Müdafiə naziri cəbhəboyu zonadakı hərbi hissələrdə olub - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonadakı hərbi hissələrə gələrək tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər. Müdafiə naziri inşaat işlərinin gedişini yoxlayıb və müvafiq tapşırıqlar verib.
Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub.
General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, hərbi-tibb müəssisələrinə, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirərək konkret tapşırıqlar verib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, qarşıda duran vəzifələrin icrası, xidməti şəraitin daha da yaxşılaşdırılması, hərbi qulluqçulara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və digər məsələlər barədə müvafiq göstərişlər verib.