Azərbaycan və Türkiyənin Los-Ancelesdəki baş konsulları Pakistan icmasının rəhbərləri ilə görüşüblər - FOTOLAR

A- A A+

Görüşdə ABŞ-dakı erməni lobbisinin Pakistana qarşı hücumları pislənilib

Azərbaycanın və Türkiyənin Los-Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Can Oğuzun iştirakı ilə ABŞ-dakı Pakistan icmasının rəhbərləri ilə onlayn formatda görüş keçirilib.

Baş konsulluqdan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüşdə çıxış edən Nəsimi Ağayev Vətən müharibəsi dövründə qardaş Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsinə verdiyi hərtərəfli siyasi dəstəyə görə minnətdar olduğumuzu, 30 illik işğaldan sonra Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.

Diplomat həm müharibə, həm də ondan sonrakı dövrdə ABŞ-ın Pakistan icmasının, xüsusilə Los-Ancelesdə Azərbaycana tam dəstəyini nümayiş etdirdiyini vurğulayıb, icma rəhbərlərinə təşəkkürünü bildirib. Son illərdə Pakistan icması ilə sıx dostluq münasibətlərinin qurulmasından bəhs edən N.Ağayev bu prosesin məhz Los-Ancelesdə başladığını, Azərbaycan, Pakistan və Türkiyəni baş konsulluqlarının səyləri ilə keçirilən birgə tədbirlər sayəsində hər üç icma arasında sıx münasibətlərin yarandığını vurğulayıb.

Azərbaycana göstərdiyi dəstəyə görə ABŞ-dakı radikal erməni lobbisinin müharibədən sonra Pakistana qarşı çirkin qarayaxma kampaniyasına start verdiyini qeyd edən N.Ağayev bunun bu ekstremist lobbi qruplarının əsl xislətini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb. Baş konsul bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinin davam etməsində maraqlı olan erməni lobbisi yalnız özü haqda düşünür və buna görə də bu lobbi təşkilatları regionda sülhün bərqərar olmasında əsla maraqlı deyil. Çünki Ermənistanın öz qonşuları ilə normal münasibətlərinin yaranacağı təqdirdə, erməni lobbi təşkilatlarının ianə toplamaq və diasporu radikal ideologiya ətrafında səfərbər etmək imkanları da azalacaq. Təsadüfi deyil ki, 10 noyabr razılaşmasından sonra erməni lobbisi bu razılaşmanın pozulması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının qarşısının alınması və yeni müharibənin alovlanması üçün dəridən-qabıqdan çıxır.

Erməni lobbisinin Pakistana qarşı bu məkrli hücumları başlayan kimi baş konsulluğun bu hücumları dərhal pislədiyini və Pakistan icması ilə həmrəylik nümayiş etdirdiyini bildirən N.Ağayev qardaş Azərbaycan, Türkiyə və Pakistan icmaları arasında sıx münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən Türkiyənin baş konsulu C.Oğuz üç ölkə arasında tarixi qardaşlıq və əməkdaşlıq münasibətlərinə diqqət çəkib. O, Türkiyənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi dəstəyinin iki ölkə arasındakı sarsılmaz əlaqələrə, eləcə də beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslandığını qeyd edib.

C.Oğuz çıxışında qardaş Pakistanın Azərbaycana qəti dəstəyini alqışladıqlarını bildirərək, Kaliforniyada Azərbaycan və Türkiyəni hədəf alan erməni lobbisinin artıq Pakistan icmasına qarşı hücuma keçdiyini təəssüflə bildirib. O, Kaliforniyadakı siyasətçilərin qərəzli yanaşmadan çəkinərək, Türkiyə, Azərbaycan və Pakistan icmalarının da fikir və narahatlıqlarını dinləməsinin və nəzərə almasının zəruriliyini vurğulayıb.

Daha sonra çıxış edən Pakistan icma rəhbərləri daim qardaş Azərbaycan və Türkiyənin yanında olduqlarını qeyd edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük məmnunluq hissi keçirdiklərini və bunun regionda davamlı sülhə yol açacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, hazırda ABŞ-da 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu və nüfuzu durmadan artır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: