Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi birləşmələrinin atıb qaçdığı silah-sursatın qısa zaman kəsiyində aşkar edilərək təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.
Növbəti belə tədbir zamanı Füzuli RPŞ-nin əməkdaşları tərəfindən erməni hərbi birləşmələrinə məxsus 6 ədəd avtomat, 2 ədəd pulemyot, 3 ədəd qumbaraatan, 1 ədəd tank əleyhinə raket kompleksi, 4 ədəd əl qumbarası, 726 ədəd müxtəlif növ mərmilər və alışdırıcıları, 8420 ədəd müxtəlif çaplı patronlar, avtomat daraqları və lüləsi aşkar edilərək götürülüb.