Gürcü tədqiqatçı: Ağdam şəhəri Qarabağın Hiroşimasıdır - FOTOLAR
Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhəri Qarabağın Hiroşimasıdır. İkinci Dünya müharibəsi zamanı atom bombası nəticəsində Yaponiyanın tamamilə dağılmış şəhərini xatırladan Ağdamda evlər yerlə-yeksan olub. Tikinti materialları və şəhərdən çıxarılan mallar isə Yerevanda material kimi satılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində Ağdam şəhərində olan Gürcüstanın Rondelli Fondunun tədqiqatçısı Aleksandre Kvaxadze özünün “Facebook” səhifəsində bildirib.
Tədqiqatçı Birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğal olunduğunu və yerli əhalinin ərazidən tamamilə qovulduğunu, şəhərin dağıdıldığını qeyd edib. O yazıb ki, britaniyalı jurnalist Tomas de Vaal özünün “Qara Bağ” monoqrafiyasında Ağdamı “Qafqazın Hiroşima”sı adlandırıb. Orada evlər dağıdılıb və ya sökülərək Yerevanda material kimi satılıb. Tarixi abidələr də dağıdılıb, məsciddə mal-qara saxlanılıb. İndi Ağdamın ərazisi minalanmış vəziyyətdədir.
Gürcü tədqiqatçı işğaldan azad edilmiş Cəbrayılda və Füzulidə də olduqlarını qeyd edib. Bildirib ki, bu rayonlarda da dağıntıların miqyası Ağdamdakı kimidir. Adam gördüklərindən dəhşətə gəlir.
Aleksandre Kvaxadze Çocuq Mərcanlı kəndini də ziyarət etdiyini, sakinlərlə görüşdüyünü qeyd edib.