Ermənilərdən muzdlularla bağlı etiraf

A- A A+

Ermənistanın ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşlərə muzdlu və terrorçu dəstələr cəlb etməsi heç kimə sirr deyil. Azərbaycan bununla bağlı xeyli sayda təkzibolunmaz faktları aşkara çıxara bilib.

Müharibədən sonra ermənilər özləri də beynəlxalq konvensiyalara zidd əməllərini etiraf edir, Qarabağa Rusiya, Fransa, Livan, ABŞ və digər ölkələrdən xarici vətəndaşların gətirildiyini, onları muzdlu kimi döyüşlərə cəlb etdiklərini gizlətmirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Sputnik Armeniya"da dərc olunan məqalədə müəllif dünyanın bir çox ölkələrindən muzdluların İrəvana gətirilərək Qarabağdakı döyüşlərə göndərildiyini təsdiqləyib, bununla belə jurnalist onların əməllərinə haqq qazandırmağa çalışıb.

Məqalədə rəsmi Bakının Qarabağ müharibəsində iştirak edən üçüncü ölkələrin vətəndaşları - ermənilər haqqında resursları necə səfərbər etməsi barədə fikirlər də yer alıb. Azərbaycanın aktiv şəkildə bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarına müraciət edərək həmin muzdlu ermənilərə qarşı cinayət işinin başlanmasını israrla tələb etdiyi vurğulanıb.

Sözügedən yazıda Ermənistan tərəfindən xarici ölkə vətəndaşlarının -muzdlu döyüşçülərin Qarabağa göndərildiyi etiraf edilib, həmçinin həmin etnik ermənilərin ayrı-ayrı ölkələrdən Azərbaycan torpaqlarına gələrək hansısa maraqlar müqabilində vuruşması diqqətə çatdırılıb.

Bundan əlavə, məqalədə Fransa jurnalı "General de Europe"də politoloq Sebastian Bussuanın xüsusi yazısının dərc edilməsi xatırladılıb. Eyni zamanda Fransada vətəndaşların Qarabağ müharibəsinə cəlb edilməsinə dair faktlarla əlaqəli istintaq işlərinə başlandığı qeyd olunub.

Müəllif bildirir ki, Fransa hakimiyyəti bu məsələdə çətin vəziyyətə düşüb: “Çünki Fransa vətəndaşlarının müharibədə iştirak etməsi faktı şübhə doğurmur”.

Muzdluların İrəvana yönləndirilməsində diasporun böyük rolu olub. Erməni müəllif xatırladır ki, Azərbaycan Ermənistanın Almaniyadan gətirdiyi muzdlulardan biri ilə bağlı xüsusi tələblər ortaya qoyub. Eyni zamanda, xaricdə yaşayan ermənilərin hərbi əməliyyatlarda birbaşa və ya dolayı yollarla iştirakı barədə məlumatların açıq mənbələrdən əldə edildiyi əlavə olunub.

Qeyd edilir ki, bəzən əcnəbi vətəndaşlar ehtiyac olmadığı təqdirdə mətbuata müsahibələr verərək, habelə paylaşımlar etməklə özlərini ələ veriblər. Məsələn, Fransada yaşayan Artur Oqanisyan Rusiyanın “Novaya Gazeta” nəşrinə müharibədə iştirak edən qardaşları haqqında danışıb. Yaxud Fransa vətəndaş Sipan Muradyan "France24" xəbər agentliyinin reportajının “qəhrəman”ı olub.

Göründüyü kimi, artıq ermənilər Qarabağa muzdlu döyüşçülər gətirdiklərini özləri etiraf edirlər. Sözsüz ki, Azərbaycanın ortaya qoyduğu faktlar ermənilərin ifşasında mühüm rol oynayır.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: