Rusiya nəşri: Xocalı qırğını Azərbaycan xalqının ən ağrılı yarasıdır

A- A A+

Xocalıda törədilmiş qırğın postsovet məkanında ən qəddar hərbi cinayətlərdən biri olub, lakin bu qırğın beynəlxalq səviyyədə müvafiq əks-səda doğurmayıb, lazımınca hərtərəfli təhqiq edilməyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Yevgeni Vladimirovun Rusiya “Polit.ru” internet nəşrində dərc olunmuş məqaləsində əksini tapıb.

Müəllif xatırladır ki, gələn il Azərbaycan xalqı Birinci Qarabağ müharibəsinin ən kədərli hadisələrindən biri olan Xocalı faciəsinin 30 illiyini qeyd edəcək.

Y.Vladimirov yazır: “1992-ci il fevralın axırlarında Qarabağda iri nəqliyyat və hərbi təyyarələri qəbul edə bilən aerodromu olan yeganə şəhər – Xocalı hücuma məruz qalıb. Son məlumata görə, bu hücum zamanı 613 nəfər həlak olub. Onların çoxu işğal edilmiş şəhərdən dağları aşaraq qaçmağa çalışan dinc sakinlər idi”.

Məqalə müəllifinin fikrincə, 1990-cı illərin əvvəlində dünyada əsas diqqət başqa siyasi dramlara yönəlmişdi və Azərbaycan xalqının ən ağrılı yarası olan Xocalı uzun müddət ən böyük regional insident kimi deyil, təzəcə dağılmış sovet imperiyasının ucqar nöqtələrində yayılmış çoxsaylı etnik qırğın yanğınlarından biri kimi qəbul edilirdi.

Materialda deyilir: “2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verildi. Eyni zamanda, həm təbliğat, həm də maarifçilik xarakteri daşıyan bu kampaniyanın əsas məqsədi Xocalı faciəsini ən yüksək beynəlxalq instansiyalar səviyyəsində dinc əhaliyə qarşı soyqırımı kimi tanıtmaq idi. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində kitablar nəşr edilir, çoxsaylı təhqiqatların materialları dərc olunur, filmlər çəkilir, sərgilər və konfranslar təşkil edilir. Kampaniya öz səmərəsini göstərir: indiyə qədər 18 ölkə Xocalı hadisələrinin dinc əhaliyə qarşı soyqırımı kimi tanınması barədə qətnamələr qəbul edib. Bu siyahıda Rusiyanın adı yoxdur, hərçənd bəzi deputatlar bu yaxınlarda Bakıda Xocalı faciəsinə həsr edilmiş memorial yürüşlərdə iştirak ediblər”.

Müəllif yazır ki, Rusiyada yaşayan azərbaycanlılar hər il bu hüzn gününü qeyd edirlər. Builki memorial toplanış Spiridonovun malikanəsində keçirilib. Tədbirin emosional təsiri əvvəlki illərdən fərqlənməyə bilməzdi.

Məqalədə deyilir: “Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məmnun halda qeyd edib ki, Azərbaycan uzun illər ərzində ilk dəfədir, Xocalı faciəsinin ildönümünü qalib xalq kimi qeyd edir. Səfirin sözlərinə görə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan təkcə öz ərazilərini deyil, həm də ləyaqət hissini qaytardı, ruslar və ləzgilər, yəhudilər və tatlar, avarlar və udilər, saxurlar və ukraynalılar, tatarlar və gürcülər, talışlar və kürdlər, habelə digər etnosların nümayəndələri çoxmillətli vahid Azərbaycan xalqı şəklində sıx birləşdilər”.

Y.Vladimirov oxucuları Moskvada keçirilən xatirə gecəsində iştirak etmiş məşhur rusiyalı ekspertlərin və ictimai xadimlərin fikirləri ilə tanış edir.

Məsələn, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Xocalı faciəsini “ərazilərdə kütləvi etnik təmizləmələrə təhrik etmək məqsədilə hazırlanmış hərbi cinayət” adlandırıb. O deyib: “Bu hadisə on minlərlə ailəni vahimədə saxlamaq, onların bu ərazilərdən qaçmasına nail olmaq və gələcəkdə həmin ərazilər müqabilində Qarabağın statusuna nail olmaq üçün əldə saxlamaq məqsədilə törədilmişdi”. Onun fikrincə, bu cinayətin təhqiq edilməsi zəruridir. S.Markov deyib: “Yəqin ki, bu asan məsələ deyil, lakin zəruri məsələdir. Bəşəriyyət insanlıq əleyhinə törədilmiş bu hərbi cinayətin təşkilində təqsirkar olanların ciddi cəzalandırılmasını tələb edəcək”.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko əmindir ki, bu faciə təhqiq edilməlidir. Bu, ilk növbədə bizim həyatımızda və gələcək nəsillərin həyatında belə vəhşiliklərin bir daha heç vaxt təkrarlanmaması üçün zəruridir. İ.Korotçenko Dağlıq Qarabağda münaqişənin gedişində törədilmiş cinayətlərə dair beynəlxalq tribunal yaradılmasını zəruri hesab edir. O əmindir ki, Xocalı faciəsi barədə bütün sənədlər və sübutlar beynəlxalq ictimaiyyət üçün əlçatan olmalıdır. “Belə hadisələr beynəlxalq təşkilatların tribunalarından da soyqırımı adlandırılmalıdır”, - deyən İ.Korotçenkonun fikrincə, 2021-ci ilin sentyabr ayında seçiləcək RF Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə məsələ qaldıra bilər.

Tarix elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin direktoru Stanislav Çernyavski ümidvar olduğunu bildirib ki, Ermənistanda sağlam düşüncəli qüvvələr sovet dövründə qonşu xalqlar arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı anlaşma vəziyyətinə qayıtmağın zəruri olduğunu başa düşəcəklər.

Siyasətçi və jurnalist Maksim Şevçenko baş vermiş hadisələri dəyərləndirərək qeyd edib ki, Azərbaycan xalqı Xocalı qırğınından Şuşanın azad edilməsinə qədər böyük bir yol keçib. Bu 30 il ərzində millətin mənəvi vəziyyətində əsaslı dəyişikliklər baş verib, Azərbaycanın daxilində zorakılığa yol verilmədən, qan tökülmədən millətlərarası münasibətləri nizamlamaq, vətənpərvərlik və ədalət hissləri ilə yaşayan yeni nəsil yetişdirmək mümkün olub. M.Şevçenko Xocalı faciəsinin səbəblərini anlamağın zəruri olduğunu da qeyd edib. Onun fikrincə, ötən əsrdə və ola bilsin həm də bu əsrdə bəşəriyyətin üzləşdiyi əzab və bədbəxtliklərin başlıca mənbəyi - milli üstünlük və müstəsnalıq hissidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: