Erməni mənşəli rusiyalı jurnalist Aram Qabrelyanov əmindir ki, Yerevandakı “qiyamçı vətənpərvərlər”ə tezliklə “yeni Njde” başçılıq edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalist bu barədə özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Yerevanda daha iki-üç mitinq keçirilsə, qiyamçı vətənpərvərlərə “yeni Njde” başçılıq edəcək. Qabrelyanovun fikrincə, “sivil müxalifətin vəziyyəti dinc yolla idarə etməsi üçün o qədər də çox vaxt qalmayıb. Ermənistan hakimiyyətində türklərə qarşı yeni əksinqilabçılar arasında artıq “yeni Njde” yetişməkdədir. O gələndə bütün satqınların işi şuluq olacaq. O gələndə Vətənin bütün vətənpərvər övladları xoşbəxt olacaq”.
Xatırladaq ki, 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan digər praktiki fəaliyyət növlərinin yayılması haqqında” məruzə təqdim edib. Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası Qaregin Njde kimi millətçi təmayüllü, qeyri-müəyyən siyasi mövqeli, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumatlar olan bir şəxsin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb”.