İlham Əliyevin dəmir yumruğu Ermənistanı siyasi xaosa sürükləyib

A- A A+

Vətəndaş qarşıdurması yaşayan ölkədə iqtidardan üz döndərən xalq hərbi xuntaya da dəstək vermir

Ermənistanda uzun illər hakimiyyətdə olan kriminal xunta rejiminin çökməsində Azərbaycan Prezidenti İlham Əliyevin bu  ölkəyə qarşı tətbiq etdiyi təcrid siyasəti mühüm rol oynamışdı.

Nəticədə yaranmış durumdan bezən xalq Serj Sarkisyan iqtidarının devrilməsinə nail olmuşdu. 44 günlük müharibədəki məğlubiyyətdən sonra isə təslimolma aktını imzaladığına görə keçmiş hakimiyyətin nümayəndələri baş nazir Nikol Paşinyana satqın, xain damğası vurmağa başladılar. Bununla da sabiqlər, əslində, yenidən Ermənistanda hakimiyyət başına qayıtmağı düşünürdülər. Ancaq xalqın dəstəyini ala bilməyən Sarkisyan-Koçaryan koalisiyasının hərbçilərin Paşinyana qarşı hərbi qiyamından yararlanaraq çevriliş etmək arzuları puç oldu.

Koçaryan-Sarkisyan koalisiyası ölkəni uçuruma yuvarlayıb

Beləliklə, xalq kütlələrini arxalarına ala bilməyən keçmiş hərbi xuntanın baş naziri ictimai təzyiqlə kənarlaşdırmaq cəhdləri baş tutmadı.

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib ki, iyirmi il ərzində Koçaryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı: “…Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, daha çox müstəmləkəyə bənzəyirdi. Bunun əsas səbəbi işğalçılıq siyasətidir. Çünki onlar torpaqlarımızı nə qədər çox işğal altında saxlamaq istəyirdilərsə, o qədər də asılı vəziyyətə düşürdülər. Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və açıq şəkildə dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın”.

Robert Koçaryanın, Serj Sarkisyanın və “Vətənin qurtuluşu hərəkatı''nın baş nazir postuna vahid namizədi sayılan Vazgen Manukyanın əli azərbaycanlıların və ermənilərin qanına bulaşıb. Onlar vaxtilə Qarabağ hadisələri fonunda hakimiyyətə gəlmişdilər. Koçaryan, daha sonra S.Sarkisyan yalnız Ermənistan cəmiyyətini aldatmaqla məşğul olublar. Onların hakimiyyəti dövründə işğal siyasətinin nəticəsi olaraq Ermənistan həm inkişafdan geri qalıb, həm beynəlxalq layihələrdən təcrid olunub.

İndi onlar Qarabağ məsələsini yenidən gündəliyə gətirməklə öz hakimiyyət ambisiyalarını həyata keçirməyə çalışırlar. Lakin tarix sübut edir ki, bir ideyadan təkrar istifadə etməklə yenidən hakimiyyətə gəlmək səmərə vermir. Çıxış və açıqlamalarından da göründüyü kimi, Koçaryanın, Sarkisyanın ideyaları köhnəlib. Əlbəttə ki, işğal siyasəti yürüdənlər mütərəqqi ideya da irəli sürə bilməzlər. Ümumiyyətlə isə son siyasi proseslər göstərir ki, Ermənistan müxalifəti ideya böhranı yaşayır.

Müxalifət etimadı itirib

Hazırda Ermənistanda hərbçilərin qiyamı fonunda gərginlik ən yüksək həddə çatıb. Müharibədəki məğlubiyyət baş nazir Nikol Paşinyanın siyasi reytinqini xeyli aşağı salsa da, ölkə vətəndaşları müxalifətə də etimad göstərmirlər. Bununla belə, xalqın dəstəyini ala bilməyən müxalifət istəyinə nail olmaq üçün yollar axtarır.

Hakimiyyət çevrilişinə cəhd zamanı keçmiş hərbi xunta da xeyli fəallaşıb, R.Koçaryan artıq açıq şəkildə hakimiyyət iddiasını ortaya qoyub. Bu məqsədlə o, digər müxalifət təmsilçiləri ilə görüşərək onlardan dəstək almağa çalışır. Hazırda müxalifətin hakimiyyəti ən çox tənqid etdiyi məsələlərdən biri 10 noyabr Bəyanatıdır. Lakin məsələ ondadır ki, Ermənistanda vəziyyətin nə cür cərəyan etməsindən asılı olmayaraq bu Bəyanat icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib. “Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibari ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki bir həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək”.

“Prezidentə təzyiq göstərmək cəhdləri yolverilməzdir”

Xəbər verildiyi kimi, N.Paşinyan silahlı qüvvələrin baş qərargah rəisini vəzifəsindən uzaqlaşdırmaq istəyir. Bu barədə Ermənistanın prezident administrasiyasının yaydığı bəyanatda deyilir ki, prezident Armen Sarkisyan baş qərargah rəisinin istefası təklifini növbəti kadr dəyişikliyi hesab etmir. Bildirilir ki, Konstitusiyaya əsasən prezidentin Baş nazirin qərargah rəisini istefaya göndərmək təklifi ilə bağlı mövqeyini bildirməsi üçün üç gün vaxtı var: “Dövlət orqanlarının normal fəaliyyətinin təmin edilməsi zərurəti nəzərə alınaraq, prezidentin vəzifəli şəxslərin təyin və ya vəzifədən azad edilməsinə dair hər hansı bir əsas etirazı olmayıb. Bununla belə, mövcud böhran şəraitində silahlı qüvvələrin baş qərargah rəisinin istefaya göndərilməsi növbəti kadr dəyişikliyi hesab oluna bilməz”.

Administrasiyadan o da bildirilib ki, hazırkı vəziyyətdə kimsə prezidentin siyasi proseslərə qarışmasına çalışmamalıdır: “Prezidentə təzyiq göstərmək cəhdləri yolverilməzdir. Prezident hər hansı tərəfi tutmur”.

Erməni siyasi şərhçi Armen Badalyan deyib ki, silahlı qüvvələrin baş qərargahı qərarından dönməsə, Nikol Paşinyan qaçmağa məcbur olacaq. Mülki əhali ilə ordu arasında toqquşmaları istisna etməyən A.Badalyan baş nazirin gedişinə də alternativ görmür. O bildirib ki, hökumət orduya qarşı güc tətbiq etsə, Onik Qasparyan silahlı çevrilişə gedəcək və o zaman Paşinyan üçün ən pis ssenari həyata keçiriləcək. Siyasi şərhçi onu da bildirib ki, xarici amillərin təsiri də daxil olmaqla, hərbi çevriliş cəhdinin planlı hərəkət olduğu istisna edilmir.

Tərəfdarların mitinqdə iştirakı məcbur edilib

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin əməkdaşları N.Paşinyanın tərəfdarlarının mitinqində iştiraka məcbur ediliblər. “4rd.am” saytı yazır ki, Dövlət Gəlirləri Komitəsi mitinqdə iştirak edən yüksək vəzifəli şəxslərinin fotolarını yayıb. Bunlar komitənin rəhbəri Eduard Ovannisyan, Daxili Təhlükəsizlik İdarəsini rəisi Ercanik Akopyan, Daxili Təhlükəsizlik İdarəsinin rəis müavini Vardan Sarkisyan və digər vəzifəli şəxslərdir.

Qeyd edilir ki, Nikol Paşinyan tərəfindən çağırılmış mitinqdə maksimum 10 minə yaxın insan iştirak edib. “Və bütün bunlar inzibati resursdan istifadə ilə reallaşıb. Həm də təhlükəsizlik orqanlarının əməkdaşları kifayət qədər böyük sayda idilər”.

Göründüyü kimi, İlham Əliyevin “dəmir yumruğu”  Ermənistanı siyasi xaosa sürükləyib. Vətəndaş qarşıdurması yaşayan ölkədə iqtidardan üz döndərən xalq hərbi xuntaya da dəstək vermir.

Əsgər valideynlərinin etirazları səngimir

Ermənistanda bütün sahələrdə dərinləşən tənəzzül bu ölkənin ordusunun durumuna da təsirsiz ötüşmür. Məğlub orduda əvvəllər müşahidə olunan pozuntular indi daha geniş miqyas alıb. Son günlərdə əsgərlərlə yanaşı, zabitlərin də hərbi hissəni özbaşına tərk etmələri halları artıb. Hərbi hissələrdən birində məzuniyyətdən xidmətə qayıtmaq istəməyən əsgərlərlə zabitlər arasında qarşıdurma olub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bununla bağlı açıqlama yayıb. Bildirilir ki, fevralın 23-də bir qrup hərbçi və onların yaxınları əsgərlərin daimi yerləşdirilmə yerlərinə qayıtmasının qarşısını almağa çalışıblar. Nəticədə qarşıdurma baş verib. Qarışıqlıqdan istifadə edən bir neçə əsgər hərbi hissəni tərk edib.

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında isə valideynlər övladlarının yenidən Qarabağa göndərilməsinə qarşı etiraz ediblər. Qarabağa getməkdən imtina edərək, hərbi hissələrdən birindən qaçan əsgərin anası kameralar qarşısında qışqıraraq, 44 günlük müharibənin dəhşətini görən hərbi xidmətdə olanlara və valideynlərə hörmət göstərilməsini tələb edib.

“İstəmirəm ki, oğlum Qarabağda xidmət etsin. Qoy hara göndərirlərsə, göndərsinlər, amma bu, Ermənistanın sərhədləri daxilində olsun. Bizim uşaqları zorla maşınlara oturdub aparırlar. Bu, bizim üçün qəbuledilməzdir” - deyə əsgərlərdən birinin atası bildirib.

Bütün bunlar Ermənistan ordusunda hansı acınacaqlı vəziyyətin hökm sürdüyünü göstərməklə yanaşı, ölkədə vəziyyətin gündən-günə daha da gərginləşdiyini təsdiq edir.

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: