Erməni fermer: Türkiyə və Azərbaycan ilə sərhədlər bağlıdır... Məhsulu alıcıya çatdırana qədər ya turşuyur, ya da qızıl qiymətinə başa gəlir

A- A A+

Biz Rusiyaya şaftalı, üzüm, yaxud qaysı göndəririk, amma bu çox çətindir. Türkiyə və Azərbaycan ilə sərhədlər bağlı olduğuna görə Gürcüstandan keçməli oluruq, amma Gürcüstan da sizinlə dalaşıb, MDB-dən çıxıb. Bir sözlə, məhsulu alıcıya çatdırana qədər o, ya turşuyur, ya da qızıl qiymətinə başa gəlir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni fermer Sergey Ovanesyan bu sözləri rusiyalı jurnalist, Rusiyada çıxan “Arqumentı ı faktı” qəzetinin müxbiri Georgi Zotov ilə söhbət zamanı söyləyib.

G. Zotov Ermənistandan hazırladığı reportajların nəşrini davam etdirir. Onun qonşu ölkədən hazırladığı növbəti material “Dəhşət filminin komediyası. Ermənistan SSRİ dağılandan sonra 30 il necə yaşayıb” sərlövhəsi ilə təqdim edilib.

Jurnalist yazır ki, Sovet İttifaqı dağılandan sonra Ermənistanda sənaye bərbad günə düşüb, müəssisələrin 80 faizi müflisləşib. Rusiya Federasiyası Ermənistandan 800 milyon dollarlıq, yəni ona satdığından iki dəfə az məhsul alır.

Statistik məlumata görə, bunlar əsasən qida məhsullarıdır. Məqalə müəllifinin fikrincə, orada əsasən konyakdan söhbət gedir.

İnformasiya texnologiyaları firmasının əməkdaşı Riçi Qriqoryan G.Zotov ilə söhbət zamanı qeyd edib ki, Ermənistanda istər özü üçün, istərsə də ailəsi üçün xoş gələcək görmür. Qriqoryan qəmli-qəmli deyib: “Həyat yoldaşım peşəkar jurnalistdir. Mən onunla bərabər Yerevandan Moskvaya köçüb getməyə hazırlaşıram. Ermənistanı çox sevirəm, amma burada istər özüm üçün, istərsə də uşaqlarım üçün xoş gələcək görmürəm. Hətta rus pulu ilə hesablayanda 100 min rubl həddində yüksək əməkhaqqı alan tanışlarım da bu respublikanı tərk etməyə hazırlaşırlar. Belə əhvalda olanlar çoxdur”.

Jurnalist yazır: “Təqribi hesablamalara görə 1991-ci ildən bəri bu ölkədən 1 milyona yaxın erməni mühacirət edib (bəziləri isə belələrinin 1,5 milyon olmasından danışır). Bu, ölkə əhalisinin üçdə biri deməkdir. Biznesmen Armen Martirosyan deyir: “Mənim bir qardaşım ABŞ-da mağaza sahibidir, o biri qardaşım Rusiyada bar açıb. Uşaqlarım Moskvada oxuyurlar, arvadımın atası Fransada yaşayır”. “Bəs Ermənistanda kim qaldı?”, - deyə maraqla soruşuram. “Babam. Onun xasiyyəti çox tünddür, arvadımın atası ilə danışmır”. – “Nə üçün?” – ona görə ki, babamı özü ilə bərabər Fransaya aparmayıb”.

“AiF” nəşrinin müxbiri xatırladıb ki, Azərbaycanla müharibə illərində Ermənistan blokada vəziyyətinə düşüb. Elektrik stansiyalarında mazut və qaz yoxdur, ərzaq məhsulları tədarükü dayandırılıb, benzin yoxa çıxıb. 1992-ci ilin noyabr ayından bəri evlərə sutkada 1 saat elektrik işığı verilib. Şamlar hədsiz bahalaşıb, ermənilər bazarlarda qədim kerosin lampaları alırlar. Bəzən bir evin bütün sakinləri pul yığıb benzinlə işləyən generator alırlar ki, bir qədər işıq olsun. Hökumət binalarından gizli yolla kabel çəkirlər. Yalnız mənzildə kimsə öldüyü hallarda elektrik işığı verirdilər. O dövrdə ermənilər arasında belə bir zarafat yaranmışdı: “İşıq olmasını istəyirəm, bəlkə sizin rəhmətliyi bir günlük mənə borc verəsiniz?” Biznesmen Vladimir Mirzoyan deyir: “Elə təsəvvür yaranmışdı ki, ermənilər dəhşət filmindədir, amma biz oraya bir qədər komediya elementi əlavə etmişik”.

Ömrün vaqonda keçmiş 32 ili

G.Zotov Yerevanın mərkəzində Gümrüdən gəlmiş bir qrup qəzəbli qadınla söhbət edir. Bu qadınlar Yerevanda hökumət binalarının qarşısında piket keçirməyə gəliblər, yaşayış yeri verilməsini tələb edirlər. 1988-ci il dekabrın 7-də Gümrünü və Kirovakanı yerlə-yeksan etmiş dəhşətli zəlzələdən sonra 32 il keçib.

Materialda deyilir: “Təsəvvür edin ki, Leninakanda (Gümrü) evlərini itirmiş 5000 nəfər hələ də şifer və faner parçalarından düzəldilmiş kiçik vaqonlarda yaşayır. Əvvəllər belə vaqonlarda inşaatçılar qalırdı. Məmurlar deyirlər ki, pul yoxdur. Özlərinin boş yerə xərcləməyə pulları var, amma insanları tövlələrdən normal mənzillərə köçürmək üçün pul tapmırlar. Ermənistanın bütün prezidentləri, bütün baş nazirləri dövründə eyni cəfəng sözləri eşidirəm, onlara tüpürmək istəyirəm!”

Jurnalist yazır ki, 1989-cu ildə Ermənistanda 51.500 rus yaşayırdı, indi isə onların sayı təqribən 11.900 nəfərdir. Zəlzələdən sonra çox adam köçüb Rusiyaya gedib. İqtisadiyyatda və məişətdə yaranmış dəhşətli vəziyyət insanları qaçmağa məcbur edir.

Rusiyalı jurnalist yazır: “Böyük Vətən müharibəsində 300 min erməni həlak olub, respublikanın 84 sakini Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, Yerevanda şəxsən mənim üçün çox xoşagəlməz bir yer var – 2016-cı ildə ovaxtkı prezident Serj Sarkisyanın “rusiyapərəst” hakimiyyət orqanları tərəfindən orada Qaregin Njdeyə tunc heykəl qoyulub. Bu adam Hitlerə cani-dildən xidmət edib, Vermaxtın erməni legionunu yaradıb, sovet hərbi əsirlərini nasist Almaniya tərəfində vuruşmağa təşviq edib. 1944-cü ildə Njde qızıl əsgərlər tərəfindən Bolqarıstanda həbs edilib, 1955-ci ildə Vladimir şəhərindəki məşhur mərkəzi həbsxanada ölüb.

69 yaşlı pensiyaçı Aşot Baqdasaryan bu heykəlin sahibinə haqq qazandırmağa çalışaraq deyir: “Njde Ermənistanı çox sevirdi, onun yolunda canından keçib, sadəcə səhvə yol verib, düzgün yol tutmayıb”.

“Məncə o, Hitleri daha çox sevirdi, - deyə müsahibinin sözünü kəsirəm. Bilirsinizmi, ola bilsin, ataman Krasnov və ya general Vlasov da Rusiyaya çox səmimi hisslərlə yaşayıblar. Amma milyonlarla insanın qatili ilə qucaqlaşandan sonra bu hisslərin əhəmiyyəti yoxdur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: