Küveyt Elektron Media Birliyinin rəhbəri ermənilərin Azərbaycan ərazilərində dağıntılar törətmələrini pisləyib
Küveyt Elektron Media Birliyinin rəhbəri Feysəl Xəlifə Əs-Səvvağ Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdəki dağıntıları pisləyib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.
O, işğaldan azad edilmiş rayonlara etdiyi səfəri xatırladaraq qeyd edib ki, hər bir şeyi, o cümlədən məscidləri, binaları, xəstəxanaları əhatə edən dağıntı və vandalizm, qətl, insanları doğma yurdlarından didərgin salma, qəbirlərin talan edilməsi kimi əməllər təcavüzkarın vandal və vəhşi olmasına şübhə yeri qoymur.
Əs-Səvvağ beynəlxalq ictimaiyyətdən və İslam dövlətlərindən suverenlik və ərazi bütövlüyünü qorumaqda, bu amansız təcavüzlə mübarizədə öz vətəndaşlarını müdafiə etməkdə Azərbaycanı dəstəkləməyi, sözügedən cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməkdə qətiyyətli mövqe sərgiləməyi tələb edib.
Media Birliyinin rəhbəri eləcə də Ermənistanın insan hüquqlarını və beynəlxalq müqavilələri pozmasının, bu cür cinayətlərin yenidən baş verməsinin və ya qonşu dövlətlərin suverenliyinə təcavüzünün, həmin dövlətlərin vətəndaşlarının terrorla üzbəüz qalmasının təkrarlanmaması üçün BMT Təhlükəsizlik Şurasının beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında öz rolunu yerinə yetirməsinin zərurətini vurğulayıb.