Müharibədəki məğlubiyyətdən sonra Ermənistanda siyasi böhran hər gün dərinləşir. Müxalifət baş nazir Nikol Paşinyanın istefa verməli olduğunu iddia edərək artıq 4 aydır mitinqlər keçirir. Lakin rəy sorğuları göstərir ki, insanlar müxalifətə etimad göstərmir və Paşinyan əvvəlki kimi olmasa da, populyarlığını saxlayır.
Müxalifət Paşinyanın seçkilərdə iştirakını istəmir
Nikol Paşinyan siyasi böhrandan çıxış yolu kimi növbədənkənar seçkilərin keçirilməsini təklif etsə də, müxalifət razı olmur. Daha dəqiq desək, müxalifət seçkilərin Paşinyanın iştirakı olmadan keçirilməsini məqsədəuyğun sayır. Bununla belə baş nazirin özünün də iştirakı ilə seçkinin keçirilməsində israrlı olduğu görünür.
Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda Ermənistan hakimiyyəti erkən seçkilərin keçirilməsi istiqamətində hərəkətə keçib. Ermənistanın “Past” qəzeti yazır ki, bu günlərdə Nikol Paşinyan və “Vətəndaş razılaşması” partiyasının nümayəndələri həm partiyanın üzvləri, həm də region qubernatorları və böyük şəhərlərin rəhbərləri ilə görüşlər keçiriblər. Onlar hakimiyyətin, əsasən də Paşinyanın reytinqinin yerlərdə hansı həddə olduğunu öyrənmək istəyirlər.
Nəşr öz mənbələrinə istinad edərək Paşinyanın martın 23-nə qədər istefa vermək qərarına gəldiyini, bəzi mənbələrə görə, fövqəladə hal olmazsa, daha tez istefa verə biləcəyini yazıb. Əgər belə olarsa, Ermənistanda may ayında erkən seçkilərin keçirilməsi gözlənilir.
Ermənistan parlamentinin üzvü Artak Zakaryan isə bu ilin may-iyun aylarında seçkilər keçirməyi planlaşdıran Paşinyanın yenidən həmin vəzifəyə seçiləcəyi təqdirdə vətəndaş müharibəsinin başlayacağını bildirib. O, “Facebook” səhifəsində yazıb ki, Paşinyan yenidən baş nazir seçilməməlidir və cinayətkarlarla yenidən seçkilərə getmək böhrandan çıxış yolu deyil: “Əgər bu, baş verərsə, vətəndaş müharibəsi qaçılmazdır. Sözlərimi yadda saxlayın, əgər yanılsam hamıdan üzr istəyəcəyəm. Seçki öncəsi və sonrası proseslər dava, şiddət, bıçaqlanma, işgəncə və saxtakarlıqlarla müşayiət olunacaq”.
Terrorçu partiyanın üzvləri etiraz edirlər
Ermənistanın müstəqilliyinin formal olduğu məlumdur. Bunu bütün dünya bilir. Ölkədə indiyə qədər hakimiyyətdə olmuş bütün siyasi qüvvələr öz fəaliyyətlərini xarici diktələrlə razılaşdırıblar. Bu günlərdə Yerevan küçələrində mitinq keçirən “Sasna tsrer” terror partiyasının üzvləri Ermənistanın forpost olmasına etirazlarını bildiriblər.
Amerikalı jurnalist Patrik Lankaster özünün “YouTube” kanalında erməni nasistlərinin və “Sasna tsrer” terrorçu qruplaşmasının üzvlərinin Yerevan küçələrindəki növbəti yürüşü barədə reportaj hazırlayıb. Jurnalist yürüş iştirakçıları ilə söhbətləşib. Onlardan biri deyib ki, erməni millətçiləri olaraq Qərb tərəfdarıdırlar. Digər yürüş iştirakçısı isə Paşinyanı satqın adlandırıb və baş nazir vəzifəsində “Sasna tsrer” lideri Jirayr Səfilyanı gördüklərini deyib.
Başqa bir yürüş iştirakçısı isə “biz həbsxanada yox, azadlıqda yaşamaq istəyirik” deyib. “Bizə belə kömək lazım deyil, bu işğaldır. Biz Avropanı istəyirik, Qərbi istəyirik, sivilizasiyanı istəyirik”, - deyə həmin yürüş iştirakçısı vurğulayıb.
Xatırladaq ki, 2016-cı il iyulun 17-də Yerevanda post-patrul xidmətinin binasına silahlı hücum edərək insanları girov götürmüş “Sasna Tsrer” qruplaşması Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etmək üçün silahlı qiyam qaldırmışdı. Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra isə “Sasna Tsrer” terror təşkilatının “xaç atası”, o cümlədən qruplaşmanın mənəvi lideri Jirayr Səfilyan həbsdən azad edilmişdi. Səfilyanla yanaşı, təşkilatın digər üzvləri də azadlığa buraxılmışdılar.
“Sasna tsrer” üzvləri üsyan qaldırıb Ermənistanı azad görmək istəsələr də, özləri də terrorçu kimi işğal siyasətinə dəstək verirlər. Lakin bu ölkə nə qədər ki qonşularına qarşı ərazi iddialarından əl çəkməyəcək, onda müstəqil də ola bilməyəcək, başqa dövlətlərin yedəyində sürünəcək.
Bu arada Ermənistanda iqtisadi problemlər daha da dərinləşməkdə davam edir. “Lragir” qəzeti yazır ki, ölkəni iqtisadi sahədə çətin günlər gözləyir: “Mərkəzi Bankın Ermənistanda makroiqtisadi vəziyyətin sabit olduğuna dair əhalini arxayın etməsinə baxmayaraq, biz yenidən milli valyutamız dramın növbəti devalvasiyasının şahidi olacağıq. Mənbəmiz bildirdi ki, Mərkəzi Bank hətta tələb olduğu halda belə banklara dollar almağı qadağan edərək repressiv tədbirlər vasitəsilə dramın kursunu saxlamağa çalışır. Əgər əvvəllər Mərkəzi Bank valyuta müdaxilələri yolu ilə dramın kursuna təsir edirdisə, indi xarici rezervlərin pis vəziyyətdə olması üzündən bu maliyyə instrumentinin tətbiqi imkanları da xeyli məhdudlaşıb”.
Erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında fikir ayrılıqları, qarşılıqlı narazılıqlar da artır. Diaspor yalnız hakim dairələrin, bir qrup məmurun faydalandığını əsas gətirərək yardımını azaldıb. Bu yardımların azalması, bəzən isə dayanması ölkədə iqtisadi vəziyyəti pisləşdirir. Məlumatlara görə, Qərb KİV-ində Paşinyan əleyhinə yer alan məqalələrin sifarişçisi də erməni diasporudur. Diasporun dəstəyinin itirilməsi isə Paşinyanın hakimiyyətdəki mövqeyini sürətlə laxladır. Bu da Paşinyan iqtidarı üçün əsas zərbələrdən biri hesab olunur. Məhz bu səbəbdən müxalifət Paşinyan rejimini yıxmaq üçün əlavə imkanlar qazanır.
Bütün bunların fonunda hakimiyyətdaxili ziddiyyətlərin genişlənməsi Ermənistanda siyasi böhranı daha da dərinləşdirir.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti