstərdikləri təsirləri bu ölkədə dini, mədəni müxtəlifliyin inkişafına səbəb olub. Onu erməni kilsələrini dağıtmaqda ittiham edənlər bilməlidirlər ki, Azərbaycan multikultural ölkədir. Ermənistanın əhalisi 99 faizi xristian və ermənilərdən ibarət olduğu halda Azərbaycanın əhalisi tarix boyu olduğu kimi və bu gün də müxtəlif xalqlar və müxtəlif dinlərə məxsus əhalidən təşkil olunub”.