Azərbaycan Prezidenti: Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini təşviq etməliyik
Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıdıb. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilib. Bu, bütün İslam dünyasına qarşı düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısındakı çıxışında bildirib.
Dövlətimizin başçısı deyib: “Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən islam ölkələrini birliyə çağırmışıq. Azərbaycan İslam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini - sülh, tolerantlıq və ədaləti təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq”.
Hazırda qarşıda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifənin dayandığın Prezident İlham Əliyev qeyd edib ki, “biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracaq, mədəni və dini abidələrimizi bərpa edəcəyik”.