Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı əlaqədə barələrində cinayət işi qaldırılmış 14 nəfər Qarabağ ərazisində ordumuza qarşı döyüşmüş muzdlu xarici ölkə vətəndaşı, 10 terror təşkilatı, 6 nəfər separatçı rejimə maliyyə dəstəyi göndərən erməni mənşəli əcnəbi vətəndaş, eləcə də sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparan və ölkəmizə qarşı açıq terror çağırışı edən 7 nəfər Ermənistan Respublikasının vətəndaşı barədə məlumat mübadiləsi aparılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.
Hesabata görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 4 nəfər şəxs saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti orqanlara təhvil verilib.
Eyni zamanda, dini ifrat məzhəbçiliyi təbliğ edən materialların və nəşrlərin ölkəyə idxalı ilə məşğul olan şəxslər müəyyənləşdirilərək, barələrində aidiyyəti orqanlar məlumatlandırılıb və dövlət sərhədindən hərəkətləri nəzarətə götürülüb.
Bundan başqa, hesabatda qeyd olunub ki, 2020-ci il ərzində dövlət sərhədini keçən 3925,4 min şəxs və 1010,6 min nəqliyyat vasitəsi rəsmiləşdirilib. Onlardan ölkəyə girişdə - 1977,4 min nəfər, çıxışda – 1975,0 min nəfər, nəqliyyat vasitələrinin girişində - 513,8 min, nəqliyyat vasitələrinin çıxışında isə - 496,8 min avtomobil qeydə alınıb.
Ümumilikdə, 154 nəfər saxta, 17 nəfər özgəsinə məxsus sənədlə və 3 nəfər gizli şəkildə dövlət sərhədini keçməyə cəhd göstərərkən aşkar edilərək saxlanılıb və barələrində müvafiq qərarlar qəbul edilib.
Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənəd) 2,1 min nəfər barəsində müvafiq qərarlar qəbul edilib. Xaric olunma faktı ilə 152 halda 289 nəfər və ekstradisiya faktı üzrə isə 28 halda 62 nəfər qeydə alınıb.
Xarici ölkələrdən Azərbaycan Respublikasına gəlmək istəyən ümumilikdə 92 halda 106 nəfər “arzuolunmaz şəxs” qismində saxlanılaraq geri qaytarılıb.