Fransa portalı: Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir

A- A A+

Fransanın “Mediapart” portalında jurnalist Anri Furkadinin müəllifi olduğu “Beynəlxalq hüququn tələbinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Ermənistanın işğaldan azad olunmuş ərazilərdən minalanmış sahələrin xəritəsini verməli olduğu bildirilir. Qeyd olunur ki, Ermənistan insan ölümü ilə nəticələnən bu davranışını dayandırmalı və minaladığı zonaların yerini göstərməlidir. Müəllif, həmçinin yazır ki, 44 günlük müharibə zamanı Ermənistanın kaset bombalardan və qadağan olunmuş digər silahlardan istifadə etdiyini bir çox qeyri-hökumət təşkilatı da təsdiqləyib.

Məqalədə bildirilir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Russiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması Dağlıq Qarabağ və onun ətrafındakı rayonları əhatə edən münaqişədə yeni dönüş nöqtəsi olub. Beynəlxalq hüquq və tarixi ədalət prinsipləri bərpa edilib. 1991-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayon azad olunub. Bununla da BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və 28 ilə yaxındır kağız üzərində qalan 4 qətnaməsinin müddəaları yerinə yetirilib.

Yazıda müəllif bölgədə yeni mərhələnin başlandığını, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə start verildiyini bildirir, bununla iki ölkə arasında münasibətlərin yaxşılaşacağına ümidini ifadə edir. Eyni zamanda, diqqətə çatdırılır ki, Ermənistan Azərbaycanın minalanmış ərazilərinin yerini göstərməkdən imtina etməklə beynəlxalq hüququ pozur. Ermənistan silahlı qüvvələrinin işğal altında olan ərazilərdə basdırdığı minalar indiyədək 14 insanın ölümünə, 60-dan çoxunun isə yaralanmasına səbəb olub.

Məqalədə Ermənistanın minaların xəritəsini verməkdən imtina etməsinin bununla bağlı Cenevrə konvensiyalarının kobud şəkildə pozulması olduğu vurğulanır. Bildirilir ki, beynəlxalq hüquqa əsasən, müharibədə məğlub olan dövlət minalanmış ərazilərin xəritəsini qələbə qazanmış ölkəyə təqdim etməlidir. Ermənistan isə bundan imtina edir və insanların həyatını təhlükə altında qoyur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: