“İlham Əliyev güclü və müdrik lider olduğunu sübut etdi” - Vitaliy Andriyevski

A- A A+

Prezident İlham Əliyev güclü və müdrik lider olduğunu sübut etdi. Azərbaycan Prezidentini digər liderlərlə müqayisə etsək, o, Nazarbayev (Qazaxıstan), Ərdoğan (Türkiyə), Cinpin (Çin) ilə bir sıradadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Moldovanın “ava.md” xəbər portalında dərc olunan məqaləsində Səmərəli Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitaliy Andriyevski söyləyib.

Azərbaycanın iqtisadi, siyasi və enerji sahələrində böyük uğurlara imza atdığını deyən ekspert ölkəmizin əldə etdiyi bir çox nailiyyətlərə heyrətləndiyini bildirib.

“Etiraf edirəm ki, Azərbaycanın bir çox uğurları məni heyrətləndirdi və təəccübləndirdi. Düzü, postsovet respublikalarından birinin bu cür uğur qazana biləcəyini gözləmirdim. Maraqlandım ki, Azərbaycanda nə baş verir, uğurlarının səbəbi nədir, daha nələrə nail olublar? İstəsək də, istəməsək də, bir ölkənin müxtəlif cəhətdən inkişafı kimin hakimiyyətdə olmasından və hansı siyasət yürütməsindən asılıdır. Bu baxımdan, Azərbaycanın bəxti gətirib”, - deyə Vitaliy Andriyevski əlavə edib.

Analitik qeyd edib ki, SSRİ-nin dağılmasından sonra Heydər Əliyev Prezident seçildi və nisbətən qısa bir müddətdə ölkədəki siyasi vəziyyəti sabitləşdirməklə yanaşı, həm də Azərbaycanı iqtisadi və sosial böhrandan çıxarmağı bacardı. Heydər Əliyevin hakimiyyəti illərində Sovet dövründən qalan inzibati idarəetmə metodunun yeni azad rəqabət münasibətləri ilə əvəz olunmasına yönəlmiş əsas institusional dəyişikliklər, bazar iqtisadi sistemini formalaşdırmaq üçün məqsədyönlü siyasi tədbirlər kimi təməllər qoyuldu, dövlət mülkiyyətinin özəlləşdirilməsi və yeni mülkiyyət münasibətlərinin formalaşması, torpaq islahatları həyata keçirildi. Onun bu uğurlarını Prezident İlham Əliyev davam etdirməyə başladı. Prezident İlham Əliyev Heydər Əliyevin ümidlərini doğrultdu. Onun əməyi nəticəsində Azərbaycanda modernləşmə başladı və xalqın rifahı yüksəldi, ölkənin ərazi bütövlüyü bərpa edildi.

“Hərbi əməliyyatlar göstərdi ki, Azərbaycan nəinki müasir ordu yaratmağı bacarıb, həm də bu ordu zəmanəmizin ən yaxşı texniki nailiyyətlərindən istifadə etməyə qadirdir. Bütün bunlar vacibdir, amma əsas məsələ başqadır. Yalnız Azərbaycan xalqının iradəsi, siyasi rəhbərliyinin və hər şeydən əvvəl Prezident İlham Əliyevin müdrikliyinin təzahürüdür ki, işğal altındakı torpaqlar azad edildi. Uğurlu hərbi əməliyyatlarından qısa müddət keçməsinə baxmayaraq, ərazilərin bərpası və yenidən qurulması işlərinə başlanılıb. Yeni aeroport və magistral avtomobil yollarının tikintisinə start verilib, dəmir yolu xəttinin tikintisi nəzərdə tutulur”, - deyə moldovalı analitik vurğulayıb.

“Azərbaycanın işğaldan azad olunan ərazilərdə bütün dini abidələrin bərpası və qorunması barədə mövqeyi bir daha sübut edir ki, bütün ərazilərdə olduğu kimi, burada da xristian dini abidələri qorunacaq. Qədim dövrlərdən bəri Azərbaycanda bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq və İslam mövcud olub. Üstəlik, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Vatikandakı ziyarətgahların bərpasına kömək etmir, Azərbaycanın dünyəvi demokratik dövlət olduğunu da nümayiş etdirir”, - deyə məqalədə qeyd olunur.

Müəllif Azərbaycanın qazandığı iqtisadi, siyasi və sosial uğurları barədə ətraflı təhlillər aparıb, rəqəmlərə müraciət edib, ölkəmizin Moldovadakı səfirliyi ilə səmərəli əməkdaşlığını qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: