General III Kalbalı xan Naxçıvanski: 1918-1920-ci illərdəki döyüşlər - FOTOLAR
Bütün varlığı ilə, necə deyərlər, iliyinə qədər azərbaycanlı-türk olan III Kalbalı xan Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvana sonsuz məhəbbətlə bağlı idi. Ona görə də erməni daşnaklarının Naxçıvana qəflətən hücumunu eşidən kimi Rusiya imperiyasının ordusundan ayrılıb Qafqazın qarlı aşırımlarını keçərək doğma Naxçıvanın müdafiəsinə gəlmişdi.
1918-ci ilin martında Naxçıvana gələn III Kalbalı xanın 27 yaşı vardı. Rütbəsi isə ştabs-rotmistr idi. Çox gənc olmasına baxmayaraq, Birinci Dünya müharibəsinin iştirakçısı olmuş və 5-dən çox hərbi orden almışdı. Cəbhədə göstərdiyi qəhrəmalıqlara görə Qızıl Georgi silahının kavaleri idi. Axırıncı döyüşdən aldığı yara hələ də sağalmamışdı. Yaşının az olmasına baxmayaraq, III Kalbalı xan hərbi aləmdə bacarıqlı sərkərdə kimi tanınırdı. Ağıllı, ciddi, yüksək hərbi biliyi olan III Kalbalı xan həmsöhbət olduğu adamlarla münasibətində iti ağlı ilə seçilirdi. Ciddi və bir az hirsli görünsə də, çox təmiz, saf qəlbi vardı. Qarşısındakı adamla səmimi, doğru-düzgün və açıq danışırdı. Özünə də çox tələbkar idi. Ona doğulduğu, böyüdüyü ailə ocağı, sonra Tiflisdə Kadet korpusunda, Qafqazın Nikolayevski hərbi məktəbində təhsil illəri belə xarakter aşılamışdı. Onun mənsub olduğu Kəngərli tayfasında artıq Naxçıvanskilər nəsli yaranmışdı. Bu nəsildə oğlan uşağı gözünü açandan hərbi mühitlə nəfəs alır və böyüyüb dünyanı anlayınca ata və ana babalarının, ulu əcdadlarının hərbi döyüş zəfərlərinin hünər salnamələrini dinləyirdilər.
Və III Kalbalı xan da belə olmuşdu. Böyüdükcə bildi ki, atası Cəfərqulu xan bədənində müharibə qəlpələri gəzdirir. Taleyin qismət etdiyi bütün imperiyalarda III Kalbalı xanın əcdadları, ulu babaları, babaları hərb sənətinin kamil və cəsur bilicisi olmuşlar. Onların mənsub olduqları hərb tarixinin səhifələrində satqınlıq, xəyanət, qorxaqlıq, yaltaqlıq, məğlubiyyət böyük eyib və günah sayılırdı. Bu səbəbdən Kəngərli hərb tarixinin Naxçıvanskilər səhifəsi olduqca maraqlıdır. Qətiyyət, mərdlik, verdiyi sözə və içdiyi hərbi anda çox sadiq!
Biz qəhrəman sərkərdəmizin döyüş yollarından söhbət açmazdan əvvəl qeyd edək ki, 1958-ci ildən başlayaraq Sovet tarixçiləri, daha sonra onların ardıcılları yazdıqları kitablarda III Kalbalı xanı olduğu kimi yox, tamam bunun əksini təsvir edirdilər. Onların yazdıqlarından belə çıxırdı ki, guya gənc sərkərdə dəhşətli bir adam olub...
Bu, Sovet təbliğat maşınının yaratdığı xülyalar idi. Sadəcə, III Kalbalı xan bolşevizmi qəbul etməmişdi. O, siyasətçi deyildi. Vətənpərvər, cəsur, düşmənə qarşı amansız süvari döyüşçü idi. İndi biz sizinlə, əziz oxucular, onun 1918-1920-ci illərdə Naxçıvanın, Ordubadın, Vedibasarın, Zəngəzurun qəddar, amansız daşnak quldurlarından qəhrəmanlıqla müdafiə olunmasında apardığı alovlu döyüşlərin bəzilərindən söhbət açacağıq. Və görəcəyik ki, onun haqqında bildiklərimiz az, bilmədiklərimiz çoxdur. III Kalbalı xan Naxçıvanski haqqında isə həqiqəti yazmalıyıq. Əvvəlcə qeyd edək ki, 1918-1920-ci illərdə Naxçıvanın müdafiəsinə dair kitablar yazılıb, tədqiqat işləri aparılıb və aparılan döyüşlər haqqında az da olsa söhbət açılıb. Biz istəyirik ki, açılmamış, yaxud tam aydınlaşmamış səhifələr, hadisələr haqqında bəzi qeydlərimizi bildirək.
Həmin illərə aid arxiv sənədlərini, yazılmış gündəlikləri və memuarları, bəzi kitabları oxuduqca görürük ki, 1918-1920-ci illərdə Naxçıvan, Ordubad, Şərur və Vedibasar çox məharətlə qorunub, düşmənlərlə ciddi, qızğın döyüşlər gedib. Araşdırmalar göstərir ki, bu döyüşlər kor-koranə aparılmayıb. Naxçıvan diyarının hər qarışı uğrunda aparılan döyüşlərin hamısı diqqətlə hazırlanıb desək, səhv etmərik. Həmin illəri hər gün qələmə alan Mirzə Bağır Əliyevin yazdıqlarından məlum olur ki, 1918-ci ildən başlayaraq III Kalbalı xan 1920-ci ilin iyul ayının sonuna kimi Naxçıvanın müdafiə məsələlərinə rəhbərlik edib. Silah-sursatın azlığına baxmayaraq, o, naxçıvanlı gəncləri gecə-gündüz hərbi təlimlərə toplayıb və onlara silahla, topla sərrast atəş açmağı öyrədib. Arxiv sənədlərindən məlum olur ki, türkiyəli topçu Hüsnü bəy Naxçıvana gələnə kimi (o, gedəndən sonra da) Kalbalı xan özü gənclərə müəllimlik edib. III Kalbalı xan həm də özü aparılan döyüşlərə komandanlıq edib və həmişə döyüşən taborun özündə olub.
Bir sıra müəlliflər tədqiqat aparmadan yazırlar ki, guya III Kalbalı xan Azərbaycan Xalq Cümhuriyyətinin göstərişlərini nəzərə almayıb, Bakıdan və Gəncədən göndərilən zabitlərə məhəl qoymurdu və sair. Bunlar hamısı igid sərkərdəyə qarşı qərəzli yazılan yanlış fikirlərdir. Araşdırmalar göstərir ki, Kalbalı xan Naxçıvanla Azərbaycan Xalq Cümhuriyyətinin münasibətlərinə çox səmimi yanaşmış və həmişə, ermənilərin Naxçıvanı blokadaya almasına baxmayaraq, onun Azərbaycanın tərkibində olması üçün var qüvvəsi ilə çalışmışdı. Buna çoxlu misallar gətirmək olar. Ən bariz nümunə: Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəsi Mirbağırovla Cəfərqulu xanın sarayında yazılan rəsmi aktdır. Bu aktın yazılmasında və möhürlənməsində rəsmi olaraq Cəfərqulu xan Naxçıvanskinin və onun oğlu III Kalbalı xanın xidmətlərini danmaq günahdır. Çünki həmin aktda hər ikisinin imzası vardır. Biz məsələni açıq deməliyik ki, Cəfərqulu xan və oğlu Kalbalı xan Naxçıvanın siyasi taleyinin başqa dövlətlərə verilməsinin tam əleyhinə idilər. Bu istiqamətdə ciddi mübarizə aparırdılar. Belə bir hal o vaxtlar Naxçıvanda olan bəzi qüvvələrin etirazına səbəb olurdu. Əvəz çıxmaq üçün ata və oğul haqqında müxtəlif şaiyə və böhtanlar yayırdılar. Sovet hakimiyyəti illərində isə həmin şəxslərin varisləri ata-babalarının davasını davam etdirirdilər. Təəssüf ki, indi də davam etdirənlər var. Amma hamısı yanlış fikirlərdir. İndi gətirəcəyimiz bir nümunə III Kalbalı xanın Naxçıvanın köməyinə gələn zabitlərə necə dərin qayğı göstərdiyinin ən gözəl sübutudur.
1919-cu ilin yazında Ordubadda erməni quldurlarına qarşı şiddətli döyüşlər gedib. Burada daşnak generalı Andronikə və İran quldur dəstələrinə qarşı döyüşlərdə gənc zabit Bahadır bəy Vəkilovun komandir olduğu dəstə sözün əsl mənasında qəhrəmanlıq göstərir.
Qeyd edək ki, hərbi tədqiqatçı Ş.Nəzirli "Topoqraf - general İbrahim ağa Vəkilov" kitabında (Bakı, 2002) kapitan Bahadır bəy Vəkilovun şücaəti haqqında məlumat verib. Onun yazdığından məlum olur ki, Bahadır bəy 1889-cu ildə martın 24-də Qazaxda zadəgan ailəsində doğulub. İlk təhsilini Tiflisdə birinci kişi gimnaziyasında alıb. 1918-ci ildə mayın 15-də yeni yaranan Müsəlman korpusuna könüllü daxil olub. Həmin ilin sentyabr ayından piyada qoşunlarında kiçik yunker, böyük yunker zabitlərində xidmət edib. 1918-ci il noyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə şəhərindəki praporşiklər məktəbini birinci dərəcə ilə bitirib və elə məktəbin özündə rota komandiri kimi vəzifədə çalışıb. Həmin ilin mart ayında cəsur zabit Bahadır bəy Vəkilov üçüncü Gəncə süvari alayının tərkibində Naxçıvana, Şərq-Qərb cəbhəsinə ezam olunub. Bu gənc zabit Ordubadın müdafiəsində elə qəhrəmanlıqlar göstərir ki, Naxçıvan və Şərur qəzasının komandanı III Kalbalı xan Naxçıvanski Bahadır bəyin döyüşlərini çox yüksək qiymətləndirir. O, 1919-cu il mayın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərargah rəisinə göndərdiyi raportda praporşik Bahadır bəy Vəkilovun qəhrəmanlığı haqqında yazır: "Martın 17-də Yaycı kəndində hücum edən səksən nəfərlik İran quldur dəstəsi yerli əhalinin 275 iribuynuzlu mal-qarasını oğurlamışdı. Praporşik Vəkilov mənim əmrimlə 30 nəfər süvari dəstə ilə onların dalınca gedib quldurları Araz sahilində yaxalamışlar. Güclü döyüşlərdən sonra mal-qara geri alınmış və on beş nəfər quldurun meyiti Araz sahilində qalmışdır. Martın 26-da Parağa kəndinə hücum edən ermənilər 200 iribuynuzlu mal-qaranı aparmışlar və 7 müsəlman kəndlisini öldürmüşlər. Səhərisi erməni kəndini süvari dəstəsi ilə mühasirəyə alan praporşik Vəkilov tələb etmişdir ki, mal-qara qaytarılsın və cinayətkarlar cəzalandırılmaq üçün bizə verilsin. Lakin ermənilər atəşlə cavab vermişlər. Praporşik Vəkilovun cəld və bacarıqlı komandanlığı sayəsində üç saatlıq döyüşdən sonra ermənilər mal-qaranı və cinayətkarları qaytarmışlar. Döyüşdən sonra məlum olur ki, praporşik Vəkilovun 3 əsgəri yaralanmışdır.
Aprelin 10-da ermənilərin "qəhrəmanı" Andronik danışıqlardan sonra Gorusdan Ordubadın 25 kilometrliyindəki Kapçevan kəndinə gəldi. Nizami erməni dəstəsi Ordubadın ayrı-ayrı kəndlərini zəbt etmək üçün Nüsnüs kəndinə hücum etdi. Praporşik Vəkilovun bacarıqlı döyüş əməliyyatı sayəsində Nüsnüs kəndi ermənilərdən təmizləndi. Digər müsəlman kəndləri də erməni hücumundan xilas oldu.
Aprelin 15-də ermənilərin nizami hərbi dəstəsi Ordubadın səkkiz verstliyindəki darvazaya yenidən hücum etdi. Erməni hərbi dəstəsinin güclü qüvvə ilə hücum etməsinə baxmayaraq, 5 saatlıq ara verməyən döyüşdə düşmənin əksər qüvvəsi məhv edildi, qalanları isə qaçmağa məcbur oldu. Bu döyüşdə praporşik Vəkilov Bahadır bəyin yeddi əsgəri həlak oldu, on iki nəfər isə yaralandı.
Bütün göstərilənlərdən sonra xahiş edirəm ki, üçüncü Gəncə süvari alayının praporşiki Bahadır bəy döyüşlərdə yüksək səviyyədə komandanlıq etdiyinə və qəhrəmanlığına görə ona podporuçik rütbəsi verilsin".
1919-cu il yanvarın axırlarında mübahisə doğuran məsələlərlə yaxından tanış olmaq məqsədilə İrəvan quberniyası müsəlmanlarının həmyerlilər cəmiyyətinin nümayəndəsi Mirabbas Mirbağırov Azərbaycan Xalq Cümhuriyyətinin tapşırığı ilə Naxçıvana gəldi. O, Gəncədə olarkən Naxçıvan Araz-Türk Respublikasına kömək üçün göndərilən 12 zabit də Mirbağırovla birlikdə Naxçıvana yola düşdülər. Həmin zabitlərdən birinin familiyası Ququşov sənədlərdə qeyd edilib. Yəqin ki, zabitlərə rəhbərliyi Ququşov edirmiş. Çünki hərbi nazirin 1919-cu il 4 yanvar tarixli əmri ilə Hüseyn bəy Ququşov (2-ci piyada alayının komandiri təyin edilmişdi. Sənədlərdə onun hərbi rütbəsinin podpolkovnik olduğu qeyd olunub. Ehtimal ki, polkovnik rütbəsini sonralar alıb. III Kalbalı xan Naxçıvanski, 12 nəfər hərbçi zabiti də səmimi qarşılamışdı. Ona görə ki, Naxçıvanın müdafiəsində iştirak etməyə gəlmişdilər. Amma 1919-cu il mayın 16-da Azərbaycanın İrəvandakı diplomatik nümayəndəsi Təkinski Azərbaycan hökumətinə xəbər verirdi: "İngilislərin əmri ilə bizim zabitlər Naxçıvanı tərk etdilər". Bu işlərin başında ingilislərin briqada generalı Devi və ermənilərin baş naziri Q.Xatisov (Xatisyan) dururdu. General Devi sözdə ingilislər adından deyirdi ki, Naxçıvan Azərbaycanın bir hissəsidir. Hətta maliyyə və silah da vəd edirdilər. Amma Naxçıvanın daşnak Ermənistanına verilməsi üçün var gücləri ilə çalışırdılar. Bu işdə onlara imkan vermək istəməyən III Kalbalı xanı zərərsizləşdirmək üçün onun əleyhinə işləyəcək adamlar da hazırlayırdılar. III Kalbalı xan və digər Naxçıvanskilər bütün bunları yaxşı bilirdilər və III Kalbalı xanın Naxçıvandan başqa yerə dəyişdirilməsinə imkan vermirdilər. Bəzi şəxsləri çıxmaqla naxçıvanlılar hamısı igid sərkərdə III Kalbalı xana inanır və onun əmrlərini can-başla yerinə yetirirdilər ki, Naxçıvan erməni daşnaklarının tapdağı altında qalmasın.
Qeyd edək ki, 1920-ci ilin martında Qarabağda daşnak erməni qiyamının yatırılmasında Hüseyn bəy Ququşovun və III Kalbalı xanın kiçik qardaşı Cəmşid xan Naxçıvanskinin komandirlik etdiyi alaylar birlikdə iştirak etmişdilər.
III Kalbalı xan Naxçıvanskinin komandirliyi ilə naxçıvanlı döyüşçülər Şərur döyüşlərində, Qurd qapısında, Dəhnə boğazında, Quşçu Dəmirçi, Maxta kəndləri yaxınlığında aparılan qızğın döyüşlərdə erməni quldurlarını igidliklə darmadağın etmişlər. Bu döyüşlərdə Yengicə taboru, Şərur batalyonu da igidlik göstərmişdir. Bu gün də şərurlular igid zabitlər Yengicə taborunun komandiri Məşədi Ələsgər Həmzəyevi və Şərur batalyonunun komandiri Kərim xan İrəvanskini (Kalbalı xanın dayısı - müəllif) hörmətlə anırlar. III Kalbalı xanın Şərurda, Şahbuzda, Ordubadda, Naxçıvanda və Şahtaxtıda, Zəngəzurun Bazar çayı kənarındakı Əngələvid kəndində apardığı döyüşlər haqqında əvvəllər yazmışıq. Elə döyüşlər olub ki, qoşunlarımızın mühasirəyə düşmək təhlükəsi olanda Naxçıvana köməyə gəlmiş türkiyəli hərbçi Xəlil bəy Kalbalı xanı həmin döyüş yerlərinə göndərmişdir. Kalbalı xan isə yüksək məharətlə döyüşçülərimizi mühasirədən çıxarıb. Burada döyüş bacarığı və hərbi istedadı köməyə gəlib. Həm də Naxçıvan dağlarındakı hərbi gediş üçün dağ cığırlarını yaxşı tanıdığından döyüş yerinə lazım olan vaxtda özünü çatdırırmış. Məsələn, 24 noyabr 1919-cu ildə Zəngəzurun Əngələvid kəndi ətrafında Naxçıvan qoşunları ilə daşnak ermənilər arasında gərgin döyüşlər başladı. Naxçıvanlılar 3 erməni kəndini ələ keçirirlər. Azərbaycan hökuməti köməyə qoşun göndərmişdi. Türkiyəli tarixçi S.Atnur bu döyüş haqqında ətraflı yazıb. O, Türkiyə Hərbi Arxivindən (ATASE-dən) tapdığı sənədə əsasən qeyd edir ki, Naxçıvandan alınan bir kəşfiyyat məlumatında Əli paşa Şıxlinskinin başçılıq etdiyi Azərbaycan ordusunun ermənilərlə çox ciddi vuruşmadığı (orada qeyd edilib ki, Əli ağaya yuxarıdan belə tapşırıq verilibmiş) və buna görə də bir çox əsgərin edam edildiyi, bir hissəsinin erməni tərəfinə keçdiyi bildirilirdi. Baş verənlərdən xəbəri olmayan Naxçıvan qüvvələri tam əsir düşmək zamanında yüksək döyüş fəndləri göstərərək mühasirədən çıxa bilmişdilər. Qoşun Kalbalı xanın bacarığı sayəsində ermənilərə əsir düşməmişdir. Bu işdə ona Keçili kəndinin atlı dəstələri kömək etmişdilər. Yerindəcə qeydə edək ki, Keçili kəndi Şahbuz dağlarında yerləşir və çox qədimdən əhalisi də kəngərlilərdir. Bu kəndin bacarıqlı, cəsur döyüşçüləri olub. Tariximizdə Keçili kəndinin atlı (süvari) dəstələrinin hünəri indiyədək yaşamaqdadır. Təəssüf ki, Keçili atlı dəstəsinin fəaliyyəti dərindən araşdırılmayıb. Bir az irəli getsək, Sovet hökumətinin sərt tədbirlərlə apardığı kollektivləşmə illərində quruluşa qarşı döyüşən Qaçaq Quşdan III Kalbalı xan Naxçıvanskinin çox ehtiram bəslədiyi yeniyetmə döyüşçülərdən olub. O, Qaçaq Quşdanı şəxsən yaxşı tanıyırdı. Çünki arxiv sənədinə görə, Keçili kəndindən olan Quşdan Kəngərli tayfasındandır və onun atası, məşhur döyüşçü Məhərrəm Cəfərqulu xan Naxçıvanskinin baş sərkarı olub.
1920-ci il martın 21-də, Novruz bayramı gecəsi daşnak quldur qoşunları bütün sərhəd boyunca hücuma keçdilər. Azğın düşmənin hücumunun qarşısını almaq üçün Naxçıvan müdafiəçiləri dörd birləşmiş dəstə yaratdılar. Şahbuzun Kolanı hissəsində qoşunlara III Kalbalı xan Naxçıvanski komandanlıq edirdi. Kitablarda Kolabad yazılsa da, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivindəki sənəddə Kolanı yazılıb. Araşdırmalar da bunu təsdiqləyir. Bazalt qayalar arasında çox gərgin döyüş olub. Bu döyüşdə Naxçıvan qoşunları azğın düşməni məğlub edib, Yelli Gədiyə kimi qovalayıblar. Bu döyüşdə Keçili süvari dəstəsi də Kalbalı xanın qoşunlarının tərkibində düşmənlə vuruşurdu.
Qayıdaq əvvəlki mətləbə. Əngələvid döyüşündəki vəziyyətə görə Kalbalı xan incimişdi. Bundan istifadə edən, onu özünə rəqib sayan Cəmillinski Bakıya məlumat vermişdi ki, Kalbalı xan Xəlil bəyə elan edib ki, ACX-in müstəqilliyi zahiridir, AXC Zəngəzuru almaq və Naxçıvanı respublika ilə birləşdirmək üçün yol açmaq iqtidarında deyildir, guya AXC "yerli naxçıvanlı müsəlmanları aldadır" və sair. Məsələ məlumdur. Bunların hər ikisi Kalbalı xanı özlərinə rəqib bilir və onun ətrafında söz-söhbətlər yaradırdılar. Amma Kalbalı xan bilirdi ki, o, Naxçıvana bu çətin illərdə çox lazımdır və hər şeyə səbrlə dözürdü. Ona görə də məsələləri hərtərəfli və dərindən araşdırmayan bəzi müəlliflər tariximizdə olan şəxsiyyətləri - Kalbalı xanı, Xəlil bəyi və Cəmillinskini qarşı-qarşıya qoymaq məqsədini güdməsinlər. Çünki bunların üçünün də Naxçıvanın daşnaklardan müdafiə olunmasında danılmaz xidmətləri var. Ən böyük, danılmaz xidmət isə III Kalbalı xan Naxçıvanskiyə məxsusdur. Heç təsadüfi deyil ki, məşhur türkiyəli general Veysəl Ünüvar "Kurtuluş savaşında bolşeviklərlə sekiz ay (1920-1921)" əsərində (İstanbul, 1997) III Kalbalı xan Naxçıvanskiyə yüksək qiymət vermişdir. O yazır: "Mən, vali Qarabəy, nazir və baş komandan gənc, odlu, cəsur bir adam olan Kalbalı xan".
III Kalbalı xan haqqında həqiqətləri yazmaq üçün 1918-1920-ci illərdə gedən hərbi əməliyyatlarda, Naxçıvan şəhərinin və bölgənin daxili asayişində Kalbalı xanın fəaliyyəti dərindən tədqiq olunmalıdır. Naxçıvanda olan siyasi təşkilatların bir-birini əvəz etməsinə baxmayaraq, Kalbalı xanı həmişə bir məsələ düşündürüb: doğma Naxçıvan diyarını, nəyin bahasına olursa olsun, erməni quldurlara verməmək! Bu əzmlə qətiyyətlə döyüşüb qəhrəman sərkərdəmiz! Biz bilərəkdən yazırıq ki, Cəfərqulu xan 1918-1920-ci illərdə Naxçıvanda olan siyasi hökumətlərin hamısına (bəzən rəsmi olmasa da) başçılıq edib. Bu, həqiqətdir. Çünki Milli Şuraya, Komitəyə və Naxçıvan Araz-Türk Respublikasına başçılıq edənlər hər məsələdə onunla məsləhətləşirdilər. O, Naxçıvanda söz sahibi idi. Əsas səbəb isə Cəfərqulu xanın məşhur bir hərbçi olması ilə bağlıydı. Və naxçıvanlıların onu ürəkdən sevməsi, inanmağı idi.
III Kalbalı xanla axtarışlarımıza son nöqtəni qoymuruq. Çünki belə bir cəsur, odlu-alovlu, vətənpərvər, qeyrətli, mahir süvari döyüşçü Kalbalı xana mənəvi borcumuz var. Biz də onun kimi doğma Naxçıvanı, əziz vətənimiz Azərbaycanı sevməli, qorumalı və bunu gənclərimizə öyrətməliyik.
Musa Quliyev
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet